PDF Oxu

Siyasət

  • 37

Cənubi Qafqazda vəziyyət dəyişir

İlham Əliyev: "Azərbaycan öz ərazi bütövlüyünü bərpa edəcək"

Cənubi Qafqazda vəziyyət dəyişir

Hazırda Cənubi Qafqazda durum kifayət qədər mürəkkəb və gərgindir. Regional münaqişələr hələ də öz həllini gözləyir. 5 il bundan əvvəl Rusiya-Gürcüstan müharibəsi nəticəsində yaranan, müstəqilliyi yalnız rəsmi Moskva tərəfindən tanınan Abxaziya və Cənubi Osetiya məsələsi bu gün də regionun prioritet problemi olaraq qalmaqdadır.

Düşmən mövqeyindən əl çəkmir

Rusiyada düşünürlər ki, Saakaşvilinin parlament seçkilərində məğlubiyyətindən sonra Rusiya-Gürcüstan münasibətlərində müəyyən normallaşma potensialı meydana çıxıb. Lakin təbii ki, bunu çox şişirtməyə ehtiyac yoxdur, çünki Rusiya Cənubi Osetiya və Abxaziyanın müstəqilliyini tanımaqdan imtina etməyə hazır deyil. Bundan başqa, Rusiya-Gürcüstan münasibətlərini, məhdud da olsa, normallaşmaq şansı Rusiya ilə Qərb arasında ziddiyyətlərin artması, mövcud qalmaqallar fonunda istifadə olunmaya da bilər.

21 ildir davam edən Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi istiqamətində də vəziyyət yaxşı heç nə vəd etmir. Ermənilərin son vaxtlar cəbhədə tez-tez atəşkəsi pozması, ölkə rəhbərliyinin Azərbaycana qarşı təhdid dolu bəyanatlar səsləndirməsi rəsmi Yerevanın hələ də tutduğu qeyri-konstruktiv mövqeyindən əl çəkmədiyini göstərir. Təkcə bu ilin mart ayında cəbhə xəttində Ermənistan Silahlı Qüvvələri tərəfindən atəşkəs rejimi 136 dəfə pozulub.

Qərbin regiondakı nüfuzu

Rusiya rəhbərliyi Cənubi Qafqazda hansı güclərin nə kimi maraqlarının olduğunu, hansı rəqabətin getdiyini çox gözəl anlayır. Rəsmi Moskva dərk edir ki, Rusiya bölgədə nüfuzdan düşəcəyi təqdirdə, burada söz sahibi olmaq istəyən ABŞ, ya da Rusiyanın digər geosiyasi rəqibləri bundan maksimum istifadə edəcək. Ermənistan Rusiyanın forpostu olsa da, rəsmi Moskva bununla kifayətlənmir. Çünki bu, Rusiya üçün Cənubi Qafqaz siyasətində "təkayaqda" qalmaq kimi bir şeydir. Bu məqsədlə Gürcüstanda sırf qərbyönümlü siyasət yürüdən Mixeil Saakaşvilinin hakimiyyətinin zəifləməsi, Rusiyapərəst siyasətçi kimi tanınan Bidzina İvanişvilinin geniş səlahiyyətlərlə hökumət başına gəlməsi də Rusiyanın mövqelərinin güclənməsinə hesablanmış addım hesab etmək olar.

Rusiya son aylarda davamlı olaraq Qafqazda hərbi qüvvələr toplayır, Ermənistanda hərbi gücünü artırır. Rusiya qoşunlarının 2007-ci ildə Gürcüstandan çıxarılması, daha sonra Rusiyanın Qəbələ RLS-i tərk etməsi rəsmi Moskvanın Ermənistanda olan hərbi gücünü daha da qüvvətləndirməyə sövq edib. Digər tərəfdən Ermənistan təkcə Azərbaycanla deyil, həm də İranla həmsərhəddir. Qərbin İranla mümkün müharibə ehtimalı və Yaxın Şərqdə baş verənlər, Suriya böhranı Gümrüdəki Rusiya hərbi bazasının Moskva üçün əhəmiyyətini daha da artırır.

Qərbin isə regionda nüfuzu zəifləməkdə davam edir. Bunu Qərbdəki iqtisadi böhranlarla da bağlayanlar var. Böhranlarla bacara bilməyən Qərb, eləcə də, ABŞ-ın özü də əvvəlki kimi Qafqazda maraq dairələrinin güclənməsinə çox da cəhd göstərmir.

Təzyiqlər nəticəsiz qalır

Bütün bu siyasi proseslər, onu deməyə əsas verir ki, Cənubi Qafqazda yeganə müstəqil siyasət yürüdən dövlət Azərbaycandır. Azərbaycan iqtisadi cəhətdən özünü tam şəkildə təmin edən, kifayət qədər hərbi və iqtisadi qüdrətə, siyasi sabitliyə malik dövlətdir. Azərbaycan iqtisadiyyatı regionda ən böyük iqtisadiyyatdır və Cənubi Qafqazda mərkəzi iqtisadi rolu artmaqda davam edir.

Rusiya isə əlində olan rıçaqlardan istifadə edərək, Azərbaycana təzyiqlər göstərir. Məsələn, Rusiya Ermənistanda Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatının Akademiyasını yaradır, Ermənistanı silahlandırmaqda davam edir. Rusiya, eyni zamanda, son dövrlər tez-tez Azərbaycanın yenidən Avrasiya İttifaqına üzvlük məsələsini gündəmə gətirir. Azərbaycan bu quruma üzvlükdən imtina etdiyini açıqlasa da, şimal qonşumuz açıq şəkildə olmasa da, müəyyən vasitələrlə bu işdə israrlı olduğuna diqqət çəkir. Ekspertlər bunları Azərbaycana növbəti təzyiq kimi qiymətləndirir.

Son vaxtlar Rusiya-Azərbaycan münasibətlərində gərginliyin olduğu söylənilsə də, əslində, hər iki ölkənin normal münasibətlərin davam etdirilməsi üçün kifayət qədər səbəblər var. Məsələn, Rusiya üçün Azərbaycan qaz ehtiyatları olan ölkədirsə, Azərbaycan üçün Rusiya - qeyri-karbohidrogen məhsullarının satış bazarıdır. Digər diqqətçəkən məqam isə rəsmi Moskvanın Dağlıq Qarabağ münaqişəsinin çözülməsi istiqamətində beynəlxalq vasitəçilərdən (daha dəqiq desək, əsas vasitəçi) biri olmasıdır. Çünki Kremldə verilən hər bir qərar Ermənistanda çox güclü təsir gücünə malikdir.

Ermənistan ildən-ilə tənəzzülə uğrayır

Gürcüstanda bundan sonra gedəcək siyasi prosesləri proqnozlaşdırsaq xəttin yenə də Rusiyaya doğru istiqamətlənəcəyini müəyyənləşdirmək olar. Ermənistan isə, demək olar ki, heç bir müstəqilliyə malik deyil və bu ölkədə siyasi və iqtisadi böhran günü-gündən dərinləşir.

Prezident İlham Əliyevin qeyd etdiyi kimi, bölgədə qüvvələr nisbəti də artıq Azərbaycanın xeyrinə dəyişib: "Bu gün Azərbaycan dünya miqyasında ən sürətlə inkişaf edən ölkədir. Ermənistan isə ildən-ilə tənəzzülə uğrayır. Bizim əhalimiz artır - artıq 9 milyon 300 min nəfərdir. Ermənistanın əhalisi hətta onların rəsmi statistik məlumatlarına görə, ildə təxminən 100 minə qədər azalır. Ona görə, mən deyəndə tam əminəm ki, Azərbaycan ərazi bütövlüyünü bərpa edəcək, bu amillərə əsaslanıram. Eyni zamanda, mən də, hər birimiz də çox istəyirik ki, bu məsələ tezliklə həllini tapsın. Biz çox istəyirik təxirəsalınmaz tədbirlər görülsün ki, işğala son qoyulsun. Əfsuslar olsun ki, dünyada mövcud olan ikili standartlar, ikili yanaşma məsələnin həllinə imkan vermir".

Dövlət başçısı İlham Əliyev vurğulayıb ki, Dağlıq Qarabağ, eləcə də, hazırda işğal altında olan bütün torpaqlar əzəli və tarixi Azərbaycan torpaqlarıdır: "Azərbaycan öz ərazi bütövlüyünü bərpa edəcək".

Cabir

Digər xəbərlər