Aprelin 4-də Bakıda Prezident Administrasiyasının və "The Business Year" jurnalının təşkilatçılığı ilə nəşrin "Azerbaijan-2013" xüsusi buraxılışının ("The Business Year-Azerbaijan 2013") təqdimat mərasimi keçirilir.
AzərTAc xəbər verir ki, tədbirdə Azərbaycanın dövlət və hökumət rəsmiləri, Milli Məclisin deputatları, KİV-lərin və ictimaiyyətin nümayəndələri iştirak edirlər.
Jurnalın ölkə meneceri Bətul Çakaloğlu Azərbaycana həsr edilən növbəti buraxılış barədə iştirakçılara məlumat vermişdir. O bildirmişdir ki, Böyük Britaniyanın nüfuzlu "The Business Year" jurnalı Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevi dünyada "İlin adamı" elan etmişdir.
B.Çakaloğlu Prezident İlham Əliyev "İlin adamı" mükafatına son beş ildə Azərbaycanın dinamik inkişafına, dünyanın geosiyasi məkanında fəal iştirakına, BMT-nin Təhlükəsizlik Şurasının üzvü kimi qlobal arenada sülh və təhlükəsizliyin təmin olunmasına, "Azərspace" ilk telekommunikasiya peykinin orbitə buraxılması ilə Azərbaycanda, bölgədə və dünyada internetin, informasiya-kommunikasiya texnologiyaları sektorunun inkişafına verdiyi önəmli töhfələrə, Azərbaycanın mühüm beynəlxalq ictimai, siyasi, iqtisadi, humanitar forumların, konfransların, idman yarışlarının keçirildiyi mərkəzə çevrilməsindəki xidmətlərinə görə layiq görüldüyünü demişdir.
B.Çakaloğlu xüsusi buraxılışın ərsəyə gəlməsində kömək göstərmiş Prezident Administrasiyasının ictimai-siyasi məsələlər şöbəsinə və digər qurumlara təşəkkürünü bildirmişdir.
Mərasimdə çıxış edən Prezident Administrasiyasının ictimai-siyasi məsələlər şöbəsinin müdiri Əli Həsənov üçüncü ildir ki, bu jurnalın xüsusi buraxılışının Azərbaycana həsr olunduğunu bildirmişdir. Şöbə müdiri "The Business Year" kimi nüfuzlu bir jurnalın xüsusi buraxılışının üçüncü dəfə ölkəmizə həsr olunmasını əhəmiyyətli hadisə kimi qiymətləndirmişdir. Əli Həsənov ölkəmizin dünyanın diqqət mərkəzində olduğunu vurğulamış, Azərbaycanın dünyada sabit bir ölkə kimi yerini tutduğunu demişdir.
Əli Həsənov bu dərginin dünyanın 100 mindən artıq müxtəlif strukturlarında yayıldığını və bununla da böyük oxucu auditoriyasının Azərbaycan haqqında məlumat almaq imkanının yarandığını bir daha diqqətə çatdırmış, jurnalın kollektivinə təşəkkürünü bildirmişdir.
AzərTAc