Aprelin 5-də Bakıda Yeni Azərbaycan Partiyasının ev sahibliyi ilə Asiya Siyasi Partiyaları Beynəlxalq Konfransının (ICAPP) Daimi Komitəsinin Qadınlar Qolunun ilk iclası işə başlamışdır.AzərTAc xəbər verir ki, aprelin 6-dək davam edəcək ICAPP-ın Daimi Komitəsinin Qadınlar Qolunun ilk iclasından məqsəd geniş potensiala və resurslara malik olan Asiyanın siyasətçi qadınlarının bir araya gələrək qitənin gələcək inkişafında, bölgədə sülhün, əmin-amanlığın və davamlı inkişafın əldə olunmasında onların əməkdaşlığının qurulmasıdır.Milli Məclisin deputatı Məlahət İbrahimqızı iclası açıq elan etdi.
İCAPP Daimi Komitəsinin sədri Jose de Venesia Bakıda qurumun Qadınlar Qolunun ilk iclasının keçirilməsini tarixi hadisə adlandıraraq, YAP-ın timsalında ev sahibi olan Azərbaycana minnətdarlığını bildirmişdir. O demişdir ki, biz hazırda Asiya əsrinin başlanğıc mərhələsini, eyni zamanda, qadın əsrini yaşayırıq. Həyata keçirilməsi vacib olan bir çox mühüm vəzifələr vardır. Asiya Parlamentinin yaradılması da bu işdə önəmli rol oynaya bilər.
İlk iclasını Bakıda keçirən ICAPP Daimi Komitəsi Qadınlar Qolunun uğurlu fəaliyyətinə inamını ifadə edən YAP-ın sədr müavini – icra katibi Əli Əhmədov qadınların siyasi proseslərdə iştirakının siyasətə yeni bir məzmun, yeni görünüş gətirəcəyini vurğulamışdır. Bildirilmişdir ki, siyasi prosesə nə qədər çox qadın qoşularsa, siyasət o qədər humanist, insanpərvər, bəşəri dəyərləri daha çox özündə ehtiva etmiş olar. Ülvi, nəcib, təmiz duyğuların təcəssümü olan qadınlar siyasətdə fəallıq göstərərlərsə, bəşəriyyətin qlobal problemlərinin, münaqişələrin həllində xüsusi rol oynaya bilərlər. İnanıram ki, Asiya ölkələrinin fəal qadınları bu ümidləri doğruldacaqlar.
Hesab edirəm ki, Qadınlar Qolunun ilk iclasının Bakıda keçirilməsi heç də təsadüfi deyildir. Çünki ölkəmizdə siyasi proseslərdə qadınlar xüsusi fəallıq göstərirlər. Onlar öz fəallıqları ilə ölkəmizin inkişafına töhfələrini verirlər. Asiya qadınlarının fəallaşmasına da çox böyük ehtiyac vardır. Bu qitənin qarşısında duran böyük məsələlərin həllini qadınların iştirakı olmadan reallaşdırmaq mümkün deyildir. Asiya əzəmətli, möhtəşəm dəyişikliklər ərəfəsindədir. XXI əsrin Asiya əsri kimi tarixə düşməsində, eləcə də digər mühüm problemlərin həlli prosesində qadınların iştirakı çox mühümdür.
Ə.Əhmədov bildirmişdir ki, bu gün Bakıda İCAPP-ın Qadın Qolunun təsisatlanmasına, strukturlaşmasına ehtiyac vardır. Bu danışıqlarda bir təşkilat komitəsi yaradıla bilər ki, gələcəkdə Seulda keçiriləcək toplantıda qurumun fəaliyyətini təmin etmiş olsun. Çünki rəhbərliyin, xüsusi adamların seçilməsi vacibdir ki, Qadınlar Qolu təşkilatlanaraq proseslərdə önəmli rol oynaya bilsinlər.
Keçirilən iclasın Asiya qitəsində siyasi proseslərdə insanpərvərliyin, humanizmin daha da güclənməsinə, inkişafa öz töhfəsini verə biləcəyini deyən Ə.Əhmədov iştirakçılara işlərində uğurlar arzulamışdır.
İlk dəfə keçirilən bu tədbirdə 25 ölkənin siyasi partiyalarını təmsil edən 60-dən çox qadın siyasətçi, bir sıra beynəlxalq təşkilatların təmsilçiləri iştirak edirlər.
AzərTAc