"Fransa Azərbaycanın suverenliyini, ərazi bütövlüyünü tanıyır, Dağlıq Qarabağı müstəqil qurum kimi tanımır və Dağlıq Qarabağı Azərbaycanın bir bölgəsi kimi tanıyır". SİA-nın məlumatına görə, bunu jurnalistlərə açıqlamasında Fransa parlamentində qondarma "Dağlıq Qarabağ parlamenti" ilə dostluq qrupunun yaradılmasına dair yayılan məlumatlara münasibət bildirərkən səfir Paskal Monye deyib.
Onun sözlərinə görə, dostluq qrupunun yaradılması doğru məlumat deyil: "Bu rəsmi dostluq qrupu deyil, sadəcə bir neçə parlament üzvünün fərdi təşəbbüsüdür. Həmin şəxslər bu addımı fərdi şəkildə atıblar".
Səfir həmin qurumun rəsmi şəkildə mövcud olmadığını vurğulayıb: "Əlbəttə ki, Fransda fikir azadlığına hörmətlə yanaşılır, hər kəsin sərbəst şəkildə öz fikirini bildirmək hüququ var. Baxmayaraq ki, mən həmin dostluq qrupu təklifini irəli sürən şəxsləri tanıyıram, onlara hörmətim var, amma bu heç də o demək deyil ki, bu, Fransanın rəsmi mövqeyidir. Bu, qətiyyən belə deyil".
Səfir onu da qeyd edib ki, Azərbaycan və Fransa arasında dostluq qrupu mövcuddur və bu qrupun geniş fəaliyyəti hiss olunur.
sia.az