PDF Oxu

Siyasət

  • 16

İlham Əliyev: “Hazırda biz neft gəlirlərini insan kapitalına çeviririk”

İlham Əliyev: “Hazırda biz neft gəlirlərini insan kapitalına çeviririk”

Aprelin 8-də Bakıda "Cənubi Qafqazın və Mərkəzi Asiyanın gələcəyi ilə bağlı strateji dialoq" mövzusunda Dünya İqtisadi Forumu (Davos Forumu) işə başlayıb. Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və xanımı Mehriban Əliyeva Forumun açılışında iştirak ediblər.

Dünyanın diqqəti növbəti dəfə Azərbaycana yönəlmişdir. Son illərdə beynəlxalq tədbirlərə yüksək səviyyədə ev sahibliyi edən Bakı Dünya İqtisadi Forumunun iştirakçılarını qəbul etmişdir. Dünyanın iqtisadi vəziyyətini proqnozlaşdıran tanınmış iqtisadçılar, ekspertlər, dövlət və hökumət nümayəndələri bir araya gələrək, bəşəriyyəti narahat edən mühüm iqtisadi məsələləri müzakirə etmək üçün mərkəz kimi məhz Bakını seçmişlər.

Dünya İqtisadi Forumunun Bakıda keçirilməsi barədə ümumi razılıq yanvarın 23-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin Davosda Dünya İqtisadi Forumunun təsisçisi və icraçı sədri Klaus Şvab ilə görüşündə əldə edilmişdir. Açılış mərasimində çıxış edən Klaus Şvab Bakıda keçirilən Dünya İqtisadi Forumunun Cənubi Qafqaz və Mərkəzi Asiyanın gələcəyi baxımından mühüm əhəmiyyət daşıdığını dedi, tədbirin yüksək səviyyədə təşkilinə görə Prezident İlham Əliyevə minnətdarlığını bildirdi. İyirmi il əvvəl Azərbaycanda olduğunu deyən Klaus Şvab ötən müddətdə ölkənin ciddi nailiyyətlər əldə etdiyini, Bakıda böyük dəyişikliklərin baş verdiyini diqqətə çatdırdı. "Forumun Azərbaycanda keçirilməsi bizim üçün qürurdur", - deyən Klaus Şvab ölkəmizin iqtisadiyyatının şaxələndirilməsi, təbii ehtiyatlardan səmərəli istifadə, Azərbaycanın informasiya-kommunikasiya texnologiyaları, maliyyə və tikinti sahələrində bir çox uğurlar qazandığını dedi.

Dünya İqtisadi Forumu ilə sıx əməkdaşlığına görə Prezident İlham Əliyevə minnətdarlıq edən Klaus Şvab bildirdi ki, Azərbaycan dövlətinin başçısı hər il Davos Forumunda iştirak edərək ölkəsinin və regionun iqtisadi potensialını yüksək səviyyədə təqdim edir. Klaus Şvab bu baxımdan Bakı Forumunun böyük önəm kəsb etdiyini vurğuladı: "Mən sizin hamınızı Cənubi Qafqaz və Orta Asiyanın gələcəyinə dair strateji dialoqa həsr edilmiş birinci Dünya İqtisadi Forumunda salamlamaqdan son dərəcə məmnunam. İcazənizlə, cənab Prezident, Sizə təşəkkür etmək istərdim. Azərbaycan Hökuməti tərəfindən lütfkarlıqla bu Forumun Bakı kimi gözəl şəhərdə təşkilinə görə təşəkkür etmək istərdim. İcazənizlə onu da qeyd etmək istərdim ki, sonuncu dəfə mən 20 il bundan əvvəl burada olmuşam. Həqiqətən deməliyəm ki, o vaxtdan bəri çox böyük dəyişikliklərin baş verdiyini müşahidə etdim. Bakı şəhəri həqiqətən çox gözəl bir məkana çevrilmişdir. Dünya İqtisadi Forumunun Azərbaycanda keçirilməsi bizim üçün bir qürurdur. Azərbaycan çox böyük imkanların olduğu bir ölkədir. Ümumiyyətlə son illər ərzində ölkədə çox böyük iqtisadi artım göstəriciləri qeydə alınmışdır. Bu, ilk növbədə, ölkənin müstəsna təbii resurs potensialının düzgün istifadəsi sayəsində mümkün olmuşdur. Eyni zamanda, bu nailiyyətlər həmin resurslardan ölkə iqtisadiyyatının şaxələndirilməsində uğurla və bacarıqla istifadə edilməsi sayəsində qazanılmışdır. Azərbaycan informasiya texnologiyaları, maliyyə, tikinti sahələrində çox qabaqcıl bir ölkədir. Qeyd etməliyik ki, region ölkələrinin heç biri potensialı təkbaşına reallaşdıra bilməz. Uzunmüddətli iqtisadi uğurlara nail olmaq üçün əməkdaşlıq zəruridir. Yəni, bu uğur yalnız təbii resurslardan asılı deyildir. Azərbaycanın nadir coğrafi mövqeyi, yüksək təhsil almış işçi qüvvəsi vardır. Buradakı sağlam mühit, ümumiyyətlə birgə iş və əməkdaşlıq çərçivəsində çox uğurlar əldə oluna bilər. Avropa qitəsinə, yaxud Asiya regionuna baxsaq, görərik ki, iqtisadi, sosial sahələrdə uğurlar əldə etmək üçün mütləq etibar və uzunmüddətli əməkdaşlıq şəraitində birgə səylər göstərilməlidir. Məhz buna görə də Dünya İqtisadi Forumu çox nadir bir format yaradır. Forumdan məqsəd sadəcə olaraq müəyyən görüşlərin keçirilməsi deyildir. Məqsəd uzunmüddətli təşəbbüslərə start verməkdir. Cənubi Qafqaz və Orta Asiya regionları üçün müəyyən ssenarilər təqdim olunur. Qarşıdan gələn 18 ay ərzində bu proseslər davam edəcəkdir. Regiondan və region xaricindən olan aparıcı şəxslər bu prosesə cəlb ediləcəklər. Məqsəd regional iqtisadi inteqrasiyaya nail olmaqdır.

Regionun uzunmüddətli gələcəyi üçün müxtəlif ssenarilər yaradılır. Məqsəd regionun nadir evalusiya potensiallarını araşdırmaq və müxtəlif alternativ ssenariləri nəzərdən keçirməkdir. Bu gün biz bu prosesi başlayırıq. Məqsəd regionun nadir imkanlarını aşkar etməkdir." Sonra Dünya İqtisadi Forumu tərəfindən hazırlanmış Cənubi Qafqaz və Mərkəzi Asiya regionlarının iqtisadi inkişaf potensialına həsr edilmiş videoçarx nümayiş olundu. Videoçarxda Azərbaycan iqtisadiyyatının uğurlarına və potensialına xüsusi yer ayrılmışdı.

Daha sonra müzakirələrin hansı istiqamətdə aparılması ilə bağlı səsvermə keçirildi. Regionun gələcəyinə dair sorğuda pərakəndəlik, inteqrasiya və qütbləşmə ilə bağlı 3 bənd yer aldı. Səsvermə zamanı tədbir iştirakçıları müzakirələrin inteqrasiya mövzusunda keçirilməsi fikrində yekdil oldular. Forumda çıxış edən Prezident İlham Əliyev indiyədək Dünya İqtisadi Forumunda 7 dəfə iştirak etdiyini bildirdi. Dövlətimizin başçısı Azərbaycanın sosial-iqtisadi inkişafı barədə məlumat verərək qeyd etdi ki, Azərbaycan müstəqilliyin ilk illərində ciddi böhran mərhələsindən keçsə də 1993-cü ildən sonra uğurlu enerji siyasətinin əsasını qoydu və çətin vəziyyətdən çıxmağı bacardı. Ölkənin enerji sektoruna böyük sərmayələr qoyuldu, daha sonra karbohidrogen ehtiyatlarının hasilatına və şəxələndirilmiş nəql sisteminin yaradılmasına başlandı. Hazırda ölkəmizin karbohidrogen ehtiyatlarının dünya bazarına çıxarılması üçün 7 nəql marşrutu mövcuddur. Prezident İlham Əliyev məhz bu amilin Azərbaycanın sürətli inkişafına böyük təsir göstərdiyini diqqətə çatdırdı və bunu konkret rəqəmlərlə izah etdi. Son illərdə ölkədə təhsil sektorunun inkişafının diqqət mərkəzində saxlandığını bildirdi. Prezident İlham Əliyev dedi ki, biz ölkəmizin enerji zənginliyini insan kapitalına yatırırıq ki, bu sahədə də əsas məsələ təhsildir. Bu ilin fevralında peykimizin uğurla orbitə buraxıldığını vurğulayan dövlətimizin başçısı Azərbaycanın artıq azsaylı kosmos ölkələrindən olduğunu qeyd etdi. Azərbaycanda sağlam investisiya mühitinin olduğunu bildirən Prezident İlham Əliyev uğurlu əməkdaşlıq çərçivəsində həyata keçirilən nəhəng layihələdən danışdı, Bakı-Tbilisi-Qars dəmir yolu və TANAP layihələrinin region üçün əhəmiyyətinə toxundu. Prezident İlham Əliyev qeyd etdi ki, Azərbaycan Avropa İttifaqı ilə enerji sahəsində çox uğurlu əməkdaşlıq edir. Mərkəzi Asiya ölkələri ilə Azərbaycan arasında gələcəkdə daha da sıx inteqrasiya qurmağın əhəmiyyətindən danışan dövlətimizin başçısı Bakı Forumunun bu sahədə mühüm nəticələr əldə etməyə imkan verəcəyinə ümidvar olduğunu bildirdi: "Bizim çox əlverişli coğrafi mövqeyimiz vardır. Lakin infrastruktur olmadan bu mövqenin böyük əhəmiyyəti yoxdur. Təbii sərvətlərimiz vardır, karbohidrogenlərimizin nəql edilməsi üçün şaxələndirilmiş şəbəkə yaratmışıq. Çünki Azərbaycanın açıq dənizə çıxışı yoxdur. Buna görə də neft və qazımızı nəql etmək üçün boru kəmərlərini çəkməli idik. Bu, 1990-cı illərin sonunda və bu əsrin əvvəlində qarşımızda duran ən böyük vəzifələrdən biri idi. Bu vəzifə uğurla icra edildi. Hazırda bizim şaxələndirilmiş boru kəmərləri şəbəkəmiz vardır. Azərbaycanın neft və qazını beynəlxalq bazarlara və Avropa bazarlarına çıxaran 7 neft-qaz boru kəməri mövcuddur. Eyni zamanda, Azərbaycan karbohidrogenlərin nəqlində Xəzər dənizinin digər sahilində yerləşən tərəfdaşlarımız üçün tranzit rolunu oynamağa başlamışdır. Lakin son 10 il ərzində əsas məqsədimiz iqtisadiyyatın şaxələndirilməsi olmuşdur. Əgər Azərbaycanın iqtisadi inkişafına nəzər yetirsəniz görərsiniz ki, iqtisadiyyatımız son 10 ildə dünyada ən sürətlə inkişaf edən iqtisadiyyatlardan biri olmuşdur. Ümumi daxili məhsul 3 dəfə - 300 faiz, sənaye istehsalı 2,5 dəfə artmışdır. Biz işsizliyi azalda bilmişik, hazırda işsizliyin səviyyəsi 5,2 faizdir. On il əvvəl əhalimizin demək olar ki, yarısı yoxsulluq şəraitində yaşayırdı. Hazırda yoxsulluq səviyyəsi 6 faiz təşkil edir. Büdcə xərcləri demək olar ki, 20 dəfə artıb və inflyasiya isə təxminən 1 faiz səviyyəsindədir. Bu, son 10 il ərzində müşahidə olunan inkişafdır. Biz də əslində nailiyyətlərimizi Dünya İqtisadi Forumunun verdiyi qiymətdə görməkdən çox şadıq. Çünki Dünya İqtisadi Forumu iqtisadiyyatın rəqabətə davamlılığı baxımından Azərbaycanı 46-cı yerdə qərarlaşdırmışdır və bu sahədə ölkəmiz ardıcıl olaraq dördüncü ildir ki, MDB məkanında birinci yerdədir. Hətta iqtisadi və maliyyə böhranı zamanı iqtisadiyyatımız artmaqda davam etmişdir. Neftin qiymətləri kəskin surətdə aşağı düşdüyü zaman iqtisadiyyatımız yenə də inkişafını davam etdirmişdir. Çünki qeyri-enerji sektorumuz yaxşı nəticələr verməyə başladı. "Fitch", "Standard & Poor’s", "Moody’s" kimi əsas kredit reytinqi təşkilatları Azərbaycanın kredit reytinqini bu yaxınlarda yaxşılaşdırmışdır. Bu da islahatların yaxşı göstəricisidir. Hazırda biz neft gəlirlərini insan kapitalına çeviririk və əsas gələcək məqsədlərimizdən biri təhsildir. Təhsil istənilən ölkənin hər hansı uğurlu inkişafının ən vacib amilidir. Təhsil sahəsinə sərmayələr, universitetlərimiz ilə dünyanın aparıcı universitetləri arasında əlaqələr iqtisadi gələcəyimizi çox ciddi intellektual potensiala əsaslanaraq planlaşdırmağa imkan yaradır. Eyni zamanda, biz hazırda yeni texnologiyalara sərmayə yatırırıq. İndi informasiya-kommunikasiya texnologiyaları sahəsi Azərbaycanda prioritetlərdən birinə çevrilir. Azərbaycan artıq kosmos sənayesinə malik olan məhdud sayda ölkələr klubunun üzvünə çevrilmişdir.

Bu ilin fevral ayında ilk peykimiz - "Azərspace-1" uğurla buraxıldı və bu, kosmik sənayenin inkişafının yalnız başlanğıcıdır. Bir sözlə, müstəqillik illəri nəinki siyasi və iqtisadi sistemin dəyişilməsi illəri oldu, bu dövrdə gələcək illərdə gəlir gətirəcək sərmayələr yatırıldı. İslahatlarımızın əvvəlində müsbət sərmayə mühitinin yaradılması prioritetlərimizdən biri olmuşdur. Son 10 il ərzində Azərbaycana 130 milyard dollardan çox sərmayə qoyulmuşdur. Bu sərmayələrin müəyyən hissəsi xarici investisiyadır. Yaxşı sərmayə mühiti, proqnozlaşdırılan siyasi vəziyyət, ölkədə sabit durum və əlbəttə ki, regional əlaqələr hər bir ölkənin uğuru üçün ilkin şərtlərdən biridir." Tədbirin yüksək səviyyədə təşkilinə görə minnətdarlıq edən Qazaxıstan Baş nazirinin birinci müavini Bakıtjan Sağintayev bildirdi ki, Orta Asiya və Cənubi Qafqaz regionunun əməkdaşlığı dünya səviyyəsində mühüm əhəmiyyət daşıyır: "Avropa ilə Asiyanın qovuşuğunda coğrafi mövqeyi nəzərə alsaq, xeyli nəqliyyat-logistik potensial vardır. Lap qədim zamanlardan regionumuz Şərqdən Qərbə doğru tarixi İpək Yolunun üstündə yerləşir. Çindən və Hindistandan Avropaya aparılan strateji baxımdan əhəmiyyətli yüklər yüzilliklər ərzində məhz bu ərazidən keçmişdir. Buna görə də Qazaxıstan Şərqlə Qərb arasında körpünün əvvəlki tranzit funksiyalarını bərpa etmək işini ciddi şəkildə sürətləndirmişdir. Bu məqsədlə Qərb-Şərq, Şimal-Cənub istiqamətləri üzrə bir sıra mühüm layihələr həyata keçirilir. Bunlar Qazaxıstanın, habelə Mərkəzi Asiya və Qafqazın dənizə çıxışı olmayan, beynəlxalq bazarlardan uzaqda yerləşən digər dövlətlərinin ticarəti və qarşılıqlı iqtisadi mübadiləni inkişaf etdirmələri üçün onların qarşısında yeni imkanlar açan transkontinental layihələrdir. Məsələn, biz Qərbi Avropa-Qərbi Çin beynəlxalq avtomobil yolunun tikintisini həyata keçiririk. Ölkənin şərqində Cənubi-Şərqi Asiyanın, habelə Çinin sürətlə inkişaf edən regionu ilə ticari əlaqələrin genişləndirilməsinə yönəldilmiş "Xorqos-Şərq qapısı" layihəsi həyata keçirilir. Xəzərdə Aktau limanı bazasında "Qazaxıstanın Qərb qapısı" layihəsi həyata keçirilir. Belə layihələrin icrası ilə bir çox coğrafi əngəllər aradan qaldırıla bilər. Bu region ölkələrinin birgə fəaliyyəti üçün geniş məkandır."

"Azərbaycan son 10 ildə çox böyük uğurlara nail olub və iqtisadi artımın mənzərəsi valehedicidir." Bu sözləri isə Rusiyanın VTB Bankının sədri Andrey Kostin bildirərək Azərbaycanın enerji ixrac siyasətini uğurla reallaşdırdığını söylədi, Cənubi Qafqaz və Mərkəzi Asiya regionu arasında əməkdaşlığın daha da dərinləşdirilməsinin vacibliyini qeyd etdi: "Biz vahid iqtisadi məkan istiqamətində irəliləyirik. Digər ölkələrlə biz daha yumşaq, daha aşağı səviyyəli əməkdaşlıq həyata keçirə bilərik. Gələcəkdə ola bilsin ki, onlarla digər istiqamətdə əməkdaşlıq davam edəcəkdir. Biz hesab edirik ki, Rusiya region ölkələrinin iqtisadi və siyasi müstəqilliyinə heç bir təsir etmir. Başa düşürük ki, region ölkələri müxtəlif inkişaf səviyyələrindədir. Ona görə də əməkdaşlıq da müxtəlif səviyyədə ola bilər. Amma yenə də hesab edirik ki, region həm iqtisadi, həm də siyasi baxımdan xeyli fayda görəcəkdir."

Qırğızıstanın Baş nazirinin birinci müavini Comard Otorbayev tədbirin yüksək səviyyədə təşkilinə görə Prezident İlham Əliyevə minnətdarlığını bildirdi. "Azərbaycanın inkişafı böyük təəssürat yaradır. Prezident İlham Əliyevin bu inkişafda xüsusi rol vardır", - deyən qonaq Bakıda olduğu müddətdə sadə insanlar və gənclərlə söhbətində onlarda nikbin əhval-ruhiyyənin şahidi olduğunu vurğuladı. "Qardaş Azərbaycanın uğurları ilə fəxr edə bilərik", - deyən Qırğızıstan rəsmisi regionda inkişafa nail olmaq üçün əməkdaşlığın vacibliyini xüsusi qeyd etdi: "Cənab Prezident Əliyevin vurğuladığı kimi, regional əməkdaşlıq regionun inkişafında əsas rol oynamalıdır. Marko Polo bu regionda səyahətə çıxsaydı, indiki vaxtda onun bu səyahəti daha gec çəkərdi. Çünki bizdə sərhədlərdə müəyyən problemlər vardır. Sənədləşmə, bürokratiya ilə bağlı müəyyən problemlər mövcuddur. Biz hazırkı inkişafla qane ola bilmərik. Gəlin, daha böyük inkişafa nail olaq."

Türkiyənin energetika və təbii ehtiyatlar naziri Taner Yıldız da Prezident İlham Əliyevə tədbirin yüksək səviyyədə təşkilinə və qonaqpərvərliyə görə minnətdarlıq etdi. "Forum Azərbaycana layiq olan səviyyədə təşkil edilib", - deyən Taner Yıldız Bakı görüşünün tədbirin uğurlu olacağına inandığını dedi, ölkəsinin regional inkişafa töhfə vermək istiqamətində həyata keçirdiyi tədbirlərdən danışdı: "Regionumuzda ölkələrin inkişaf hədəfləri, o ölkələrin gəlirlərindən daha çoxdur. Yəni, daxili sərmayədən daha çox xarici sərmayənin qoyulması bu baxımdan əhəmiyyətlidir. Xarici sərmayə hər zaman olduğu kimi sabitliyi, hüquqi cəhətdən və təməli möhkəm olan ölkələrə qoyulur. Buna görə də Türkiyə bütün bunları nəzərə alaraq inkişafını davam etdirir. Biz bu tədbirdə iştirak edən bütün qonaqları İstanbulda keçiriləcək Dünya İqtisadi Forumuna dəvət edirik. Ev sahibliyinə görə, hörmətli Prezident İlham Əliyev başda olmaqla, bütün tədbir iştirakçılarına minnətdarlığımı bildirirəm."

Sonra mövzu ilə bağlı müzakirələrə başlandı. Suallara cavabında Prezident İlham Əliyev Azərbaycan iqtisadiyyatının şaxələndirilməsi məsələsinin prioritet olduğunu dedi, qeyri-enerji sektorunda həyata keçirilən layihələrin əhəmiyyətindən danışdı. Dövlətimizin başçısı ölkədə əlverişli investisiya mühitinin olduğunu, son illərdə Azərbaycanda yoxsulluğun və işsizliyin səviyyəsinin xeyli azaldığını, "Azərbaycan-2020" strateji inkişaf proqramının 8-9 ildə ölkədə ümumi daxili məhsulun həcminin iki dəfə artırılmasını nəzərdə tutduğunu bildirdi. Prezident İlham Əliyev uzun illər başqa imperiyaların tərkibində olan Azərbaycanın müstəqil olduğu 22 ildə siyasi və iqtisadi cəhətdən müstəqil siyasət yürütdüyünü diqqətə çatdırdı.

Digər çıxış edənlər də Azərbaycanda iqtisadiyyatın şaxələndirilməsi siyasətinin, o cümlədən Mərkəzi Asiya və Cənubi Qafqaz regionları arasında əməkdaşlığın əhəmiyyətini vurğuladılar.

Digər xəbərlər