PDF Oxu

Siyasət

  • 23

Xalqa, dövlətə layiq güclü ordu

İlham Əliyev: "Bizim ordumuz böyük nailiyyətlərə çatıb"

Xalqa, dövlətə layiq güclü ordu

"Hər bir dövlətin ordusu onun əsas sütunlarından biridir. Deyə bilərəm ki, bəlkə də, onurğa sütunudur. Ordu tarixən həmişə dövlət üçün, xalq, millət üçün ən əziz anlayış olmuşdur. Bu, indi müstəqil Azərbaycan dövlətində də belədir". Ulu Öndər Heydər Əliyevin Azərbaycan Respublikasının Silahlı Qüvvələrinin 83 illiyinə həsr olunmuş mərasimdə, 2001-ci ilin 25 iyununda söylədiyi fikirlər bu gün artıq bir şüara çevrilib.

Suverenliyin və müstəqilliyin təminatçısı

Ordusuz bir dövlətin, ölkənin mövcudluğu mümkün deyil. Ordu hər bir ölkənin ərazi bütövlüyünün, suverenliyinin və müstəqilliyinin təminatçısıdır. Ümummilli Lider Heydər Əliyevin 12 il öncə dediyi sözlər bu günümüzlə belə ahəngdar səslənir: "Bütün dünyaya bəyan edirik ki, müstəqil Azərbaycan dövlətinin ona layiq, onun müstəqilliyini qorumağa və möhkəmləndirməyə qadir olan güclü ordusu var".

Son illərdə ordu quruculuğu istiqamətində görülən işlər Azərbaycanda mütəşəkkil, güclü, qüdrətli ordu, silahlı qüvvələr yaratmağa imkan verib. Azərbaycan Prezidenti İlham Əliyev ötən il də ordu quruculuğu istiqamətində böyük işlərin, ordumuzun gücləndirilməsi üçün böyük tədbirlərin görüldüyünü, böyük sayda texnika, silah-sursat alındığını, infrastrukturun yaradıldığını bildirib.

Prezident qeyd edib ki, ötən il ümumi hərbi xərclər üç milyard dollardan çox olub: "Bu il büdcəmizdə hərbi sahəyə ayrılan ümumi xərclər 3,7 milyard dollar səviyyəsindədir. Müqayisə üçün deyim ki, Ermənistanın ümumi büdcəsi iki milyard dollardan azdır. Əlbəttə, bu, bizə yeni imkanlar yaradır. Biz bu imkanlardan da istifadə edəcəyik".

Balans dəyişib

Son 10 ildə dövlət büdcəsindən müdafiə sektoruna ayrılan vəsaitləri əhəmiyyətli dərəcədə artıran Azərbaycan bu dövrdə ordunun arsenalının yeni döyüş təyyarələri, helikopterlər, döyüş maşınları, habelə, müasir və uzaq məsafəli artilleriya sistemləri ilə gücləndirilməsi istiqamətində bir sıra proqramlar reallaşdırıb. Silahlanma tendensiyasını yüksələn xətt üzrə davam etdirən rəsmi Bakı artıq bu sahədə, dövlət başçısının vurğuladığı kimi, Ermənistanla balansı öz xeyrinə dəyişməyə nail olub.

Azərbaycanın 2001-2011-ci illərdə satın aldığı silah və hərbi texnikanın tərkibində əsas yeri raket-artilleriya silahları tutub. Təhlillər göstərir ki, bu dövrdə Azərbaycan uzaqmənzilli artilleriya sistemlərinin sayına görə Ermənistanı ən azı 2 dəfə qabaqlayıb.

Ermənilərin etirafı

Erməni və rus ekspertlərin fikirlərinə görə, Azərbaycan Ordusu hərbi əməliyyatlarda düşmənin cəbhə xəttinin dərinliklərindəki əsas strateji obyektlərinin uzaq məsafəli artilleriya atəşi ilə məhv etməyə qadirdir. Hər hansı hərbi əməliyyat zamanı ilk hədəflər sırasında Ermənistan və Qarabağı birləşdirən əsas quru yollarının - Laçın dəhlizi və Zod-Ağdərə yolunun sıradan çıxarılması, bununla da həyati əhəmiyyətli kommunikasiyalarını istifadəsiz hala gətirilməsi yer alacaq. Bu zaman Azərbaycan Silahlı Qüvvələri sahib olduğu pilotsuz uçuş aparatlarından (PUA) və digər kəşfiyyat mənbələrindən də geniş istifadə edəcək. Artıq 2009, 2010 və 2012-ci illərdə keçirilən ümumqoşun taktiki təlimlərində Azərbaycan Ordusu PUA-ların tətbiqi ilə artilleriya atışları keçirib.

Hərbi ekspertlərin fikrincə, Azərbaycanın malik olduğu "Smerç", 2C7 "Pion", M-46, 2A36 "Giatsin", T-122 "Sakarya", Lynx LAR və Lynx Extra kimi artilleriya sistemləri Qarabağdakı Ermənistan qüvvələri üçün potensial təhlükədir. Bu sistemlər gözlənilməz hücum zamanı Ermənistan Ordusunun ön və arxa eşalonda möhkəmləndirilmiş mövqelərini güclü zərbələrlə sıradan çıxaracaq. Erməni ekspertləri iddia edirlər ki, Azərbaycan tərəfi hərbi əməliyyatların gedişində mülki əhali və hərbçilər arasında psixoloji gərginlik yaratmaq məqsədilə böyük dağıdıcı gücə malik uzaqmənzilli reaktiv atəş sistemlərindən Dağlıq Qarabağda insanların daha çox yaşadığı məntəqələrə qarşı istifadə edəcək.

Dünya təşkilatlarının hesabatları

SİPRİ, Dünya Silah Ticarətinin Analizi Mərkəzi (SAMTO) kimi təşkilatların hesabatları, silah ixracatçısı olan ölkələr tərəfindən BMT Adi Silahlar Registrinə təqdim edilmiş məlumatların analizlərinə əsasən, Azərbaycan 2001-2011-ci illərdə müxtəlif ölkələrdən 450-dən artıq müxtəlif çaplı raket-artilleriya sistemləri satın alıb. Bunun 120-yə yaxınını iri çaplı minaatanlar, 70-ə qədərini reaktiv artilleriya sistemləri, 3 kompleks "yer-yer" tipli "Toçka-U" sistemi, 100-dən çoxu özüyeriyən artilleriya sistemi, qalanları isə yedəkdə daşınan müxtəlif haubitsalardır.

Ordu haqqında mənfi fikir yaratmaq olmaz

Təəssüflər olsun ki, vaxtilə böyük səhvlərə, xəyanətlərə, cinayətlərə yol verən bəzi qüvvələr ayrı-ayrı nöqsanları şişirdərək silahlı qüvvələr haqqında mənfi rəy yaratmağa çalışırlar. Hələ Ulu Öndər sağlığında ordumuza ləkə yaxmağa çalışanlara belə səslənmişdi: "Amma bilmirəm, onlar kimə xidmət edirlər. Nə haqda mənfi fikir yaradırsan yarat - istəyirsən prezident haqqında, istəyirsən hökumət haqqında. Amma ordu haqqında mənfi fikir yaratmaq olmaz!" Çünki ordumuz böyük sınaqlardan, çətinliklərdən keçərək, böyük itkilər verərək, Azərbaycanın dövlət müstəqilliyini ilbəil yaşadıb, möhkəmləndirib, inkişaf etdirib.

Prezident İlham Əliyevin qeyd etdiyi kimi, bu gün Azərbaycan Ordusu Cənubi Qafqazda aparıcı hərbi qüvvədir: "Bizim ordumuz böyük nailiyyətlərə çatıb. Biz heç vaxt imkan verə bilmərik ki, antimilli ünsürlər ordumuzu qaralasınlar, ləkələsinlər, ordumuza kölgə salsınlar. Biz buna heç vaxt imkan vermərik. Mən də Ali Baş Komandan kimi buna heç vaxt imkan verməyəcəyəm. Azərbaycan xalqı da buna imkan verməyəcək, ordumuza kölgə salmaq istəyən ünsürlərə öz layiqli cavabını verəcək və verir".

Silahlı qüvvələrə lazımı qayğı göstərilir

Son illər dövlət büdcəsindən orduya aid xərclərin davamlı şəkildə artırılması, hərbi qulluqçuların sosial problemlərinin həlli istiqamətində həyata keçirilən tədbirlər diqqəti cəlb edir. Dövlət başçısının şəxsi tapşırığı ilə Milli Ordunun bir çox hərbi şəhərciyində tikinti-bərpa və yenidənqurma işləri aparılıb. Hərbi hissə və birləşmələrdə müasir tələblərə cavab verən onlarla əsgər yataqxanaları, yeməkxanalar, avtomobil və hərbi texnika parkları, tibb məntəqələri, qazanxanalar, idman şəhərcikləri, camaşırxana və hamam kompleksləri hərbçilərin ixtiyarına verilib. Bu obyektlər istilik və isti su ilə fasiləsiz təmin olunub, ən müasir texniki avadanlıqlar alınıb, yeni magistral elektrik və mühəndis kommunikasiya xətləri, transformator yarımstansiyaları quraşdırılıb. 2012-ci ildə müxtəlif hərbi şəhərciklərdə xidməti yaşayış binaları tikilərək zabit və gizirlərin ailələrinə paylanılıb.

2011-ci il dekabrın 28-də Azərbaycan Respublikası Prezidentinin imzaladığı növbəti Fərmanda Azərbaycan Respublikası Silahlı Qüvvələrində 20 təqvim ili və daha çox qüsursuz xidmət etmiş hərbi qulluqçuların dövlət vəsaiti hesabına mənzillə təmin olunması öz əksini tapıb.

Bir sözlə, bu gün də Azərbaycan dövləti, Azərbaycanın Prezidenti, Ali Baş Komandan silahlı qüvvələrə lazımı qayğını göstərir və bundan sonra da göstərəcəkdir.

Cabir

Digər xəbərlər