Aprelin 8-də Bakıda keçirilən Dünya İqtisadi Forumunun (Davos Forumu) yekun işçi şam yeməyi olub. Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və xanımı Mehriban Əliyeva tədbirdə iştirak ediblər. Tədbirin aparıcısı, Hollandiyanın Leiden Universitetinin professoru Viktor Halberstadt Forumun yekun işçi şam yeməyi zamanı gün ərzində keçirilən sessiyaların nəticələrinin müzakirə olunacağını bildirdi. Dünya İqtisadi Forumunun təsisçisi və icraçı sədri Klaus Şvab Bakı Forumunun yüksək səviyyədə təşkilinə görə dövlətimizin başçısına təşəkkür etdi. O bildirdi ki, Prezident İlham Əliyevin rəhbərliyi altında Azərbaycan doğrudan da, çox böyük nailiyyətlər əldə etmişdir və bu uğurlar bundan sonra da davamlı olacaqdır: "Həqiqətən də çox gözəl bir gün yaşadıq. Cənab Prezident, Sizin rəhbərliyiniz altında bu qədər böyük nailiyyətlər əldə etmiş Azərbaycan gələcəkdə qlobal miqyasda ən mühüm rol oynayan mövqelərdən birini tutacaqdır. Sözsüz ki, Azərbaycan dünyanın gələcəyinə töhfə verən ölkələrdən biridir.
Biz bu gün Sizin təkliflərinizi, fikirlərinizi eşidəcəyik. Buna görə Sizə təşəkkür edirəm. Sizə vəd edə bilərəm ki, Dünya İqtisadi Forumuna gəldikdə, biz bu ölkədə, bu regionda fəaliyyətimizi davam etdirəcəyik. Yəni, cənab Prezident, Siz 7 dəfə Davosda, bizim iclaslarda iştirak etmisiniz və bu ənənəni başlamısınız. Bu ənənəni biz də davam etdirəcəyik. Mən Sizin hamınıza təşəkkür edirəm. Eyni zamanda, bu görüşün baş tutmasına öz töhfəsini vermiş bütün tərəflərə təşəkkürümü bildirirəm. Azərbaycan hökumətinə minnətdarlığımı bildirmək istərdim. Biz öz tərəfdaşlarımıza təşəkkür edirik. Azərbaycan Respublikası Dövlət Neft Şirkətinə təşəkkür edirəm. ARDNŞ ilə Forum çərçivəsində əməkdaşlıq etməkdən son dərəcə məmnunuq. Eyni zamanda, bizə böyük qonaqpərvər münasibət göstərdiyinə görə Azərbaycan xalqına təşəkkür edirəm. Hörmətli Prezident, təşəkkür edirəm. Hörmətli iştirakçılar, hamınıza təşəkkür edirəm."
bp şirkətinin Azərbaycan, Gürcüstan və Türkiyə üzrə regional prezidenti Qordon Birrell Bakıda keçirilən Dünya İqtisadi Forumunda çox əhəmiyyətli müzakirələrin aparıldığını vurğuladı. bp-nin Azərbaycan ilə 20 ildir tərəfdaşlıq etdiyini vurğulayan Qordon Birrell bu əməkdaşlığın səmərəli dialoq və qarşılıqlı etibar əsasında qurulması və ölkəmizdə hökm sürən siyasi sabitlik nəticəsində bağlanan sazişlərdə indiyədək heç bir dəyişikliyin edilmədiyini diqqətə çatdırdı: "bp və onun tərəfdaşları Azərbaycanda 20 il əvvəl investisiyalar yatırmağa başlamışdır. O vaxtdan bəri həqiqətən də tam sabitlik təmin edilmişdir və həmin dövrdə imzalanan sazişlərin heç birinə dəyişiklik edilməmişdir. Hasilatın pay bölgüsü sazişində heç bir dəyişiklik olunmamışdır. Bu mənada əminəm ki, neft və qaz sektorunun əsas investorlarını maraqlandıran bir nömrəli sabitlik məsələsi Azərbaycanda gələcəkdə də hökm sürəcəkdir. Tərəflərin qarşılıqlı etibar şəraitində dialoq aparması və investorların, qəbul edən ölkənin məqsədlərini tam anlamasına imkan verən bir dialoqun olması çox vacibdir.
Neft və qaz sektoru, ümumiyyətlə, çox mürəkkəb sektordur. Bu sahədə ən yeni texnologiyalar tələb olunur və bunun üçün işçi heyət də ən yüksək standartlara uyğun təlim keçməlidir ki, bu avadanlıqdan istifadə edə bilsin. Qeyd edim ki, son 8-10 il ərzində 700-dən çox azərbaycanlı mühəndis, texniki işçi təlim keçmişdir. Dənizdəki yataqlarda ən müasir avadanlığı işlədənlərin 95 faizi azərbaycanlılardır. Onu da deyim ki, "Azəri-Çıraq-Günəşli" yataqlar blokuna yatırılan investisiyamızı davam etdirməyə hazırıq. Bu, çox böyük ehtiyatlara malik yataqdır. Ancaq ehtiyatların çıxarılması üçün böyük investisiyalar tələb olunur. Biz bu istiqamətdə işimizi davam etdirə bilərik. "Şahdəniz-2" yatağının uğurla işlənilməsi çox vacibdir. Bu, həm investorların, həm də Azərbaycan hökumətinin gözləntilərinə uyğun gəlir. Deyə bilərəm ki, ARDNŞ ilə əməkdaşlıq sayəsində biz bu il investisiya ilə bağlı çox mühüm və uğurlu bir qərar qəbul etmişik."
Rusiya Birbaşa İnvestisiyalar Fondunun vitse-prezidenti Piter Sannikov üzvü olduğu işçi qrupunda regionun böyük investisiya layihələri, sərmayə qoyuluşuna mane olan cəhətlər, onların aradan qaldırılması və digər aktual mövzularda maraqlı müzakirələr aparıldığını söylədi: "Xanımlar və cənablar, bu imkana görə təşəkkür edirəm. Mən Rusiya Prezidentinin və Baş nazirinin dəstəyi ilə yaradılmış Rusiya Birbaşa İnvestisiyalar Fondunu təmsil edirəm. Bu il Rusiyanın "Böyük 20-lik"ə sədrliyi çərçivəsində Birbaşa İnvestisiyalar Fondu xüsusi işçi qrupa həmsədrlik edir. Bu qrup praktiki tövsiyələr irəli sürmək və çox kritik məsələlərin, qlobal biznes məsələlərinin həllini tapmaq üçün qlobal biznes liderlərini birləşdirir. Bu gün toxunulan məsələlərin çoxu irəli sürdüyümüz tövsiyələrə tam uyğun gəlir. Bunlar işçi qrupun üzərində işlədiyi üç əsas istiqamət - kapitalın rahat axınına mane olan problemlərin müəyyən edilməsi və aradan qaldırılması, inkişaf etməkdə olan ölkələrdə investisiyaların stimullaşdırılması və investisiyalardan səmərəli istifadənin təmin edilməsidir. Təşəkkür edirəm."
York Hersoqu, şahzadə Endryu isə Forumda müasir dövrün qabaqcıl texnologiyalarının tətbiqinin genişləndirilməsi, xüsusilə telekommunikasiya və genişzolaqlı internetdən istifadə, həmçinin sahibkarlıq imkanlarının təşviqi məsələləri barədə aparılan fikir mübadiləsinin önəmini qeyd etdi: "Biz belə bir nəticəyə gəldik ki, kiçik və orta sahibkarlığın dayanıqlı inkişafı bu gün səhər cənab Prezidentin dediyi kimi, əsas məqsədlərə nail olmaq üçün çox önəmlidir. Neft-qaz sektorundan əldə olunan gəlirlərin iqtisadiyyatın digər sahələrinə yönəldilməsi çox vacibdir. Biz elə bir nəticəyə gəldik ki, bunun tətbiq edilməsi üçün bir sıra mühüm şərtlər vardır. Bunlardan biri telekommunikasiyalardan və genişzolaqlı internetdən istifadəni təmin etməkdir. Digər vacib şərt sahibkarların təhsili və bacarığıdır. Bundan başqa, istehlak yönümlü bazarı və bütövlükdə bazar iqtisadiyyatını izləmək vacibdir."
Azərbaycan Dövlət Gömrük Komitəsinin sədri Aydın Əliyev bildirdi ki, bugünkü müzakirələrin mərkəzində regionda tranzit nəqliyyatın genişləndirilməsi, yol infrastrukturuna və logistikaya investisiya qoyuluşu, həmçinin narkotiklərə və qaçaqmalçılığa qarşı mübarizəni gücləndirmək məsələləri dururdu: "Gömrük fiskal qanunvericiliyin tətbiqi və digər fəaliyyətlərlə məşğuldur. Gömrük ölkələr arasında körpüdür. Gömrük nəzarəti ölkələr üçün çox önəmlidir. Gömrük həm də büdcə üçün vəsait toplayır. Biz narkotiklərin qaçaqmalçılığı və digər məsələlərin müzakirəsindən sonra qərara aldıq ki, gömrük sahəsində qanunvericiliyin təkmilləşdirilməsi, müasir standartlar səviyyəsində gömrük xidmətlərinin göstərilməsi bu qurumun işinin modernləşməsindən və müxtəlif ölkələr arasında gömrük münasibətlərinin səmərəli qurulmasından çox asılıdır."
Azərbaycan Prezidenti İlham Əliyev tədbirdə çıxış etdi. Dövlətimizin başçısı bugünkü Forumda siyasi liderlər və biznes dairələri arasında işgüzar müzakirələrin aparıldığını vurğuladı. Prezident İlham Əliyev bununla yanaşı, Azərbaycanda gedən proseslər və Xəzərin enerji ehtiyatlarının hasilatı və nəqli ilə bağlı iştirakçıların daha yaxından məlumatlandırılması baxımından Forumun önəmini xüsusi qeyd etdi. Müstəqil Azərbaycanın inkişaf tarixinə qısa nəzər salan dövlətimizin başçısı bildirdi ki, 1993-cü ildə ölkəmizə sərmayə qoyuluşu ilə bağlı biz dost dövlətlərə müraciət etdik və həmin ölkələrin köməyi sayəsində Azərbaycan neft-qaz potensialından istifadə etməyə başladı. Bundan sonra neftdən gələn gəlirlər qeyri-neft sektorunun inkişafına yönəldildi. Prezident İlham Əliyev müstəqilliyin ilk illərində ölkə iqtisadiyyatında özəl sektorun payının sıfır faiz olduğunu, lakin bu gün bu rəqəmin 85 faizə çatdığını dedi. Dövlətimizin başçısı bp və dünyanın digər nəhəng şirkətləri ilə səmərəli əməkdaşlıq sayəsində Azərbaycanın həyata keçirdiyi böyük layihələrin ölkənin inkişafındakı rolundan danışdı və əlavə etdi ki, əldə olunan gəlirlər insan kapitalına - gənclərə, təhsilə sərf edilir. Əlverişli coğrafi mövqeyə malik ölkəmizin hava, dəniz, dəmir yolu nəqliyyatına külli miqdarda sərmayələr qoyulur. Bütövlükdə bu layihələrin region ölkələri xalqlarının rifahına yönəldildiyini söyləyən Prezident İlham Əliyev Azərbaycanın regional əlaqələrə üstünlük verdiyini bir daha vurğuladı: "İyirmi bir il əvvəl Azərbaycan müstəqilliyini yenicə əldə etdiyi zaman bazar iqtisadiyyatının ümumi daxili məhsuldakı payı sıfır faiz idi. Bu gün isə bu göstərici 83 faizdir. Bu, bazar iqtisadiyyatına yönələn islahatların yaxşı göstəricisidir.
Başqa sözlə, planlı iqtisadiyyatdan bazar iqtisadiyyatına keçid dövrü başa çatıb. Hazırda Azərbaycanda qeyri-enerji sektorunda, tikinti, yüksək texnologiyalar, kənd təsərrüfatı, neft-kimya sahələrində geniş imkanlar açılır. Ölkəmizin davamlı inkişafını təmin etmək üçün sərmayələrə ehtiyac duyulan sahələrə investisiyaları cəlb etmək məqsədi ilə dövlət strategiyası vardır. Hamımız bilirik ki, neft və qaz müvəqqətidir. Biz, nəinki neft və qaz erasından sonrakı dövrə hazırlaşırıq, - baxmayaraq ki, bu, hələ ən azı 100 ildən sonra baş verəcək, - o cümlədən neft və qaz gəlirlərini qeyri-enerji sektorunun inkişafı, insan kapitalı və təhsil üçün istifadə edirik. Gənc nəsil bundan bəhrələnir. Bu gün Azərbaycanda və xarici ölkələrdə yaxşı təhsil almış gənclər ölkəmizdə mühüm biznes fəaliyyəti ilə məşğuldurlar və Azərbaycanın davamlı inkişafına töhfə verirlər.
Bu gün qaldırılmış məsələlər arasında daşıma sahəsi də qeyd edildi. Bu, həmçinin çox vacibdir. Bizim əlverişli coğrafi mövqeyimiz vardır. Lakin infrastruktur olmadan bunun heç bir əhəmiyyəti yoxdur. Ona görə daşıma infrastrukturuna, boru kəmərlərinə, yollara, dəniz və hava limanlarına sərmayənin qoyuluşu regionda xüsusi mühit yaradır. Beləliklə, Azərbaycan regionun nəinki coğrafi, həmçinin logistika mərkəzinə çevrilir. Dəmir yolu xətti ilə bağlı irəli sürdüyümüz layihə, boru kəməri infrastrukturu ölkəmizin, eləcə də qonşularımızın rifahına xidmət edir. Bu gün Forumda səsləndirilən əsas ideya regional əməkdaşlığı necə təşviq etməklə bağlı idi.
Biz regional əlaqələrin və əməkdaşlığın inkişaf etdirilməsində çox maraqlıyıq. Çünki regional əməkdaşlıq olmadan biz heç bir uğur əldə edə bilmərik. Ölkəmizin açıq dənizə çıxışı yoxdur, lakin nəhəng karbohidrogen ehtiyatları vardır. Əgər boru kəmərləri olmasaydı, bu ehtiyatlar bir əsr də suyun altında qalardı. Regional əməkdaşlıq, qonşularımızın dəstəyi və bizim onlara göstərdiyimiz dəstək olmadan heç bir uğur qazanıla bilməzdi. Eyni sözləri daşıma sahəsinə də aid etmək olar. Bu regional əməkdaşlıq islahatlara sərmayə qoymaq imkanı yaradır. Bunun nəticəsində iqtisadiyyatımız dəyişir, davamlı inkişafımız üçün əsaslar yaranır. Ən vacibi budur. Bazar iqtisadiyyatı, güclü siyasi sistem, sabitlik, sərmayələr, insan kapitalına investisiyalar və davamlı inkişaf vacibdir. Hazırda biz davamlı inkişaf haqqında çox danışırıq. Biz dəyişikliklər haqqında söhbət açırıq. Hesab edirəm ki, Azərbaycan bunun necə baş verməsinin nümunəsi ola bilər. Nəticələr göz qabağındadır. Bəli, gələcəkdə görüləcək işlər çoxdur. Biz islahatlara, siyasi təsisatların inkişafına, hüquqi çərçivəyə, qanunun aliliyinə daha çox diqqət yetirməliyik. Dünyadakı dostlarımızın, dünyada bir nömrəli Forum hesab edilən, siyasətçiləri, dünya liderlərini, biznes elitanı bir araya gətirən Dünya İqtisadi Forumunun dəstəyi ilə biz böyük nailiyyətləri əldə edə bilərik. Mən bir daha professor Şvaba 7 il əvvəl Azərbaycanı Davosda iştiraka dəvət etdiyinə, özümüzü təqdim etməyə və əlaqələri qurmağa imkan yaratdığına, xüsusi əməkdaşlıq mühitini yaratdığına və Dünya İqtisadi Forumunun Bakıda keçirmək qərarına görə təşəkkürümü bildirmək istəyirəm. Əziz dostlar, bir daha çox sağ olun. Sizə xoş axşam arzulayıram." Monqolustanın xarici işlər naziri Luvsanvandan Bold Dünya İqtisadi Forumunun böyük əhəmiyyət kəsb etdiyini bildirdi. Ölkəsində iqtisadiyyatı şaxələndirmək məsələsinə toxunan Luvsanvandan Bold dedi ki, bu sahədə Azərbaycanın təcrübəsi təqdirəlayiqdir.
Litvanın Baş naziri Alqirdas Butkeviçius Forumun təşkilatçılarına minnətdarlığını bildirdi və müzakirə olunan mövzuların aktuallığına toxundu. Forumda iştirak etməkdən şərəf duyduğunu deyən Litvanın Baş naziri bildirdi ki, Azərbaycan bu tədbirə layiqincə ev sahibliyi edir. Tədbirin yüksək səviyyədə təşkil olunmasına və qonaqpərvərliyə görə Prezident İlham Əliyevə minnətdarlıq edən Albaniyanın Baş naziri Sali Berişa yerləşdiyi bölgədə sabitlik olmasa da, Azərbaycanın mühüm regional layihələrə imza atmasına böyük ehtiram bəslədiyini vurğuladı. Sali Berişa Azərbaycanın qlobal enerji təhlükəsizliyindəki mühüm rolundan da danışdı. Dünya İqtisadi Forumunun idarə heyətinin üzvü və icraçı direktoru Borge Brende bildirdi ki, Forumda region ölkələrinin iqtisadiyyatı barədə çox mühüm məlumatlar səsləndi. Azərbaycan iqtisadiyyatının uğurlarından danışan Borge Brende dedi ki, bu, Prezident İlham Əliyevin siyasi liderliyi nəticəsində mümkün olmuşdur. O, Bakı Forumunun Cənubi Qafqaz və Mərkəzi Asiya regionları ölkələrinin iqtisadiyyatının çiçəklənməsinə töhfə verəcəyinə əminliyini ifadə etdi.