PDF Oxu

Siyasət

  • 23

Nüfuzlu "The Business Year" jurnalının "2012-ci ilin adamı" seçdiyi cənab İlham Əliyevin uğurları Azərbaycanın inkişafı ilə səsləşir

Nüfuzlu "The Business Year" jurnalının "2012-ci ilin adamı" seçdiyi cənab İlham Əliyevin uğurları Azərbaycanın inkişafı ilə səsləşir

Tarixi təcrübə sübut edir ki, hər hansı dövlətin inkişafını, dünya birliyində öz layiqli yerini tuta bilməsini şərtləndirən əsas amillərdən biri də xalqın özünə lider olaraq seçdiyi şəxsin fərdi keyfiyyətləridir. Çünki dövlətin böyük və ya kiçiliyindən, malik olduğu iqtisadi potensialdan asılı olmayaraq, son nəticədə, onun hərtərəfli tərəqqisini müəyyən edən əsas məqamlardan biri məhz lider faktorudur.

Azərbaycanda həqiqi dövlət müstəqillyinin banisi olan, milli dövlətçiliyin əsasını qoyan, böyük tərəqqiyə hesablanmış inkişaf strategiyasını müəyyənləşdirən, yeni tariximizə dövlət və xalqın xilaskarı kimi daxil olan Ümummilli Lider Heydər Əliyevin siyasi kursunun layiqli davamçısı cənab Prezident İlham Əliyevin yorulmaz və gərgin fəaliyyəti zamanın yeni çağırışlarına cavab verməklə yanaşı, həm də onun yeni dövrün yeni lideri olduğunu meydana çıxarır. İlk növbədə, ona görə ki, cənab İlham Əliyevin həyata keçirdiyi siyasi kurs nəticəsində ölkəmizin malik olduğu müasirlik, demokratiklik, hüquqilik, dünyəvilik kimi parametrlər daha da güclənib, yeni dövrün tələblərinə cavab verən sürətli inkişaf təmin olunub. Ulu Öndərin idarəçilik ənənələrini özünəməxsus qiymətli əlavələrlə zənginləşdirən cənab İlham Əliyev əsrimizin praqmatik, rasional, mükəmməl dünyagörüşlü, çevik və təmkinli idarəetmə prinsiplərinə, dərin analitik təfəkkürə və məqsədyönlü, düşünülmüş siyasi iradəyə malik lideri kimi çıxış edir. Məhz xalqının lideri olaraq Onun düşünülmüş, məqsədyönlü fəaliyyəti ölkəmizdə milli birliyin, sabitliyin daha da möhkəmlənməsinə, Azərbaycanın regional və beynəlxalq miqyasda nüfuzunun daha da artmasına gətirib çıxarıb.

İndi müstəqil Azərbaycan cənab İlham Əliyevin liderliyi ilə daha xoşbəxt gələcəyinə doğru inamla irəliləməkdədir. Xalqın özünə rəhbər olaraq seçdiyi şəxsin dövlət başçısı kimi ötən müddət ərzində fəaliyyəti qısa zaman kəsiyində Azərbaycanı lider ölkələr cərgəsinə çıxarıb. Bu həqiqət bütün dünya ictimaiyyəti tərəfindən birmənalı təsdiq olunur. Təsadüfi deyildir ki, cənab İlham Əliyevin Azərbaycanın sürətli inkişafı ilə səsləşən uğurları nüfuzlu beynəlxalq təşkilatların da rəğbətini qazanır.

Məlum olduğu kimi, dünyanın nüfuzlu nəşrlərindən olan "The Business Year" jurnalı Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevi "2012-ci ilin adamı" seçmişdir. İnvestisiyaların təşviqi və nəşrlər üzrə ixtisaslaşan "The Business Year" jurnalının baş direktoru xanım Ayse Nazir Valentin və baş redaktoru Jeyson Jon bir neçə gün əvvəl Bakıda qonaq olarkən, bu seçimin Azərbaycanda iqtisadi artımın yüksəlişi, ümumdaxili məhsulun son 5 ildə dəfələrlə artması, Azərbaycanın beynəlxalq aləmdə böyük nüfuza malik olması, BMT Təhlükəsizlik Şurasına üzv seçilməsi ilə və informasiya-kommunikasiya texnologiyaları sektorunda əldə edilən böyük uğurlarla bağlı olduğunu söyləmişlər. Ona təqdim olunan mükafata görə təşəkkürünü bildirən dövlətimizin başçısı jurnalın Azərbaycanın təşviqi ilə bağlı gördüyü işi yüksək qiymətləndirdiyini dilə gətirmişdir. Jurnalın ingilis dilində Azərbaycanla bağlı geniş auditoriya üçün nəzərdə tutulan və müxtəlif yanaşmalarla zəngin olan bu nəşrinin ölkəmizin beynəlxalq ictimaiyyətə təqdim olunması üçün yaxşı imkan yaratdığını qeyd edən cənab Prezident İlham Əliyev Azərbaycanın iqtisadi, siyasi, təhlükəsizlik, biznes, sərmayə qoyuluşu, xarici əlaqələr və digər sahələrlə bağlı məsələlərin jurnalda ətraflı təhlil olunmasını yüksək qiymətləndirdiyini, "The Business Year: Azerbayjan-2013" xüsusi buraxılışının əhəmiyyətini vurğulamışdır. Azərbaycanda əldə olunan bütün uğurların əsasında ölkənin sürətli iqtisadi inkişafının dayandığını, iqtisadiyyatın şaxələndirilməsi nəticəsində neft-qaz amilindən asılılığın azaldığını, neft gəlirlərinin şəffaf şəkildə insanların və ölkənin mənafeyi naminə istifadə olunması nəticəsində son 10 ildə yoxsulluğun səviyyəsinin 50 faizdən 6 faizə qədər endiyini bildirən ölkə başçısı informasiya-kommunikasiya texnologiyaları sektorundakı sürətli inkişafa da toxunmuş, Azərbaycanın kosmik ailənin üzvü olmasının önəmindən danışmışdır. 2003-cü ilin ölkəmizdə "İKT ili" elan olunduğunu deyən Prezident İlham Əliyev bu sahədə əldə edilən uğurlardan söz açmış, ölkəmizin nüfuzunun beynəlxalq aləmdə getdikcə möhkəmləndiyini xüsusi vurğulamış, enerji, ticarət, biznes, investisiya, mədəniyyət və digər sahələrdə Azərbaycanı olduğu kimi təqdim etdiyinə görə "The Business Year" jurnalının yaradıcı kollektivinə təşəkkürünü bildirmişdir.

Xatırladaq ki, "The Business Year" jurnalı ölkəmizlə bağlı layihələrə ilk dəfə 2010-cu ildə başlamışdır. Jurnalın 2011-ci ildə Azərbaycanın müstəqilliyinin 20 illiyi və 2012-ci ildə isə "Avroviziya" beynəlxalq mahnı müsabiqəsi ilə bağlı buraxılışları maraqla qarşılanmışdır. Jurnalın kollektivi bu il xalqımızın Ümummilli Lideri Heydər Əliyevin anadan olmasının 90 illik yubilyi ilə bağlı xüsusi material hazırlamaqdadır.

Bu bir danılmaz gerçəklikdir ki, bəzi hallarda müəyyən kateqoriyalar üzrə Azərbaycan liderlər siyahısının lideri olaraq dünya tarixinə öz adını həkk etdirib və etdirməkdədir. Bu kontekstdə qarşıdakı dövr ərzində uğurlu inkişaf yolunda cənab İlham Əliyevin rəhbərliyi altında ölkəmizin hələ bir çox müvəffəqiyyətlərə imza atacağı heç bir şübhə doğurmur. Deməli, sevimli Prezidentimiz İlham Əliyev hələ çox ödüllər qazanacaq, Azərbaycan xalqına hələ çox sevinc bəxş edəcəkdir.

Tərlan SƏFƏROV,

YAP Xətai rayon təşkilatının gənclər birliyinin idarə heyətinin üzvü

Digər xəbərlər