PDF Oxu

Siyasət

  • 24

Uşaq və gənclərin sağlamlığını qoruya biləcək layihələr milli-mənəvi dəyərlərə sadiq vətəndaşlar yetişdirir

Uşaq və gənclərin sağlamlığını qoruya biləcək layihələr milli-mənəvi dəyərlərə sadiq vətəndaşlar yetişdirir

Heydər Əliyev Fondunun layihələri əsasında istifadəyə verilən müasir tipli uşaq bağçaları, körpələr evi, orta məktəb binaları gənc nəslin sağlam, elmi bilikli olmasına xidmət edir

Ulu Öndər Heydər Əliyevin zəngin mənəvi irsini əks etdirmək, azərbaycançılıq fəlsəfəsinin ölkəmiz üçün əhəmiyyətini vurğulamaq, milli dövlətçilik ideyalarını yeni nəsillərə aşılamaq zərurətindən irəli gələrək yaradılan Heydər Əliyev Fondu təhsil, səhiyyə, mədəniyyət, idman, elm və texnologiya, ekologiya, sosial və digər sahələrdə müxtəlif layihələr həyata keçirərək quruculuq posesində fəal iştirak edir, ölkənin sosial-iqtisadi inkişafına töhfəsini verir. Bu baxımdan Azərbaycanın tərəqqisi və xalqımızın rifahı naminə genişmiqyaslı proqram və layihələrini reallaşdıraraq böyük missiyanın daşıyıcısıdır.

Heydər Əliyev Fondunun prezidenti, YUNESKO-nun və İSESKO-nun xoşməramlı səfiri, Milli Məclisin deputatı Mehriban xanım Əliyeva çoxşaxəli fəaliyyəti ilə sosial problemlərə - xüsusi qayğıya ehtiyacı olan insanlara kömək göstərməklə, insanların yaradıcı potensialını, bilik və bacarıqlarını aşkara çıxarmaqla, qabiliyyətlərini inkişaf etdirməklə və s. məsələlərdə öz nəcib əməllərinə imza atır.

Mehriban xanım Əliyevanın çoxşaxəli fəaliyyəti məhz bəşəriyyətin xilasına yönələn milli-mənəvi idealların cəmiyyətdə daha möhkəm əsaslarla intişar tapmasına, ictimai şüura hakim kəsilməsinə yönəlmişdir. Xalqın böyük məhəbbətini və etimadını qazanan Mehriban xanım Əliyevanın uğurlarının Heydər Əliyev ideyalarına söykənməsindən, eləcə də Azərbaycanın birinci xanımının zəngin mənəvi və intellektual potensialından qaynaqlanır.

Fondun həyata keçirdiyi sosialyönlü layihələr sırasında "Diabetli uşaqlara ən yüksək qayğı", "Talassemiyasız həyat naminə", "Yeniləşən Azərbaycana yeni məktəb" və s. proqram və layihələri xüsusi olaraq vurğulamaq lazımdır. Azərbaycanın hər bir məkanında gənc nəslin biliyə, müasir texnologiyalara, elmə yiyələnərək, dünya təhsil sisteminə inteqrasiya olunması prosesi gedir. Heydər Əliyev Fondunun əlilliyi olan uşaqlara qarşı ayrı-seçkiliyin qarşısının alınmasına yönəlmiş "İmkanlara məhdudiyyət yoxdur" adlı kampaniyası əlilliyi olan uşaqların sosial inteqrasiyasını dəstəkləyir.

Həyata keçirilən xeyirxah işlər Ulu Öndər Heydər Əliyev ideyalarına sədaqətin, habelə, bu gün Vətən, xalq naminə aparılan məqsədyönlü siyasətə dəstək vermək istəyinin əməli təzahürü olmaqla yanaşı, həm də fondun cəmiyyətdə və xaricdə artan nüfuzunun ifadəsidir.

Fondun layihələri əsasında inşa edilən və ya yenidənqurma və təmirdən sonra istifadəyə verilən müasir tipli uşaq bağçaları, körpələr evi, orta məktəb binaları gələcəyin yetişən övladlarının sağlam, elmi bilikli yetişməsinə xidmət edir. Ölkə ərazisində tikilən yüzlərlə məktəblər Mehriban xanım Əliyevanın həyata keçirdiyi "Yeniləşən Azərbaycana yeni məktəb" layihəsi çərçivəsində reallaşıb. Bu gün də bu ənənə davam etdirilir. Belə ki, "Yeniləşən Azərbaycana yeni məktəb" layihəsi çərçivəsində Xətai rayonunun 3 nömrəli uşaq evinin Buzovna qəsəbəsindəki yay istirahət düşərgəsində yenidənqurma işləri aparılaraq balacaların ixtiyarına verilib. Ümumi sahəsi 5600 kv.m , 120 yerlik dördmərtəbəli bina uşaqların tam rahatlığını təmin edir. Binada uşaqların əylənməsi və tədbirlərin təşkil edilməsi üçün nəzərdə tutulan otaqlara müasir avadanlıqlar quraşdırılıb. Düşərgədə uşaqların informasiya-kommunikasiya texnologiyalarının sirlərinə yiyələnməsi üçün kompyuter otağı, müxtəlif sahələrə aid ədəbiyyat toplanmış kitabxana vardır. İdmanla məşğul olmaq üçün hər cür şərait yaradılıb, futbol meydançası və hovuz tikilib, əyləncə guşələri yaradılıb. Heydər Əliyev Fondunun "Təhsilə dəstək" layihəsi çərçivəsində Zirə qəsəbəsində yeni uşaq bağçası inşa edilib. Bu bağçada da oyun və idman zalı, musiqi otağı, yeməkxana vardır. Həyətdə uşaqlar üçün oyun meydançası yaradılıb.

Bu günlərdə əsaslı təmirdən sonra balacaların ixtiyarına verilən Bakıdakı iki körpələr evi-uşaq bağçasına Heydər Əliyev Fondu tərəfindən rahatlığın təminatı üçün hədiyyə olunan avadanlıqlar Mehriban xanım Əliyevanın humanizm, xeyriyyəçilik prinsiplərinin daha bir göstəricisidir. Yasamal rayonundakı 60 və 77 nömrəli körpələr evi-uşaq bağçalarında əsaslı təmir və yenidənqurmadan sonra yaradılmış şərait balacaların tam rahatlığına əsas verir. Qeyd edək ki, hər iki körpələr evi-uşaq bağçasında inşa olunduğu zamandan 50 ildən artıq müddətdə indiyədək heç vaxt bu cür təmir işləri aparılmayıb. "2011-2013-cü illərdə Bakı şəhərinin və onun ətraf qəsəbələrinin sosial-iqtisadi inkişafına dair" Dövlət Proqramına uyğun olaraq burada yenidənqurma işlərinə başlanmış və müasir standartlara cavab olaraq aparılan təmir işləri uğurla başa çatmışdır. Müəssisələrdəki yataq otaqları, qrup otaqları, musiqi və idman zalı, mətbəx tamamilə yenilənib.

Heydər Əliyev Fondu tərəfindən hər iki - 60 və 77 nömrəli körpələr evi-uşaq bağçaları zəruri inventarla təchiz edilib. Heydər Əliyev Fondu tərəfindən bağçaya mebel, soyuducu, televizor, uşaq oyuncaqları və digər zəruri əşyalar hədiyyə edib.

Mehriban xanım Əliyevanın "Yeniləşən Azərbaycana yeni məktəb" Proqramı əsasında təhsil sahəsində mövcud olan problemlərin həllinə nail olunur. Müasir standartlara cavab verən təhsil kompleksləri yaradılır, məktəb binaları inşa olunur, təmir və bərpa olunaraq istifadəyə verilir.

Gördüyümüz kimi, Mehriban xanım Əliyeva elm, təhsil, uşaq və gənclərin sağlamlığını qoruya biləcək layihələrini gerçəkləşdirməklə, milli-mənəvi dəyərlərə sadiq, hərtərəfli biliklərə malik vətəndaşların yetişməsi, formalaşmasına töhfəsini verir. Mehriban xanım Əliyevanın fəaliyyətində də bu istiqamətlərdə möhtəşəm layihələr ardıcıl olaraq uğurla davam etdirilir.

NƏZAKƏT ƏLƏDDİNQIZI

Digər xəbərlər