Bu fikir YAP-ın icra katibi Əli Əhmədovun Quba rayonunda Partiyanın fəalları ilə keçirdiyi görüşdə səsləndirilib
Yeni Azərbaycan Partiyası Sədrinin müavini–İcra katibi Əli Əhmədov Quba rayonunda Partiyanın fəalları ilə görüşüb. SİA-nın Şimal bürosunun verdiyi məlumata görə, YAP-ın icra katibi Əli Əhmədov və Milli Məclisin deputatları görüşdən əvvəlcə tədbir iştirakçıları ilə birgə Ulu Öndərin abidəsini ziyarət edib, xatirəsini ehtiramla anıblar.
Heydər Əliyev Mərkəzində keçirilən görüşdə Azərbaycanda Prezidenti İlham Əliyevin rəhbərliyi ilə həyata keçirilən uğurlu islahatlardan söz açılıb. Əli Əhmədov tədbirdə çıxış edərək deyib ki, İlham Əliyevin prezidentliyi dövründə Azərbaycan dünyanın inkişaf etmiş ölkələri sırasında layiqli yerini daha da möhkəmləndirmişdir. Bu dövrdə həyatımızın bütün sahələrində dinamik inkişaf təmin edilib, əhalinin həyat səviyyəsi yaxşılaşıb.
Qeyd olunub ki, bu gün YAP öz sıralarında 600 minə yaxın insanı birləşdirir. Partiyanın üzvləri əvvəlki seçkilərdə olduğu kimi, builki seçkilərdə də xüsusi fəallıq nümayiş etdirməlidirlər. Bildirilib ki, gənclərlə iş daim diqqət mərkəzində olmalı, qadınların ictimai-siyasi işlərə cəlb olunması istiqamətində ardıcıl tədbirlər həyata keçirilməlidir.
Diqqətə çatdırılıb ki, respublikada gedən inkişaf özünü regionlarda, o cümlədən Qubada da göstərməkdədir. Rayonda bütün sahələrdə uğurlar əldə edilib. Bunun regionların sosial-iqtisadi inkişafına dövlətimizin xüsusi diqqət ayırması sayəsində mümkün olduğu vurğulanıb.
Qeyd edilib ki, qubalılar dövlət başçısının siyasətini bəyənir və bu il keçiriləcək prezident seçkilərində İlham Əliyevin namizədliyini dəstəkləyəcəklər.
sia.az