PDF Oxu

Siyasət

  • 27

Prezident İlham Əliyev: “Bu il maaşlar və pensiyalar artırılacaq”

Prezident İlham Əliyev: “Bu il maaşlar və pensiyalar artırılacaq”

Aprelin 14-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin sədrliyi ilə Nazirlər Kabinetinin 2013-cü ilin birinci rübünün sosial-iqtisadi inkişafının yekunlarına və qarşıda duran vəzifələrə həsr olunmuş iclası keçirilib. Dövlətimizin başçısı iclasda nitq söyləyib. Prezident İlham Əliyev öz nitqində qeyd edib ki, keçən il Azərbaycan iqtisadiyyatı uğurla inkişaf edirdi. Ölkə qarşısında duran bütün əsas vəzifələr icra edilib. İqtisadiyyatımızın şaxələndirilməsi istiqamətində aparılan işlər də yüksək səviyyədə idi.

Yəni, keçən ilin yekunları bu ilin inkişafına da möhkəm zəmin yaradıb. Prezident vurğulayıb ki, Azərbaycanda iqtisadi islahatlar uğurla aparılır, davam etdirilir. İslahatlar artıq gözəl nəticələrə gətirib çıxarır və bu baxımdan 2013-cü il də keçən illərdən fərqlənmir: "Ancaq hesab edirəm ki, biz 2013-cü ildə keyfiyyətcə daha da böyük nəticələr görəcəyik. Ümid edirəm ki, 2013-cü il xüsusilə, iqtisadiyyatın qeyri-neft sektorunun inkişafında rekord ili olacaqdır. Bildiyiniz kimi, iqtisadiyyatın şaxələndirilməsi məsələsi bizim üçün iqtisadi sahədə əsas prioritetdir. Xüsusilə enerji sektorunda görülmüş işlər nəticəsində demək olar ki, bütün hədəflərin təmin edilməsi şəraitində qeyri-neft sektorunun inkişafı təbii ki, prioritet olmalıdır. 2013-cü ilin birinci rübündə iqtisadi inkişaf özünü bir daha göstərdi. Xüsusilə qeyri-neft sektorundakı inkişaf məni çox sevindirir. Bu ilin birinci rübündə ümumi daxili məhsul 3,1 faiz artmışdır. Hesab edirəm ki, bu, çox yaxşı göstəricidir. Biz bu artımı qeyri-neft sektorunun hesabına əldə etmişik. Bu ilin birinci rübündə qeyri-neft sektorunun inkişafı 11,4 faiz olmuşdur. Yəni, bu, hesab edirəm ki, bugünkü Azərbaycan iqtisadiyyatını təhlil etmək üçün əsas göstərici olmalıdır. Çünki əvvəlki dövrlərdə də, bu gün də Azərbaycanın iqtisadi inkişafını təhlil edənlər bəzi hallarda bu inkişafı neft-qaz amili ilə bağlayırlar. Şübhə yoxdur ki, ilk illərdə - müstəqilliyimizin ən ağır dövründə, 1990-cı illərin ortalarında başlamış neft strategiyamız ölkə iqtisadiyyatına böyük təkan vermişdir və bu gün neft-qaz sektoru ölkə iqtisadiyyatında önəmli bir yer tutur. Ancaq bizim əsas uğurlarımız müdrik iqtisadi islahatlar nəticəsində təmin edilmişdir və bu il qeyri-neft sektorunun 11,4 faiz artması özlüyündə bir göstəricidir. Bu, onu göstərir ki, ölkə iqtisadiyyatı və ümumiyyətlə, ölkəmiz neft-qaz amilindən asılılığını azaldır və beləliklə, dayanıqlı inkişaf artıq reallıqdır. Makroiqtisadi göstəricilər də çox müsbətdir. İnflyasiya cəmi 1,2 faiz təşkil edir. Keçən il inflyasiya 1,1 faiz idi. Keçən ilin yekunlarını müzakirə edərkən mən qeyd etmişdim ki, bu il də inflyasiya birrəqəmli olmalıdır. Ancaq görürük ki, nəticələr daha da yaxşıdır - 1,2 faiz inflyasiya, əlbəttə, makroiqtisadi sabitlik üçün çox önəmli olan bir məsələdir. Eyni zamanda, daim qeyd etdiyim kimi, bizim bütün məqsədlərimizin mərkəzində insan amili dayanır. İnflyasiyanın aşağı səviyyədə saxlanması əlbəttə ki, insanların rifah halının yaxşılaşmasına xidmət göstərir. Əhalinin pul gəlirləri isə təxminən 6 faiz artmışdır. Biz burada da real artımı görürük. Kənd təsərrüfatında 4 faizdən çox artım olmuşdur. Bu da çox gözəl göstəricidir. Valyuta ehtiyatlarımız da artmaqdadır. Baxmayaraq ki, 2013-cü ildə böyük infrastruktur layihələrinin həyata keçirilməsi böyük maliyyə vəsaiti tələb edir. Eyni zamanda, sovet dövründən qalmış əmanətlərin qaytarılması prosesi gedir. Maaşlar və pensiyaların məbləği artırılacaqdır və daim artırılır. Buna baxmayaraq, biz öz valyuta ehtiyatlarımızı yenə də artıra bilirik.

Xərclər də kifayət qədər çoxdur. Xərclər əlbəttə ki, ölkə iqtisadiyyatının şaxələndirilməsinə xidmət göstərir. Ancaq əvvəlki dövrlərdə qarşıya hədəf qoyulmuşdur ki, biz valyuta ehtiyatlarımızı ildən-ilə artırmalıyıq və bunu edirik. Bu göstəriciyə, xüsusilə adambaşına düşən valyuta ehtiyatlarının həcminə görə Azərbaycan dünya miqyasında ön sıralardadır." Ölkə Prezidenti həmçinin vurğulayıb ki, regionlarin sosial-iqtisadi inkişafı ikinci Dövlət Proqramı bu ilin birinci rübündə uğurla icra edilir. Proqram bu il başa çatacaq: "Əminəm ki, proqram artıqlaması ilə icra ediləcəkdir. Çünki son illər ərzində proqrama əlavələr edilmişdir, yeni proqramlar qəbul olunmuşdur. Bu proqramın icrası nəticəsində ölkəmizdə bir milyon yüz mindən artıq iş yeri açılmışdır ki, onların 30 mini bu ilin birinci rübündə yaradılmışdır. Əlbəttə, bu göstərici də qeyri-neft sektorunda əldə edilən uğurlarla bilavasitə bağlıdır. Çünki əsas iş yerlərini yaradan sahələr qeyri-neft sənayesi və kənd təsərrüfatıdır.

Regionlarda quruculuq işləri aparılır, sosial infrastruktur yaradılır. Hesab edirəm ki, 2013-cü ildə bu istiqamətdə əsas məsələlər öz həllini tapacaqdır. Sosial infrastrukturun modernləşdirilməsi və yenidən yaradılması ilə bağlı müvafiq göstərişlər verilmişdir. Dövlət büdcəsində bu məqsədlər üçün kifayət qədər böyük məbləğlər nəzərdə tutulur və vaxtaşırı Prezidentin ehtiyat fondundan bu məqsədlərə əlavə vəsait ayrılır. Deyə bilərəm ki, iki regional inkişaf proqramı Azərbaycan iqtisadiyyatına çox böyük töhfə vermişdir. Əgər 2004-cü ildə birinci proqram qəbul olunmasaydı, indi hazırda şaxələndirilmiş iqtisadiyyatdan söhbət belə gedə bilməzdi.

Onu da deməliyəm ki, iqtisadi islahatlar, eyni zamanda, mötəbər beynəlxalq qurumlar tərəfindən də qeyd edilir. Azərbaycan o ölkələrdəndir ki, öz daxili imkanlarına söykənir, öz iqtisadi və siyasi inkişafını özü təmin edir. İqtisadi sahədə seçdiyimiz kurs beynəlxalq qurumlar tərəfindən də qiymətləndirilir. Buna görə baxmayaraq ki, bu gün hələ də bəzi ölkələrdə böhran öz acı nəticələrini göstərməkdədir, Azərbaycanda nə böhranın ən qızğın çağında, nə də indi maliyyə və iqtisadi böhranın heç bir əlaməti yoxdur. Bunun başlıca səbəbi Azərbaycanın müstəqil siyasətidir, müstəqil iqtisadi siyasətdir, bizim maliyyə vəziyyətimizdir və artıq həyat göstərir ki, bu, yeganə düzgün bir yoldur.

İslahatların davam etdirilməsi əlbəttə ki, inkişafımızı daha da gücləndirəcəkdir. Ancaq yenə də deyirəm, çox əlamətdar haldır ki, beynəlxalq qurumlar da bunu qeyd edirlər. Xüsusilə əsas reytinq agentlikləri "Standard & Poor’s", "Fitch" və "Moody’s" Azərbaycanın kredit reytinqini artırmışlar. Bunlardan yuxarı reytinq agentlikləri yoxdur. Avropanın bəzi ölkələrinin kredit reytinqlərinin aşağı salındığı bir dövrdə Azərbaycanın reytinqi qalxır. Davos Dünya İqtisadi Forumu dörd il ardıcıllıqla Azərbaycan iqtisadiyyatını MDB məkanında ən rəqabət qabiliyyətli iqtisadiyyat kimi qeyd edir. Bu gün dünya miqyasında rəqabət qabiliyyətliliyinə görə Azərbaycan iqtisadiyyatı 46-cı yerdədir.

Deyə bilərəm ki, Davos İqtisadi Forumu dünya miqyasında bir nömrəli beynəlxalq Forumdur. Bu Forumun, əlbəttə, həm siyasi, həm iqtisadi istiqaməti vardır. Azərbaycan bu Forumun fəal iştirakçısıdır və bu il ilk dəfə olaraq Dünya İqtisadi Forumu Bakıda keçirilmişdir, böyük uğurla keçirilmişdir. Forumda səslənən fikirlər, o cümlədən Azərbaycan iqtisadiyyatı, ümumiyyətlə, ölkəmizin inkişafı ilə bağlı səslənən fikirlər çox müsbət idi. Bu fikirlər və bu qiymət deyə bilərəm ki, ən yüksək qiymətdir. Çünki biri var hansısa qondarma qeyri-hökumət təşkilatı yalançı bir reytinq düzəldir və istənilən halda siyasi sifarişlər əsasında ölkələrin elə bil ki, sıralamasını müəyyən edir. Biri də vardır ki, mötəbər beynəlxalq qurumlar, Dünya Bankı, Dünya İqtisadi Forumu, Valyuta Fondu, digər mötəbər beynəlxalq qurumlar Azərbaycanda gedən prosesləri təqdir edir, yüksək qiymətləndirir.

Yəni, iqtisadi islahatlar bundan sonra da davam etdiriləcəkdir. Azərbaycan iqtisadiyyatı tam şəkildə bazar iqtisadiyyatı prinsipləri üzərində qurulubdur. Hazırda ümumi daxili məhsulun 83 faizi bazar iqtisadiyyatında, özəl sektorda formalaşır. Dövlət inhisarında olan şirkətlər də tədricən beynəlxalq mühasibat və beynəlxalq idarəçilik prinsiplərinə keçir. Bu proses də gedir, daha da sürətlə getməlidir. Dövlət şirkətləri, yəni, strateji, ölkəmiz üçün əhəmiyyət daşıyan sahələrdə fəaliyyət göstərən dövlət şirkətləri də korporativ üsul-idarə ilə idarə edilməlidir və bir daha demək istəyirəm ki, bu istiqamətdə son illər ərzində böyük nailiyyətlər müşahidə olunur.

Sosial məsələlərin həllinə gəldikdə, qeyd etdiyim kimi, bu məsələlər də həmişə olduğu kimi, bizim üçün prioritetdir. Əgər belə olmasaydı, son 10 il ərzində yoxsulluq 50 faizdən 6 faizə düşməzdi. Bu da neft-qazla zəngin olan ölkələr üçün, deyə bilərəm ki, çox əlamətdar bir göstəricidir. Çünki neftlə, qazla zəngin olan ölkələrdə bir çox hallarda təbəqələşmə prosesi gedir - varlılar daha da varlanır, kasıblar daha da kasıblaşır. Deyə bilərəm ki, bizim sosial və iqtisadi siyasətimizin uğurla aparılması bu fəsadların da qarşısını alıbdır.

Sosial məsələlərin həllinə gəldikdə, - mən sosial infrastruktur layihələrini qeyd etmək istəyirəm, - xəstəxanalar, məktəblər, mədəniyyət ocaqları, idman qurğuları tikilir. Sosial infrastrukturun yaradılması, yeniləşməsi prosesi bu il və gələn illərdə də davam edəcəkdir. Ünvanlı sosial yardım alan vətəndaşlar da dövlət tərəfindən qayğı ilə əhatə olunur. 123 min ailə dövlətdən bu yardımı alır və hər bir ailə orta hesabla dövlətdən 117 manat müavinət alır. Əlbəttə, mən çox istərdim ki, ünvanlı sosial yardıma ehtiyacı olan ailələrin sayı kəskin şəkildə azalsın. Ölkəmizin uğurlu inkişafı, yeni iş yerlərinin yaradılması, sosial proqramlar, əminəm ki, yaxın zamanlarda bu kateqoriyadan olan insanların da yaşayış səviyyəsini əhəmiyyətli dərəcədə yaxşılaşdıracaqdır. Ancaq hələ ki, dövlət dəstəyinə ehtiyacı olan ailələr var və biz onların qayğıları ilə məşğuluq. Çalışacağıq ki, bundan sonra da dövlət tərəfindən onlara verilən maddi yardımı artıraq. Bu il maaşlar və pensiyalar artırılacaqdır. Hesab edirəm ki, sosialyönümlü siyasətimizin nəticələri çox müsbət olacaqdır. Sosial məsələlərin həllində əlbəttə ki, ilk növbədə, biz məcburi köçkünlərin problemlərini qeyd edirik, daim bu məsələlərlə məşğuluq. Son bir neçə ay ərzində bu istiqamətdə də çox önəmli hadisələr baş vermişdir. Keçən ilin sonunda biz Müşfiqabad qəsəbəsində böyük bir şəhərciyin açılışını qeyd etmişik. Bu yaxınlarda Masazır qəsəbəsində böyük şəhərciyin açılışını qeyd etmişik. Bir neçə gündən sonra Mingəçevirdə böyük şəhərciyin açılışı qeyd ediləcəkdir. Bütün mənzillər yüksək keyfiyyətlə tikilmişdir, bütün infrastruktur - məktəblər, uşaq bağçaları, tibb məntəqələri, su, qaz, işıq, bütün digər infrastruktur layihələri nəzərdə tutulur. Dövlət Neft Fondundan bu il 300 milyon manat yalnız tikinti işlərinə ayrılmışdır. Artıq Prezidentin ehtiyat fondundan müəyyən məbləğ ayrılmışdır və istisna olunmur ki, gələcəkdə də, bu ilin sonuna qədər yenə də ayrılacaqdır. Biz demək olar ki, hər il köçkünlər üçün yeni bir şəhər salırıq. Bu il 20 min köçkün yeni evlərə, mənzillərə köçürüləcəkdir. Artıq yataqxanalardan köçürülmə prosesi başlamışdır, vaxtilə fin qəsəbələrində məskunlaşmış köçkünlər artıq bu il tamamilə oradan köçəcək və "fin qəsəbəsi" anlayışı "çadır şəhərciyi" anlayışı kimi birdəfəlik aradan götürüləcəkdir.

Amma bilirik ki, hələ də çətin, ağır vəziyyətdə yaşayan köçkünlər var - məktəblərdə, uşaq bağçalarında, yataqxanalarda, hərbi hissələrin ərazilərində. Onların köçürülməsi də təmin ediləcəkdir. Bu il və gələn il, ondan sonrakı illərdə bu məsələ həm bizim büdcəmizdə, Dövlət Neft Fondunun büdcəsində və ümumiyyətlə, Azərbaycanda diqqət mərkəzində olacaqdır. Prezident qeyd edib ki, Azərbaycan öz beynəlxalq mövqelərini bu ilin əvvəlində də möhkəmləndirə bilib. Dövlət başçısı bildirib ki, ikitərəfli əlaqələrimiz genişlənir, güclənir, tərəfdaş ölkələrin sayı artır. Azərbaycan beynəlxalq arenada öz mövqeyini müdafiə etmək iqtidarındadır.

Azərbaycan dünya miqyasında çox böyük hörmətə layiq olan bir ölkədir: "Çünki sözümüz də, əməlimiz də birdir. Azərbaycan etibarlı tərəfdaşdır. Bizim xarici siyasətimiz daxili siyasətin məntiqi davamıdır. Xarici siyasətimiz ölkəmizin daha da güclənməsinə yönəldilmişdir və biz milli maraqlarımızı çevik və məqsədyönlü xarici siyasətlə təmin edirik və beynəlxalq təşkilatlarda fəaliyyətimiz çox təsirlidir. Azərbaycan ikinci ildir ki, BMT Təhlükəsizlik Şurasının üzvüdür və bu ən mötəbər qurumda bütün məsələlərlə bağlı öz prinsipial sözünü deyir və deyəcəkdir. Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin həlli ilə bağlı bir neçə gün bundan əvvəl MDBMİ-nin forumunda mən Azərbaycanın rəsmi mövqeyini bir daha bildirmişəm. Bir daha demək istəyirəm ki, Azərbaycanın beynəlxalq birlik tərəfindən tanınan ərazi bütövlüyü danışıqlar mövzusu deyil, heç vaxt olmayıbdır, heç vaxt olmayacaqdır. Azərbaycan torpaqlarında ikinci qondarma erməni dövlətinin yaradılmasına biz heç vaxt imkan verməyəcəyik və çalışacağıq ki, bütün imkanlardan istifadə edib tezliklə bu münaqişəni həll edək. Bu münaqişənin həlli beynəlxalq hüquq normaları əsasında olmalıdır, BMT Təhlükəsizlik Şurasının 4 qətnaməsi qeyd-şərtsiz icra edilməlidir, işğalçı qüvvələr torpaqlarımızdan çəkilməlidir. Bununla bərabər, biz bundan sonra da öz gücümüzü - siyasi, iqtisadi, hərbi gücümüzü artırmalıyıq, artırırıq və bu, bizim suveren hüququmuzdur. Bir daha demək istəyirəm, məndə heç bir şübhə yoxdur ki, Azərbaycan öz ərazi bütövlüyünü bərpa edəcəkdir. Hər gün, hər ay bizim qələbəmizi yaxınlaşdırır. Hər ay, hər il Azərbaycan daha da güclənir, Ermənistan daha da zəifləyir. Bunu artıq bu məsələ ilə məşğul olan bütün maraqlı qurumlar, ölkələr də görür, bilir. Tarixin gedişatı, inkişafı belədir ki, Azərbaycan ilə rəqabət aparmaq Ermənistan üçün mümkün olmayacaqdır. Onların əsas ümidi xarici qüvvələrə, erməni lobbisinə, onun havadarlarına və bəzi başqa ölkələrin dairələrinədir. Bizim isə ümidimiz öz gücümüzdür - Azərbaycan xalqıdır, haqq və ədalətdir, beynəlxalq hüquqdur və artan gücümüzdür. Əminəm ki, Azərbaycan ədaləti bərpa edəcək və öz ərazi bütövlüyünü təmin edəcəkdir."

Bununla bərabər, bir daha demək istəyirəm ki, biz münaqişə dövründə çox fəal işləmişik. Biz münaqişə dövründə geridə qalmış ölkədən inkişaf edən ölkəyə çevrilmişik. Biz bu dövrdə iqtisadi sahədə inqilabi islahatlar aparmışıq. Biz ölkəmizi möhkəmləndirə bilmişik. Bu gün Azərbaycan və Bakı dünya mərkəzlərindən biridir. Baxın, şəhərimizdə, ölkəmizdə nə qədər beynəlxalq tədbir keçirilir. Demək olar ki, hər ay, bəzi hallarda ayda bir neçə dəfə beynəlxalq forumlar, iqtisadi forumlar, mədəniyyətlə, sivilizasiyalar dialoqu ilə bağlı forumlar. Yəni, Bakı, Azərbaycan bir daha demək istəyirəm ki, dünya mərkəzlərindən birinə çevrilibdir. Bakıda siyasi məsələlər, regional əhəmiyyətli məsələlər müzakirə edilir. Bakıda keçirilən Davos Forumunun əsas mövzusu Cənubi Qafqaz və Mərkəzi Asiya ölkələri arasında əlaqələr və bu əməkdaşlığın gələcəyi ilə bağlı idi. Bu Forum məhz Bakıda keçirilibdir. Yəni, beynəlxalq aləm də Bakını regional mərkəz kimi tanıyır. Bu, reallıqdır. Ancaq bununla bərabər, mən bir daha demək istəyirəm ki, bizim istəyimiz də, niyyətimiz də və artıq görülən işlər də regional çərçivələrdən çoxdan çıxıbdır. Azərbaycanda həll olunan məsələlər, qəbul edilən qərarlar nəinki regionun inkişafına, qitədə gedən bəzi proseslərə də öz təsirini göstərir. Biz artıq ciddi beynəlxalq amilə çevrilmişik. Siyasi təşəbbüslər bizim razılığımız olmadan, bizim maraqlarımız təmin edilmədən öz həllini tapa bilmir."

Daha sonra Vergilər naziri Fazil Məmmədov çıxış edərək bildirib ki, 2013-cü ilin birinci rübü ərzində dövlət büdcəsinin mədaxili 131 faiz yerinə yetirilmişdir. Büdcəyə daxil olmuş 4 milyard 670 milyon manat vəsaitin 2 milyard 840 milyon manatı Dövlət Neft Fondunun, 1 milyard 524 milyon manatı Vergilər Nazirliyinin, 290 milyon manatı isə Dövlət Gömrük Komitəsinin hesabına təmin edilmişdir. Dövlət büdcəsinin xərcləri 4 milyard 515 milyon manat təşkil etmişdir. İqtisadi təsnifata uyğun olaraq cari ilin 3 ayı ərzində dövlət büdcəsi xərclərinin 25,8 faizi və ya 1 milyard 164 milyon manatı sosial təyinatlı xərclərin - əməyin ödənişi fondu, təqaüd və sosial müavinətlər, dərman və ərzaq xərclərinin maliyyələşdirilməsinə ayrılmışdır. Müdafiə sənayesi naziri Yavər Camalov çıxışında qeyd edib ki, Silahlı Qüvvələrin müasir tələblərə cavab verən silah və döyüş sursatları ilə təmin edilməsi istiqamətində mühüm işlər həyata keçirilib. O qeyd edib ki, ölkədə həyata keçirilən irimiqyaslı infrastruktur layihələr nəticəsində iqtisadiyyatın davamlı inkişafı təmin edilib. Bütünlükdə sənayenin inkişafı ilə yanaşı, hər il Müdafiə Sənayesi Nazirliyinin müəssisələrində də yeni istehsal sahələrinin qurulub istifadəyə verilməsi ənənəyə çevrilib. Səhiyyə naziri Oqtay Şirəliyev isə bildirib ki, dövlətin sosial yönümlü siyasəti səhiyyə sahəsində köklü dəyişikliklərə səbəb olub. Son 10 ildə ölkə büdcəsində səhiyyə xərcləri 11 dəfədən çox artmışdır. Ölkəmizdə müasir tibb avadanlığı və cihazlarla təchiz olunmuş 500-dən çox səhiyyə müəssisəsi əhalinin istifadəsinə verilmişdir. Təkcə 2012-ci ildə 38 tibb müəssisəsi fəaliyyətə başlamışdır. Xüsusilə əlamətdardır ki, onların böyük bir qisminin açılışında dövlət rəhbəri şəxsən iştirak etmiş və öz xeyir-duasını vermişdir. Bu sahədə işlər bu il də davam etdirilir. Hazırda 69 səhiyyə obyektində təmir-tikinti işləri aparılır. Onlardan 50-nin bu ilin sonunadək istifadəyə verilməsi nəzərdə tutulur. Azərbaycan Prezidenti İlham Əliyev yekun nitqində qeyd edib ki, 2013-cü ildə görüləcək işlərlə bağlı bütün vəzifələr müəyyənləşdirilib. Dövlət İnvestisiya Proqramı icra edilir. Eyni zamanda, əvvəlki dövrlərdə qəbul edilmiş proqramlar icra edilir və onların bəziləri bu il başa çatdırılmalıdır. Prezident qeyd edib ki, gənc kadrların qabağa çəkilməsi daha da sürətlə getməlidir və ümumiyyətlə, bildiyiniz kimi, Azərbaycanda gənclər siyasəti uğurla aparılır, Azərbaycan gəncliyi Dövlət Proqramı icra edilir. Gəncləri işlə təmin etmək üçün onların təhsilini yüksək səviyyədə təşkil etmək üzrə işlər gedir: "Gənc ailələrin həyatda rastlaşdığı ən böyük problem mənzil problemidir. Hesab edirəm ki, ipoteka kreditləşmə mexanizmləri təkmilləşdirilməlidir, yenidən baxmaq lazımdır. Düzdür, bu istiqamətdə indi müəyyən islahatlar aparılır. Ancaq hesab edirəm ki, hələ çox işlər görülməlidir və ipotekaya ayrılan məbləğ artırılmalıdır. Baxmaq lazımdır, əgər büdcədə imkan olarsa bu il, olmasa gələn ildən ipotekaya ayrılan kreditlər artırılmalıdır ki, gənclərin mənzil problemi daha da sürətlə təmin edilsin.

Ərzaq təhlükəsizliyi ilə bağlı daim biz öz işlərimizi aparırıq və sahibkarlarla müşavirədə bu məsələ əsas məsələlərdən biri idi. Yenə də demək istəyirəm, bizim tam imkanımız var ki, özümüzü ərzaq məhsulları ilə yüz faiz təmin edək. Nəinki təmin edək, eyni zamanda, böyük ixrac potensialı da yaradaq. Biz burada iki istiqamət üzrə getməliyik. Əlbəttə, bitkiçilik, heyvandarlıq sahələrində intensiv metodlara daha da çox üstünlük verilməlidir. Eyni zamanda, iri fermer təsərrüfatlarının yaradılması prosesi də başlamışdır. Bizim hələ ki, dövriyyədə olmayan böyük torpaq sahələrimiz vardır. Orada meliorativ tədbirlər, infrastruktur layihələri həyata keçirilməlidir ki, biz on minlərlə hektar yeni torpaqları dövriyyəyə buraxaq. Beləliklə, bu, həm yeni iş yerlərinin açılmasına gətirib çıxaracaqdır, eyni zamanda, ərzaq təhlükəsizliyini tam şəkildə təmin edəcəkdir. Ərzaq təhlükəsizliyi enerji təhlükəsizliyi kimi, bəlkə də ondan da vacib olan məsələdir. İstisna edilmir ki, gələcək illərdə bu, əsas məsələlərdən birinə çevriləcəkdir. Çünki qlobal meyllər bunu göstərir. Dünyada indi resurslar uğrunda mübarizə gedir: enerji, su resursları uğrunda. İndi ərzaq məhsullarının, deməli, istehsalı ilə bağlı qeyri-müəyyən bir mənzərə yaranmışdır. Ona görə hesab edirəm, hər bir ölkə çalışmalıdır ki, özünü əsas ərzaq məhsulları ilə tam şəkildə təmin etsin, xüsusilə Azərbaycan kimi gözəl coğrafi imkanlara malik olan bir ölkə. Elə ölkələr var ki, orada ümumiyyətlə, heyvandarlıqdan, bitkiçilikdən söhbət gedə bilməz. Səhra tipli torpaqlardır. Ancaq xoşbəxtlikdən bizdə belə deyil və Azərbaycanda müxtəlif ərzaq məhsullarını istehsal etmək mümkündür. Doqquz iqlim qurşağımız və güclü maliyyə imkanlarımız vardır. Ona görə biz ərzaq təhlükəsizliyini yüz faiz təmin etməliyik. Bu, o demək deyil ki, biz inteqrasiya proseslərinə, yaxud da ki, indi dünya inteqrasiya proseslərinə qoşulmuruq. Biz qoşuluruq. Əlbəttə ki, biz öz iqtisadiyyatımızı bazar iqtisadiyyatı prinsipləri üzərində qurmuşuq. Ancaq onu da xatırlayırıq ki, taxılla bəzi ixracçı ölkələrdə yaranmış müəyyən çətinliklər istər-istəməz bizə də mənfi təsir göstərmişdir. Əvvəlki illərdə bağlanmış kontraktlara xitam verildi, onlar icra edilmədi və biz vəziyyətdən çıxış yolunu axtarmağa məcbur idik. Ona görə özümüzü tam əmin və sığortalı hiss etmək üçün biz əsas ərzaq məhsulları ilə özümüzü təmin etməliyik. Əlbəttə ki, meliorasiya, irriqasiya sistemlərinin qurulması prosesi getməlidir. Ölkəmizdə korrupsiya və rüşvətxorluğa qarşı mübarizə çox sürətlə aparılır. Bu mübarizə hərtərəfli şəkildə aparılır. Korrupsiya və rüşvətxorluq cəmiyyət üçün ən böyük problemlərdən biridir, ən böyük yaramızdır. Biz inkişaf etmiş ölkələrin bu sahədə də təcrübəsini nəinki öyrənməliyik, eyni zamanda, tətbiq etməliyik. Mən dəfələrlə bu barədə fikirlərimi bildirmişəm, bir daha demək istəyirəm ki, yalnız cəza tədbirləri, inzibati tədbirlər bizim istədiyimizə nail olmaq üçün kifayət etməz. Əlbəttə ki, cəza tədbirləri də olmalıdır, hüquq mühafizə orqanları da bu istiqamətdə öz fəaliyyətini davam etdirməlidir. İnzibati tədbirlər də görülür və görüləcəkdir. Ancaq institusional tədbirlərin genişlənməsi, tətbiqi, sistem xarakterli islahatların aparılması və davam etdirilməsi, hesab edirəm ki, korrupsiyaya, rüşvətxorluğa qarşı mübarizədə bizə daha da yaxşı imkan yaradacaqdır. Biz korrupsiya, rüşvətxorluq üçün mövcud olan meydanı maksimum dərəcədə daraltmalıyıq. "Elektron xidmət", "Elektron hökumət" layihələri bu istiqamətdə atılan çox önəmli addımlardır.

Məmur-vətəndaş ünsiyyəti bu istiqamətdə minimuma endirilməlidir. Yenə də inkişaf etmiş ölkələrin təcrübəsini biz maksimum dərəcədə tətbiq etməliyik. Buna görə də Azərbaycanda İKT sektorunun inkişafına daha da böyük diqqət göstərilməlidir və göstəriləcəkdir.

Son aylar ərzində bu istiqamətdə çox ciddi addımlar atılmışdır. Onların içində "ASAN xidmət"inin fəaliyyətini mən qeyd etmək istəyirəm. Bu xidmət öz fəaliyyətini genişləndirir. Artıq minlərlə vətəndaş "ASAN xidmət"ə müraciət etmişdir. Biz "ASAN xidmət"in fəaliyyətini genişləndiririk. Hesab edirəm ki, bu ilin yayına qədər Bakının bütün rayonları əhatə ediləcəkdir. Eyni zamanda, böyük şəhərlər - Sumqayıt, Gəncə şəhərləri əhatə ediləcəkdir. Gələn il hesab edirəm ki, bütün başqa bölgələrdə xidmət yaranmalıdır. O vaxta qədər mobil avtobuslarla bu xidmət göstəriləcəkdir. Artıq avtobuslar alınıbdır. Yaxın həftələrdə Azərbaycanda olacaqdır. Bu avtobuslar vasitəsilə müxtəlif bölgələrdə bu xidmət öz fəaliyyətinə başlayacaqdır.

Bir sözlə, institusional islahatlar, elektron hökumət, şəffaflıq və əlbəttə ki, güclü siyasi iradə olmalıdır. Bu güclü siyasi iradə vardır. Biz, əgər inkişaf etmiş ölkəyə çevrilmək istəyiriksə, korrupsiyaya, rüşvətxorluğa qarşı daha da ciddi mübarizə aparmalıyıq. Əminəm ki, biz bu mübarizədə qalib gələcəyik.

Bununla bərabər, dövlət məmurlarının məsuliyyəti də artmalıdır. Dövlət məmurları xalqa xidmət edir və etməlidirlər. Bu məsələlərlə bağlı mən fikirlərimi bildirmişəm. Dövlət məmuru cəmiyyətdə hər bir vətəndaş üçün nümunə olmalıdır. Təvazökarlıq, saflıq və vətənə xidmət nümunəsi. Dövlət məmurları seçilmiş insanlar olmalıdır. Onların həm peşəkarlığı, həm də mənəvi keyfiyyətləri yüksək səviyyədə olmalıdır. Məmur-vətəndaş münasibətləri hörmət əsasında qurulmalıdır. Harada ki, nöqsanlar, pozuntular vardır, əlbəttə ki, tədbirlər görülür və bu proses bundan sonra da davam etdiriləcəkdir. Cəmiyyətdə sosial ədalət prinsipləri tam şəkildə tətbiq edilməlidir. Bunu bizim Əsas Qanunumuz - Konstitusiya tələb edir və ümumi normal davranış elə olmalıdır ki, sosial ədalət prinsipləri pozulmasın. Çünki deyə bilərəm ki, insanları narahat edən ən böyük məsələ ədalətsizlikdir, həyatda da, siyasətdə də, hər bir sahədə də. Ona görə də ədalət, sosial ədalət olmalıdır və bütün qərarlar ədalətli olmalıdır. Əgər qərar ədalətlidirsə, əgər hətta kiminsə xoşuna gəlmirsə, ədalətli olduğu üçün bu qərarla barışırlar. Əgər qərar ədalətsizdirsə, əgər belə demək mümkündürsə, bundan böyük ədalətsizlik ola bilməz.. Çıxışımın sonunda qeyd etməliyəm ki, "İnformasiya-kommunikasiya texnologiyaları ili" Azərbaycanda uğurla başlayır. Azərbaycan kosmik dövlətdir. Bu, böyük, tarixi nailiyyətdir. "Azərspace-1" peyki orbitdədir. Artıq idarəçilik də Azərbaycana verilibdir. Biz bu peyki Bakıdan idarə edirik. Artıq tərəfdaşlarla ikinci, üçüncü peykin orbitə buraxılması ilə bağlı danışıqlara başlamışıq. Bu da bir yenilik, müasirlik, inkişafdır. Eyni zamanda, qeyd etmək istəyirəm ki, bizim ikinci regional inkişaf proqramımız bu ilin sonunda başa çatır. Çox iş görülübdür. Amma görüləcək işlər çoxdur. Ona görə hesab edirəm ki, üçüncü dövlət proqramının hazırlanması ilə bağlı biz daha da fəal işləməliyik. İlin sonuna qədər üçüncü dövlət beşillik proqramı hazır olmalıdır ki, 2014-cü ilin əvvəlində biz onu da qəbul edək və beləliklə, ölkəmizin uğurlu inkişafını təmin edək. Sağ olun.

Digər xəbərlər