İlkin olaraq onu qeyd etməliyəm ki, mən bu qısa məqalə çərçivəsində Prezident İlham Əliyevin son günlərdəki müxtəlif çıxışlarını analitik aspektdən təhlil etməyə çalışacam. Təsadüfi deyil ki, aprelin 14-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin Sədrliyi ilə Nazirlər Kabinetinin 2013-cü ilin birinci rübünün sosial-iqtisadi inkişafının yekunlarına və qarşıda duran vəzifələrə həsr olunmuş iclasda dövlət başçımız, Azərbaycanın şaxələndirilmiş iqtisadi siyasətini daxili və xarici siyasət kontekstində təhlil edərək fikirlərini belə açıqlamışdır: "Onu da deməliyəm ki, iqtisadi islahatlar, eyni zamanda, mötəbər beynəlxalq qurumlar tərəfindən də qeyd edilir. Azərbaycan o ölkələrdəndir ki, öz daxili imkanlarına söykənir, öz iqtisadi və siyasi inkişafını özü təmin edir. İqtisadi sahədə seçdiyimiz kurs beynəlxalq qurumlar tərəfindən də qiymətləndirilir. Buna görə də, baxmayaraq ki, bu gün hələ də bəzi ölkələrdə böhran öz acı nəticələrini göstərməkdədir, Azərbaycanda nə böhranın ən qızğın çağında, nə də indi maliyyə və iqtisadi böhranın heç bir əlaməti yoxdur. Bunun başlıca səbəbi Azərbaycanın müstəqil siyasətidir, müstəqil iqtisadi siyasətdir, bizim maliyyə vəziyyətimizdir və artıq həyat göstərir ki, bu, yeganə düzgün bir yoldur".
Cənab Prezident İlham Əliyev bu yaxınlarda "Rossiya-24" telekanalının "Vesti v subbotu" verilişinin aparıcısı Sergey Brilyova verdiyi müsahibədə də qlobal inteqrasiya prosesində dövlətlərin iqtisadi siyasətlərinin bir çox amillərdən asılı olduğunu analitik tərzdə izah etmişdir. Belə ki, Cənab Prezident haqlı olaraq qeyd edir ki, modern dövrdə dövlətlərin iqtisadi siyasətlərinin tənəzzüllə nəticələnməsinin əsas səbəblərindən biri, siyasətçilərin məsuliyytsizliyi ilə əlaqədardır. Məhz bu müasir siyasət fəlsəfəsində də siyasi etika mövzusuna daxildir. Cənab Prezident iqtisadi siyasət istiqamətində dövlətin rolunu və statusunu belə qiymətləndirir: "Avrozonada baş verən hadisələr və böhran göstərir ki, dövlət nizamlanmaya qarışmadığı təqdirdə, dayanıqlı yüksəlişi təmin etmək çox çətin olacaqdır. Hesab edirəm ki, maliyyə və iqtisadi böhrana görə günah siyasətçilərin məsuliyyətsizliyindədir. Gələcək nəsillərin cibinə girənlər bəlkə də təsəvvür etmirdilər, bəlkə də təsəvvür edirdilər ki, bu, nəyə gətirib çıxara bilər".
Bu məqamda, qeyd etməliyəm ki, ölkəmizdə həyata keçirilən iqtisadi islahatlar qlobal inkişaf dinamikasına müvafiq olaraq həyata keçirilməkdədir. Məhz şaxələndirilmiş prinsipə əsaslanan iqtisadiyyatımız, sabit dinamizm istiqamətində inkişafa səbəb olmaqdadır. Belə ki, Cənab Prezidentin də haqlı olaraq vurğuladığı kimi enerji təhlükəsizliyi məsələsi həm daxili, həm də xarici siyasətimizlə birbaşa əlaqəli şəkildədir: "Enerji təhlükəsizliyi məsələləri çox vaxt bütövlükdə təhlükəsizlik məsələlərinə çevrilir. İndiki halda Azərbaycan öz təbii ehtiyatları, coğrafi mövqeyi və neft-qaz resurslarının nəqli üçün inkişaf etmiş infrastruktur sayəsində getdikcə daha əhəmiyyətli rol oynayır. Qonşularımızla çox səmərəli əlaqələr yaradılmışdır. Azərbaycan bütün qonşu ölkələrə neft, qaz, elektrik enerjisi ixrac edir və təbii ki, bu sahədə, xüsusən, istehsalçı ölkələr arasında əməkdaşlıq indiki mərhələdə xüsusi əhəmiyyət kəsb edir. Ona görə ki, istehsalçılar, əlbəttə, bazarlara maraq göstərirlər, onların maraqları ümumidir".
Yeri gəlmişkən, qeyd etməliyəm ki, Cənab Prezident İlham Əliyevin son günlərdəki müxtəlif çıxışlarında ifadə etdiyi fikirlər milli və qlobal maraqlar kontekstində də anlaşılmalıdır. Məhz bu milli və qlobal maraqlar aspektindən Azərbaycanda həyata keçirilən islahatlar və iqtisadi siyasət, şaxələndirmə mahiyyətini daşıyır. Digər tərəfdən Cənab Prezident Azərbaycanın inkişafı naminə aparılan bu islahatların Qəbələ RLS kontekstində, eyni zamanda, dövlət müstəqilliyimiz ilə də birbaşa əlaqəsi olduğunu yüksək səviyyədə ifadə etməkdədir: "Əvvəla, mən demək istəyirəm ki, bizi heç kəs heç vaxt vadar edə bilməz. Regional məsələlərin sonuncu inkişaf tarixi, məhz sizin haqqında danışdıqlarınızın regionda həyata keçirməyə çalışdığı təşəbbüslər və bizim bu təşəbbüslərə qarşı hərəkətlərimiz onu göstərir ki, bizi heç kəs heç nəyə məcbur edə bilməz. Xüsusilə də, bizi strateji tərəfdaşımıza qarşı hər hansı addım atmağa vadar etmək, ümumiyyətlə, mümkün deyildir".
Məhz Cənab Prezidentin "Azərbaycanın Qoşulmama Hərəkatına daxil olması, zənnimcə, son dövrün mühüm hadisələrindən biridir. Hesab edirəm ki, bu əlamətdar hadisə Azərbaycanın xarici siyasət səylərinin müasir vektorunu əks etdirir və zənnimcə, qlobal miqyasda çox aktiv xarici siyasi fəaliyyətin daha bir elementidir" ifadələri Azərbaycanın sabit və çoxşaxəli inkişafının əsas meyarını təşkil edir.
Rəşad İlyasov,
fəlsəfə doktoru