PDF Oxu

Siyasət

  • 27

Kiyevdə “Azərbaycan dövlətçiliyində Heydər Əliyevin rolu” mövzusunda “dəyirmi masa” və tanınmış alim Yaqub Mahmudovun Ukrayna dilində “Heydər Əliyev ideyalarının zəfər yürüşü” kitabının təqdimatı olmuşdur

Kiyevdə “Azərbaycan dövlətçiliyində Heydər Əliyevin rolu” mövzusunda “dəyirmi masa” və tanınmış alim Yaqub Mahmudovun Ukrayna dilində “Heydər Əliyev ideyalarının zəfər yürüşü” kitabının təqdimatı olmuşdur

Bu gün, aprelin 17-də Ukrayna Prezidenti yanında Milli Dövlət İdarəçilik Akademiyasının (MDİA) Azərbaycan və Ukraynanın dövlət bayraqları ilə bəzədilmiş akt zalında "Azərbaycan dövlətçiliyində Heydər Əliyevin rolu" mövzusunda "dəyirmi masa" öz işini böyük müvəffəqiyyətlə başa çatdırmışdır.

Tədbir çərçivəsində Azərbaycan Respublikası MEA-nın Tarix İnstitutunun direktoru, tarix elmləri doktoru, professor, AMEA-nın müxbir üzvü, Milli Məclisin deputatı Yaqub Mahmudovun Ukrayna dilində "Heydər Əliyev ideyalarının zəfər yürüşü" kitabının təqdimatı olmuşdur.

Ukrayna Prezidenti yanında MDİA və Azərbaycanın Kiyevdəki səfirliyi tərəfindən təşkil edilmiş tədbir iki dost ölkənin ictimai-siyasi həyatında mühüm hadisə olmuşdur.

Forumu akademiyanın prezidenti, professor Yuri Kovbasyuk və ölkəmizin Ukraynadakı səfiri Eynulla Mədətli açmışlar. Onlar həm də forumun moderatorları kimi çıxış etmişlər.

Birinci natiq Azərbaycan xalqının ümummilli lideri və Ukraynanın böyük dostu Heydər Əliyevin fenomen şəxsiyyət olduğunu vurğulayaraq xatırlatmışdır ki, 2003-cü il martın 27-də Heydər Əliyev Ukrayna Prezidenti yanında Milli Dövlət İdarəçilik Akademiyasının fəxri doktoru adına layiq görülmüşdür.

Azərbaycan səfiri də öz çıxışında Heydər Əliyev dühasının rolundan və onun Azərbaycan dövlətçiliyi tarixindəki müstəsna yerindən danışmışdır.

Diplomat demişdir ki, Heydər Əliyev həqiqətən xalqın və dövlətçiliyin xilaskarı olmuş bir insan, öz baxışları, təcrübəsi və işləri ilə bütün mövcud dəyərlər və siyasi oriyentirlər sisteminin fövqündə durmuş bir şəxsiyyətdir.

Xarici dövlətlərin rəhbərləri, tanınmış dünya analitikləri birmənalı şəkildə etiraf edirlər ki, Heydər Əliyev XX əsrin ikinci yarısı – XXI əsrin əvvəllərində görkəmli siyasi və dövlət xadimi kimi siyasi tarixdə qalacaqdır. O, çox böyük siyasi təcrübəsi, nadir xarizması, natiqlik qabiliyyəti və yüksək nüfuzu ilə müasir siyasi xadimlərdən seçilirdi. Onun məqsədi mütərəqqi Avropa standartları üzrə milli dövlət yaratmaqdan ibarət idi. Məhz o, Azərbaycan dövlətçiliyinin möhkəm əsaslarını qoyaraq milli müstəqilliyin inkişaf vektoruna dönməz xarakter verdi.

Yaqub Mahmudov "Azərbaycan dövlətçiliyinin qurulmasında və möhkəmlənməsində Heydər Əliyevin rolu" mövzusunda məruzə etmişdir.

Öz növbəsində Türkiyənin Ukraynadakı səfiri Mehmet Samsar Heydər Əliyevi türk dünyasının dahi lideri adlandırmışdır.

Akademiyanın kafedra müdiri, professor Sergey Teleşun, 2001-2010-cu illərdə Azərbaycanın Kiyevdə səfiri olmuş Tələt Əliyev, şeyx Şakir Yəhyayev, "Ukrayna azərbaycanlılarının birləşmiş diasporu" Ümumukrayna İctimai Təşkilatının başçısı Hikmət Cavadov, Ukrayna Azərbaycanlıları Konqresinin sədri Rövşən Tağıyev, Kiyev Milli Aviasiya Universitetinin professoru Arif Quliyev və başqaları öz çıxışlarında Heydər Əliyevdən və Azərbaycan-Ukrayna əlaqələrindən danışmışlar.

"Dəyirmi masa"nın bütün iştirakçılarına Yaqub Məmmədovun Ukrayna dilində "Heydər Əliyev ideyalarının zəfər yürüşü" kitabının nüsxələri təqdim edilmişdir.

Forumda Əfqanıstan, Pakistan, Tacikistan, Türkmənistan, Özbəkistan səfirləri, Azərbaycan, Qazaxıstan, Qırğızıstan, Moldova səfirliklərinin, beynəlxalq təşkilatların, o cümlədən GUAM-ın missiyalarının əməkdaşları, ARDNŞ-in, "Akkord" şirkətlər qrupunun nümayəndələri, diasporumuzun ağsaqqalları və fəalları, Ukrayna ictimaiyyətinin nümayəndələri iştirak etmişlər.

AzərTAc

Digər xəbərlər