PDF Oxu

Siyasət

  • 22

HEYDƏR ƏLİYEV VƏ MÜSTƏQİL AZƏRBAYCAN RESPUBLİKASININ İLK KONSTİTUSİYASI

HEYDƏR ƏLİYEV VƏ MÜSTƏQİL AZƏRBAYCAN RESPUBLİKASININ İLK KONSTİTUSİYASI

Xalqımızın Ümummilli Lideri Heydər Əliyev ötən əsrin və yeni minilliyin ən görkəmli, siyasi və qüdrətli dövlət xadimlərindən biri olmaqla yanaşı Azərbaycanda müstəqil hüquqi dövlətin yaradıcısı və qurucusu olaraq əbədiləşdi. XX yüzilliyin sonunda baş verən böyük tarixi hadisələr, bir çox başqa xalqlarda olduğu kimi, Azərbaycan xalqına da xoşbəxtlik gətirdi. Xalqımız müstəqil, suveren Azərbaycan dövlətini yaratmağa nail oldu. Bu fonda milli müstəqilliyimizin əsas atributu olan Azərbaycan Respublikası Konstitusiyasının (əsas qanunun) qəbul olunması xüsusi əhəmiyyət kəsb edir. Məhz bu Konstitusiya vasitəsi ilə varlığımız, müstəqilliyimiz, suverenliyimiz, hüquqlarımız bir daha təsdiq olunmuş, dünya birliyinə bəyan edilmişdir. Eyni zamanda, bu Konstitusiya ilə və demokratik təsisatlar sahəsində ən önəmli nailiyyətlər qazanmış ölkələrin konstitusiyaları ilə tanış olarkən bir daha yəqinlik hasil edir və inanırsan ki, Azərbaycan Respublikasının Konstitusiyası dünyada mövcud olan ən demokratik konstitusiyalardan biridir.

Konstitusiyamızın dərin məna və məzmuna malik olması, əvvəldən axıra qədər onun hazırlanması, ərsəyə gətirilməsi Azərbaycan xalqının dahi oğlu, böyük mütəfəkkir və nəzəriyyəçi, müasir dünyamızın məşhur siyasətçisi, Ulu Öndərimiz Heydər Əliyevin adı ilə bağlıdır. Konstitusiyanın dərin məzmununda, mübaliğəsiz demək olar ki, hər bir maddəsində Heydər Əliyev zəkası, Heydər Əliyev təfəkkürü, müdrik fikir və ideyaları, aydınca hiss olunmaqdadır.

1991-ci ilin 18 oktyabrında Azərbaycan Respublikası Ali Soveti Azərbaycanın dövlət müstəqilliyi haqqında Konstitusiya qanunu qəbul etdi. Bu da tələm-tələsik hazırlanmışdı. Azərbaycan vətəndaşlarının real hüquq və vəzifələrini heç də tam əks etdirmirdi. Suveren Azərbaycan dövlətində konstitusiya boşluğu aydın şəkildə hiss olunurdu. Təxirə salınmadan respublikanın ilk milli Konstitusiyasını hazırlamaq üçün tarixi zərurəti nəzərə alaraq bu istiqamətdə böyük əməli işlərə başlanıldı.

1993-cü ildə xalqımızın Ümummilli Lideri Heydər Əliyev xalqın tələbi ilə yenidən hakimiyyətə qayıdışından sonra Azərbaycanın yeni Konstitusiyasının qəbul olunması istiqamətində fəaliyyətə başladı. Yeni müstəqil Azərbaycan Respublikasının Konstitusiyasının qəbulu sahəsində ilk tədbirlərdən biri Əsas Qanun layihəsinin hazırlanması haqqında Milli Məclisin 1993-cü il 6 dekabr tarixli qərarı oldu. Lakin bu qərar əsasında yaradılan müvəqqəti Konstitusiya ölkədə mövcud olan böhranlı vəziyyət ucbatından işini görə bilmədi. Prezident Heydər Əliyev hesab edirdi ki, Azərbaycanın müstəqilliyinin təminatı üçün müasir ruhda yazılan və xalq tərəfindən qəbul edilən yeni Konstitusiyaya ehtiyac vardır. Yalnız bundan sonra 1995-ci il mayın 2-də Milli Məclis Prezidenti Heydər Əliyevin Sədrliyi ilə 37 nəfərdən ibarət Konstitusiya Komissiyası yaradıldı. Milli Məclisin qərarı ilə bu komissiya Azərbaycan Respublikasının yeni Konstitusiya layihəsini hazırlamaq tapşırığı verildi. Ümummilli Lider Heydər Əliyev yeni Konstitusiyanı son dərəcə mükəmməl bir sənəd kimi hazırlanmalı olduğunu qeyd edərək deyirdi: "Biz elə bir layihə hazırlamalı və nəhayət, elə bir konstitusiya qəbul etməliyik ki, o, müstəqil Azərbaycan Respublikasının demokratik prinsiplər əsasında uzun müddət sabit yaşamasını təmin edən əsas qanun, tarixi sənəd olsun. Ona görə də üzərimizə düşən vəzifə həm şərəflidir, həm də çox çətindir.... Konstitusiyamız Azərbaycanda məhz demokratik, hüquqi, dünyəvi, sivilizasiyalı bir dövlət qurmaq üçün əsas yaratmalıdır, onun əsas qanunu olmalıdır". Komissiyanın tərkibinə respublikamızın tanınmış ictimai-siyasi xadimləri, alimlər, peşəkar hüquqşünaslar daxil edildi. Çox qısa müddətdə inkişaf etmiş demokratik ölkələrin konstitusion quruculuq təcrübəsi öyrənildi, təhlil olundu, layihə hazırlandı və ictimai müzakirəyə təqdim olundu. Geniş ictimaiyyətin iştirakı ilə həyata keçirilən müzakirələrdən sonra Konstitusiya layihəsi 1995-ci ilin noyabrın 12-də ümumxalq səsverməsində (referendumda) Azərbaycan Milli Konstitusiyası 91,9 % səslə qəbul edildi. Bu Konstitusiya 1995-ci il noyabrın 27-də qüvvəyə minmişdir. Tarixi təcrübə sübut edir ki, ən demokratik əhalinin bütün təbəqələrinin mənafeyini hərtərəfli təmsil edən konstitusiyalar məhz ümumxalq səsverməsi (referendum) vasitəsi ilə qəbul olunan konstitusiyalardır.

Azərbaycanın ilk milli Konstitusiyasının qəbul edilməsi xalqımızın dövlət müstəqilliyi tarixində konstitusionalizm məfkurəsinin qəti qələbəsi idi. Azərbaycan Respublikası Konstitusiyasının hüquqi fəlsəfəsində bir ali məqsəd - insan və vətəndaş hüquqlarının və azadlıqlarının təminatı dayanır. İnsan şəxsiyyətinin toxunulmazlığı, layiqli həyat səviyyəsinin təminatı, humanizm və insanpərvərlik prinsipləri əsas qanunumuzun başlıca mahiyyətini təşkil edir.

Demokratik dəyərlərə əsaslanan Konstitusiya Respublikamızın gələcək inkişaf prioritetlərini dəqiq müəyyənləşdirməklə yanaşı, insan hüquq və azadlıqlarının təminatını və dövlətin ali məqsədi kimi ön plana çıxarır. Ulu Öndər Heydər Əliyevin dediyi kimi: "Yeni Konstitusiya Azərbaycanda demokratik, hüquqi dövlətin qurulması demokratik vətəndaş cəmiyyətinin yaranması üçün əsaslar yaratmış, bütün təminatları vermişdir. Bizim borcumuz bu təminatlardan konstitusiyanın bizə verdiyi qanuni əsaslardan səmərəli istifadə etmək və ölkəmizdə hüquqi, demokratik dövlət yaratmaq, vətəndaşların, insanların hüquqlarının qorunmasını təmin etməkdən ibarətdir". 5 bölmədən, 12 fəsil, 158 maddədən ibarət olan Azərbaycan Respublikası Konstitusiyasının 48 maddəsinin və yaxud üçdə biri sırf insan hüquq və azadlıqları ilə bağlıdır.

Ulu Öndərimiz Heydər Əliyevin rəhbərliyi ilə hazırlanmış milli Konstitusiyamız ümumbəşəri ideyalara, ən qabaqcıl dünya təcrübəsinə əsaslanmaqla yanaşı, özündə tarixi ənənələrimizi, Azərbaycan xalqının milli mənəvi dəyərlərini ehtiva edir.

1995-ci il noyabrın 10-da Azərbaycan Respublikasının yeni Konstitusiyasını hazırlayan komissiyanın sön doqquzuncu iclasındakı çıxışında Prezident Heydər Əliyev Konstitusiya Komissiyasının bütün üzvlərinin layihənin hazırlanmasında olduqca səmərəli, faydalı, tarixi xidmətlərini vurğulamaqla onu da qeyd etmişdir ki, "Üzərimizə düşən məsuliyyəti biz vicdanla, xalqımıza sədaqətlə həyata keçirmişik və gördüyümüz işə, xalqa təqdim etdiyimiz layihəyə görə fəxr edə bilərik. Hesab edirəm ki, bütün gələcək nəsillərdə meydana çıxacaq sualların hamısına burada cavab var... Komissiyanın Sədri kimi, şəxsən mən bu böyük tarixi sənədin hazırlanmasında öz şəxsi məsuliyyətimi daim dərk etmişəm, bu gün də dərk edirəm. Ona görə də, bu sənədin hazırlanmasına xeyli vaxt sərf etmişəm. Haqqım var deyəm ki, çox zəhmət çəkmişəm. Hər bir kəlmənin, hər bir sözün mənasını dəfələrlə araşdırmışam, onun hu gün üçün, gələcək üçün nə qədər əsaslı olmasını dəfələrlə təhlil etmişəm. Mən çox rahatlıq hissi ilə bu layihənin altından imza atıram və bu layihəyə görə tam cavabdeh olduğumu bu gün bəyan edirəm. Hesab edirəm ki, biz Azərbaycanın bu günü, gələcəyi üçün çox böyük bir sənəd - siyasi, hüquqi sənəd yaratmışıq".

Konstitusiyamızda ən ciddi məsələlərdən biri hakimiyyətin dövlət orqanları arasında bölüşdürülməsidir. Qeyd etmək lazımdır ki, tarixən mövcud olmuş dövlət quruluşu barədə hüquqi - siyasi təlimlər arasında hakimiyyətin bölüşdürülməsi konsepsiyası mühüm yer tutmuşdur. Hələ keçmiş dövrün mütəfəkkirləri Aristotel, Paduyalı, Mərsili, C.Lok və başqaları deyirdilər ki, dövlətin fəaliyyəti yekcins deyildir və bir neçə fəaliyyət növünü - qanunvericilik fəaliyyətini, qanunların icrasını, ədalət mühakiməsini özündə birləşdirir. Bu ideyalara əsaslanaraq XVIII əsrdə yaşamış fransız filosofu və tarixçisi Ş.Monteskye hakimiyyətin bölüşdürülməsi nəzəriyyəsini yaratmış və bu da klassik nəzəriyyə kimi qəbul edilmişdir. Onun fikrincə düzgün qurulmuş dövlətdə vahid hakimiyyət ola bilməz. O, cəmiyyətdə bir-birindən asdı olmayan 3 hakimiyyətin - qanunverici, icra və məhkəmə hakimiyyətinin olmasının ideyasını müdafiə edirdi. Həm də bu hakimiyyətlərin bir şəxsin, ya orqanın əlində hər hansı şəkildə birləşdirilməsi mütləq mənafeyin unudulmasına, sui-istifadə təzahürlərinə aparıb çıxarır və şəxsiyyətin siyasi azadlığı ilə bir araya sığmır. Demək olar ki, Ş.Monteskye onun yuxarıda göstərilən təlimi öz dövründə və sonrakı, o cümlədən, müasir dövrdə birmənalı qarşılanması da, sivilizasiyalı ölkələrdə əsas model kimi qəbul olmuşdur. Bununla bərabər müasir dünyamızda hakimiyyətin bu 3 hissəsi - qanunverici, idarəedici, məhkəmə hakimiyyətləri arasında bölgü onlara verilən səlahiyyətlər heç də bərabər deyildir. Bəzən qanunverici orqan olan parlamentlərin funksiyası heç də qanunvericilikdə məhdudlaşmır, qanunların icrasına da müdaxilə edir, yuxarı eşalonda kadr dəyişikliyi ilə məşğul olurlar. Yaxud heç də prezidentlərin hamısı eyni hüquqlara malik deyillər və s.

Azərbaycan üçün prezidentli respublika üsul - idarəsi əsas götürülməklə 3 hakimiyyətin - qanunverici, idarəedici və məhkəmə hakimiyyətləri olmaqla 3 forması məqbul sayılmışdır.

Hakimiyyət bölgüsündə ən müvəffəqiyyətli cəhətlərdən biri respublika Prezidentinin dövlətin və hökumətin başçısı olmasıdır. Nazirlər Kabineti Prezidentin icra strukturlarından biridir - ən yuxarı pilləsidir. Dünya ölkələrinin praktikası göstərir ki, icra, yaxud icraya nəzarət funksiyasının hakimiyyət strukturları arasında müştərəkləşməsi heç də yaxşı nəticələr vermir. Əksinə, bu hal mütəmadi olaraq siyasi böhranlar, hədsiz dərəcədə parlament seçkilərinə, kabinet dəyişikliklərinə səbəb olur. Məsələn, İtaliyada II Dünya müharibəsindən sonra baş vermiş hökumət dəyişikliklərinin sayı, ümumiyyətlə, müharibədən sonrakı illərin sayından çox olmuşdur.

Ümummilli Liderimiz Heydər Əliyev Konstitusiyamızda hakimiyyət bölgüsü hakimiyyətin qolları arasında qarşılıqlı nəzarətin yaranması məsələsindən danışarkən demişdir: "Konstitusiya birinci növbədə dövlətlə, hakimiyyətlə xalqın arasında olan münasibətləri özündə əks etdirməlidir. Hakimiyyət bölgüsü ali icra, qanunvericilik məhkəmə hakimiyyəti - bunların hamısı xalqın iradəsinə söykənməli, seçkilər yolu ilə təmin olunmalıdır. Dövlət xalqın işi olmalıdır. Xalq dövlət üçün yox, dövlət xalq üçün olmalıdır prinsipləri konstitusiyamızın əsasını təşkil etməlidir".

Konstitusiya layihəsi hazırlanarkən bəzi məsələlərin müzakirəsi geniş ictimaiyyətin iştirakı ilə həyata keçirilirdi. Belə məsələlərdən biri Konstitusiya layihəsinə dövlət dili kimi hansı dilin daxil edilməsi idi. Məlum olduğu kimi, bu xeyli mübahisələrə səbəb olmuşdur.

Nəhayət, uzun müzakirələr və elmi praktik əsaslandırmalardan sonra müdrik şəxsiyyət Heydər Əliyevin təklifi ilə Konstitusiyamıza Azərbaycan dilinin Azərbaycan Respublikasının dövlət dili olmasını təsbit edən 21-ci maddə daxil edildi. Həmçinin, orada qeyd edilmişdir ki, Azərbaycan Respublikası əhalinin danışdığı başqa dillərin sərbəst işlədilməsini və inkişafını təmin edir. Göründüyü kimi, dil haqqında maddədə respublikamızda yaşayan azsaylı xalqların və etnik qrupların milli mənafeyi də ciddi surətdə qorunmuşdur.

Azərbaycan Respublikası Konstitusiyasının - əsas qanunun ən diqqətəlayiq cəhətlərdən biri də Azərbaycan Respublikasının Konstitusiyasında tez-tez dəyişikliklər və əlavələr edilməsi cəhdlərinin qarşısına sədd çəkilməsidir. Şübhəsiz ki, zəmanə, insanlar, nəsillər, ictimai mühit və şərait dəyişir. Bu nöqteyi-nəzərdən vaxtı ilə ən ideal hesab edilmiş konstitusiyalara da zəmanənin, tarixi şəraitin tələbi ilə əlavələr edilməsinə və mövcud maddələrin yeni redaktəsinə, yaxud dəyişdirilməsinə ehtiyac duyulur və bu zaman, şübhəsiz ki, dəyişikliklər edilməlidir. Lakin siyasət meydanına və hakimiyyətə gələn yeni - yeni qüvvələr unutmamalıdırlar ki, öz şəxsi qrup və partiya ambisiyaları üçün mövcud konstitusiyanın öz mənafelərinə uyğunlaşdırmamalıdırlar. Əksinə, öz fəaliyyətlərini konstitusiyaya uyğun qurmalıdırlar. Belə olduqda, ölkədə də sabitlik olar. Çünki ölkənin ümumxalq səsverməsi (referendum) ilə qəbul olmuş konstitusiyasına riayət edilməsi ölkədə Konstitusiyanın - əsas qanunun uzun ömürlüyünün iki mühüm tərəfi vardır: onlardan birincisi, Konstitusiyanın müasir dövrü və gələcək perspektivləri nəzərə alınmaqla yüksək keyfiyyətlə hazırlanmasıdır. Konstitusiya layihəsi hazırlanarkən əsas qanunun uzunömürlü olması əsas meyar kimi götürülmüşdür. Azərbaycan xalqının Ümummilli Lideri Heydər Əliyev Azərbaycan Respublikasının Konstitusiyasının layihəsini hazırlayan komissiyanın iclasındakı çıxışında demişdir: "Konstitusiyamızın müddəaları həm bu günümüz üçün, həm də gələcəyimiz üçün yazılmalıdır. Biz çalışmalıyıq ki, Konstitusiyamızın dəyişikliklərə, əlavələrə ehtiyac olmasın. Ona görə də Konstitusiyanın layihəsini hazırlayarkən həm bugünkü şəraiti, həm də gələcəyi görməliyik. Elə etməliyik ki, Konstitusiyamız bu gün üçün də, uzaq gələcək üçün də yararlı olsun". Məhz belə meyarlara cavab verən layihə hazırlanmış və ümumxalq süzgəcindən keçdikdən sonra qəbul olunmuşdur. Bu Konstitusiya böyük bəşəri dəyərlər və məzmuna malik bir qanundur.

İkincisi isə, Konstitusiyanın özündə tez-tez əlavə və dəyişikliklər edilməsi cəhdlərinin qarşısının alınmasını təmin edən xüsusi maddələrin daxil edilməsidir. Yeni Konstitusiyaya məhz belə maddələr daxil olmuşdur. Lakin qanunvericilik prosesi daim inkişaf etdiyi, dinamik olduğu və dövlətin tələblərinə uyğunlaşdığı zaman daha mükəmməl və praktik əhəmiyyət daşıyır. Bu səbəbdən də, Konstitusiyaya əlavələr və dəyişikliklərin edilməsi zərurəti yaranır.

Bu mənada, 24 avqust 2002-ci il və 18 mart 2009-cu il tarixində "Azərbaycan Respublikasının Konstitusiyasına əlavə və dəyişikliklər edilməsi haqqında" referendum aktlarına uyğun olaraq ümumxalq səsverməsi ilə Konstitusiyaya bir sıra əlavə və dəyişikliklər edilməsi ciddi əhəmiyyətə malikdir. Bu əlavə və dəyişikliklər, ilk növbədə, cəmiyyətimizin inkişafından doğan və konstitusiyanın, bütövlükdə, hüquq sisteminin təkmilləşdirilməsi, demokratikləşdirilməsi proseslərinin dərinləşdirilməsi və insan hüquqlarının daha səmərəli müdafiə edilməsi zərurətindən irəli gəlmişdir. Ümummilli Lider Heydər Əliyev demişdir: "Konstitusiya nəzarəti cəmiyyətin inkişafını təmin etmək yolu ilə onun sabitliyinin qorunmasına dövlət hakimiyyəti sisteminin təkmilləşdirilməsinə və ictimai münasibətlərin hüquqi tənzimlənməsinə qulluq edir, yüksək şüurlu və dövlətçilik təfəkkürünü formalaşdırır".

İlk milli Konstitusiyamızın qəbul olunmasından 20 il keçir. Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev bütün bu illər ərzində qanunçuluğun təkmilləşdirilməsi işində qazanılan uğurlarını çıxışlarının birində çox dolğun və dəqiq olaraq belə ifadə edir: "Keçən illər ərzində Konstitusiya humanist, dinamik və realist bir sənəd olduğunu sübut etmişdir."

Müstəqil Azərbaycan Respublikasının ilk Konstitusiyası xalqımızın böyük oğlu, Ümummilli Liderimiz, dahi Heydər Əliyev zəkasının xalqımıza növbəti hədiyyəsidir. Hər yerdə hüquq və vəzifələrimizin rəmzi və təminatçısı olan yeni Konstitusiyanı göz bəbəyi kimi qorumaq, ondan irəli gələn vəzifələrimizi vicdanla yerinə yetirmək, "Azərbaycanın vətəndaşıyam!" deyən hər bir kəsin şərəfli borcudur.

İsgəndər QULİYEV,

Bakı Dövlət Universitetinin dosenti

Digər xəbərlər