Daxili işlər naziri, general-polkovnik Ramil Usubov Əfqanıstan Respublikasının ölkəmizə yeni təyin olunmuş fövqəladə və səlahiyyətli səfiri Mohammed Şaker Karqarı qəbul edib. DİN-dən SİA-ya verilən məlumata görə, qonağı səmimiyyətlə salamlayan nazir onu yeni təyinat münasibətilə təbrik edib. Azərbaycan ilə Əfqanıstan arasında ikitərəfli münasibətlərin yaxşı səviyyədə olduğunu, onun qədim tarixə və ənənələrə söykəndiyini xatırladan cənab Ramil Usubov həm də dövlətlərimizin başçılarının siyasi iradəsinə əsaslanan bu əlaqələrin uğurla inkişaf edəcəyinə əminliyini bildirib.
Daha sonra nazir ötən əsrin 90-cı illərinin əvvəllərində respublikamızdakı gərgin ictimai-siyasi vəziyyət, Ermənistanın təcavüzü ilə kriminogen durumun daha da ağırlaşdığı, vətəndaş müharibəsi astanasında olan Azərbaycanın bu fəlakətdən ümummilli lider Heydər Əliyevin müdrik siyasəti və görülən qətiyyətli tədbirlər nəticəsində qurtulduğu, qısa bir müddətdə - 1995-ci ilin sonlarından başlayaraq sabitliyin bərqərar olduğu, əməliyyat şəraitinin tam nəzarətə götürüldüyü barədə məlumat verib. Qeyd olunub ki, müstəqilliyin əldə edilməsindən ötən müddət ərzində qanunsuz saxlanılan 41 mindən çox müxtəlif növ odlu silah yığılıb, nəticədə bu qəbildən olan cinayətlərin sayı 10 dəfədən çox azalıb. Daxili işlər naziri əhalinin hər 100 min nəfərinə düşən cinayətlərin sayının azlığına görə Azərbaycanın MDB və Şərqi Avropa məkanında öncül yerlərdən birini tutduğunu deyib, cinayətkarlıqla mübarizədə qazanılmış uğurların, sabitliyin dönməzliyinin təmin edilməsinin nəinki ölkə vətəndaşlarının, eləcə də əcnəbilərin təhlükəsizlik şəraitdə yaşayıb işləmələrinə, iqtisadiyyatımıza külli miqdarda xarici sərmayə yatırılmasına imkan yaratdığını vurğulayıb.
Ölkələrimizin daxili işlər orqanları arasında birbaşa əlaqələr qurulması məqsədilə normativ-hüquqi baza yaradılmasının vacibliyini qeyd edən general-polkovnik Ramil Usubov ikitərəfli əlaqələrin inkişafında, o cümlədən cinayətkarlıqla birgə mübarizə, peşə hazırlığı, informasiya və təcrübə mübadiləsinin aparılmasında rəhbərlik etdiyi qurumun maraqlı olduğunu bildirib, əfqanıstanlı həmkarını daxili işlər nazirini ölkəmizə rəsmi səfərə dəvət edib.
Problemlərə toxunularkən transmilli mütəşəkkil cinayətkarlığın əsas növlərindən olan beynəlxalq terrorçuluq, narkotiklərin qanunsuz dövriyyəsi, insan alveri və qeyri-qanuni miqrasiya ilə mübarizənin diqqət mərkəzində dayandığı, onrlara qarşı yalnız birgə səylərlə səmərəli mübarizə aparılmasının mümkünlüyü nəzərə çatdırılıb.
Səmimi qəbula və ətraflı məlumata görə minnətdarlığını bildirən Mohammed Şaker Karqar ölkəmizə gəldiyi ilk gündən burada sabitliyin, təhlükəsizliyin yüksək səviyyədə qorunmasından, respublikamızın sürətli inkişafından məmnunluğunu ifadə edib, səfir kimi fəaliyyəti müddətində dövlətlərimiz arasında əlaqələrin bütün sahələrdə inkişafına səy göstərəcəyini deyib.
sia.az