YAP Gənclər Birliyinin Ofisində YAP İcra katibinin müavini, millət vəkili Siyavuş Novruzovla görüş keçirilib.
Görüşdə çıxış edən Siyavuş Novruzov gənclərə Ümummilli lider Heydər Əliyevin irsi ilə əlaqədar geniş məlumat verib. S.Novruzov bildirib ki, Heydər Əliyev ideyaları Azərbaycanın inkişaf və rifah yoludur. Onun sözlərinə görə, bu gün Ümummilli lider Heydər Əliyevin siyasi kursunun Prezident İlham Əliyev tərəfindən uğurla davam etdirilməsi Azərbaycanın tərəqqi yolunda irəliləməsini şərtləndirib. "Məhz buna görə də Ümummilli liderimiz Heydər Əliyevin irsinin öyrənilməsi və təbliğ olunması olduqca vacib məsələdir. Bugünkü gənclər Ulu öndər Heydər Əliyevin ideyalarını, Prezident İlham Əliyevin siyasətini, Yeni Azərbaycan Partiyasının tutduğu doğru yolu dəstəkləyirlər. Müstəqil dövlətimizin banisi Ümummilli liderimiz Heydər Əliyevdir. Ulu öndər bu dövləti böyük çətinliklərlə qurub-yaradıb. Bu gün isə Azərbaycan dünyanın sürətlə inkişaf edən ölkələri sırasındadır. Azərbaycan istər iqtisadi-siyasi, istərsə də sosial problemlərin həlli baxımından dünyanın bir çox ölkələrindən qat-qat yüksəkdə dayanır. Amma bu inkişafımızı gözü götürməyən qüvvələr də çoxdur. Məhz buna görə də, gənclər siyasi baxımdan hazırlıqlı olmalıdır. Çünki ölkəmizə qarşı müxtəlif təzyiqlər və təxribatlar etməyə cəhdlər göstərilir. Bütün bunların qarşısını almaq üçün Ulu öndər Heydər Əliyev irsini öyrənə-öyrənə gələcək inkişaf strategiyamızı müəyyənləşdirməliyik"-deyə, YAP İcra katibinin müavini vurğulayıb.
Daha sonra görüş qarşılıqlı fikir mübadiləsi şəraitində davam edib. Gənclər müəyyən məsələlərlə bağlı öz təkliflərini diqqətə çatdırıblar.
yap.org.az