Yeni Azərbaycan Partiyası Gənclər Birliyi Azərbaycan xalqının Ümummilli lideri Heydər Əliyevin 90 illik yubileyi münasibətilə silsilə tədbirlər keçirməkdə davam edir. Təşkilatın layihələrindən biri də Azərbaycanın müxtəlif bölgələrindən YAP üzvü olan gənclərin Bakıya səfər edərək Ulu öndər Heydər Əliyevin irsinin öyrənilməsinə dair müxtəlif mənbələrlə tanış olması, bu istiqamətdə bir sıra ziyarətlərin həyata keçirilməsi və görüşlərin təşkil edilməsidir. Ötən şənbə günü bu layihə çərçivəsində növbəti tədbirlər baş tutub. Belə ki, layihəyə uyğun olaraq aprelin 20-si Mil-Muğan, Şirvan və cənub bölgələrini təmsil edən 40 nəfərdən çox YAP-çı gənc Bakıda səfərdə olublar. Gənclər ilk olaraq, Fəxri Xiyabana gələrək Ümummilli liderimiz, müasir müstəqil dövlətimizin memarı və qurucusu Heydər Əliyevin xatirəsini ehtiramla yad edib, məzarı önünə gül dəstələri qoyublar.
Sonra Şəhidlər Xiyabanına gələn gənclər Azərbaycanın azadlığı və suverenliyi uğrunda mübarizədə canlarından keçmiş qəhrəman Vətən övladlarının xatirəsini ehtiramla yad ediblər. Daha sonra Yeni Azərbaycan Partiyası Gənclər Birliyinin üzvləri Heydər Əliyev Fondunda olublar.
Ümummilli lider Heydər Əliyevin anadan olmasının 90 illiyi ilə bağlı ziyarətə gələn YAP Gənclər Birliyinin üzvlərinə Fondun fəaliyyəti haqqında məlumat verilib, Fondun Ümummilli liderin zəngin irsini öyrənərək təbliğ etdiyi, müxtəlif sosial-iqtisadi, mədəni layihələr həyata keçirməklə Azərbaycanın tərəqqisinə, mədəniyyətinin və tarixinin təbliğinə köməklik göstərdiyi bildirilib. YAP Gənclər Birliyinin üzvləri Ulu öndər Heydər Əliyevin şəxsi arxivindən götürülmüş və Onun fəaliyyətinin ayrı-ayrı dövrlərini əhatə edən, Ulu öndərin həyatının ən müxtəlif məqamlarını əks etdirən, tariximizin bütöv bir dövrü barədə geniş təsəvvür yaradan şəkillərə və eksponatlara baxıblar. Onlar görkəmli siyasi xadimin uşaqlıq və gənclik illərinə, Moskvada keçmiş SSRİ-nin rəhbərlərindən biri kimi genişmiqyaslı fəaliyyətinə aid materiallara, Bakı-Tbilisi-Ceyhan əsas neft ixrac boru kəmərinin keçdiyi ərazilərin maketinə də tamaşa ediblər. Həmçinin, gənclər Ümummilli lider Heydər Əliyevin ömür yolundan bəhs edən "Böyük ömrün anları" sənədli filminə baxıblar.
Bunun ardınca isə gənc YAP-çılar Heydər Əliyev Mərkəzi ilə tanış olublar, Mərkəzin fəaliyyəti haqqında onlara ətraflı məlumat verilib.
Daha sonra isə Yeni Azərbaycan Partiyası Gənclər Birliyinin Ofisində bölgə gəncləri YAP İcra katibinin müavini, millət vəkili Siyavuş Novruzovla görüşüblər.
yap.org.az