"Ümumiyyətlə, AXCP sədri Əli Kərimlinin ağlında, təfəkküründə müəyyən problemlər var. Çünki bu insan anormal düşüncə tərzi nümayiş etdirərək ağzına gələni danışır". Bunu SİA-ya Yeni Azərbaycan Partiyası (YAP) Siyasi şurasının üzvü, "İki Sahil" qəzetinin baş redaktoru Vüqar Rəhimzadə aprelin 21-də Azərbaycan Xalq Cəbhəsi Partiyasının (AXCP) Bakı şöbələrinin iştirakı ilə keçirilən müşavirəsinə və həmin müşavirədə Əli Kərimlinin müxalifətçi həmkarlarına "imtina"çağırışı ilə bağlı fikirlərinə münasibət bildirərkən deyib.
V.Rəhimzadənin sözlərinə görə, Əli Kərimlinin hakimiyyətin ünvanına yönəlik fikirləri tamamilə cəfəngiyyatdır: "Əvvəla, Əli Kərimli özündə bir dönüş yaratsın və ağlını başına yığsın! O, cavanları, gəncləri qanunsuz aksiyalara cəlb edir və onlardan yararlanmağa çalışır. Təbii ki, bunların da arxasında xarici dairələrin olduğu heç kimə sirr deyil. Ə.Kərimlinin kimliyini ölkə ictimaiyyəti yaxşı tanıyır və bilir. Əli Kərimli populist düşüncə tərzinə malik olmaqla, özünü gündəmdə saxlamaq üçün gəncləri qanunsuz aksiyaların təşkilinə vadar etməklə yalnız qanunazidd əməllərini həyata keçirməyə çalışır. Əgər bu insan normaldırsa, nəyə görə öz uşaqlarını aparıb İngiltərədə saxlayır? Milli ruhu, vətənpərvərlik hissi olmayan insandan nə gözləmək olar? Azərbaycan cəmiyyəti artıq ağı-qaradan seçməyi bacarır. Ölkə vətəndaşları ona xidmət göstərən, onun qayğısına qalan dövlətin və onun rəhbəri cənab İlham Əliyevin arxasındadır".
yap.org.az