PDF Oxu

Siyasət

  • 14

Azərbaycanda sənayeləşmənin yeni modelləri

Azərbaycanda sənayeləşmənin yeni modelləri

"Biz sənaye istehsalının artırılması ilə bağlı əvvəlki dövrlərdə böyük işlər görmüşük. Bu ilin birinci rübündə də qeyri-neft sənayemiz artıb. Bu, müsbət göstəricidir. Ancaq gələcəkdə sənaye istehsalımızı müasirləşdirmək üçün, əlbəttə ki, böyük işlər görüləcəkdir. Onların arasında mən texnoparkların yaradılmasını qeyd etmək istəyirəm. Artıq bu istiqamətdə işlər gedir. Biz əsas üç mərkəz seçmişik. Bu mərkəzlər əslində ənənəvi mərkəzlərdir: Bakı, Sumqayıt, Gəncə şəhərləri. Orada texnoparkların yaradılması prosesi gedir".

Prezident İlham Əliyev

Dünyada qloballaşmanın dərin xarakter alması inkişaf etmiş dövlətləri yeni iqtisadi fəaliyyət sahələrinin və sahibkarlığın təşkilati-hüquqi formalarının tətbiqi üzərində düşünməyə vadar edir. Son illər sənayeləşmənin və industriual cəmiyyət quruculuğunun yeni modellərinin tətbiq olunması ilə bağlı təşəbbüslərin artması bununla bağlıdır. Hazırda dünyada ən geniş yayılmış iqtisadi ərazi subyekti kimi sənaye texnoloji parkları (texnopark) xüsusi əhəmiyyətə malikdir. İnkişaf etmiş dövlətlər mövcud sosial-iqtisadi problemlərin həllinə, elmi-texniki nailiyyətlərdən daha geniş və səmərəli istifadəyə və bu ölkələrin beynəlxalq əmək bölgüsündə daha fəal iştirakına nail olmaq üçün bu iqtisadi subyektlərin imkanlarından yararlanırlar.

Prezident İlham Əliyev bildirib ki, Azərbaycanda sənaye sektoru çox sürətlə inkişaf edir və iqtisadiyyatın əsas milli gəlir gətirən perspektiv sahəsinə çevrilməkdədir. "İndi bu ilin birinci ayının yekunları da onu göstərir - qeyri-neft sənayesi 10 faizdən çox artmışdır. Çox güclü sənayeləşmə prosesi gedir. Mən bu məsələ ilə bağlı bir neçə il əvvəl danışmışdım. Demişdim ki, Azərbaycanda sənayeləşmə prosesi sürətlə getməlidir və biz bunu görürük.Mənim iştirakımla bölgələrdə 500-ə qədər sənaye müəssisəsi açılmışdır" deyən bildirən dövlət başçısı son illər ərzində ölkəmizdə 40 mindən çox yeni müəssisəsinin yaradılmasını yüksək qiymətləndirib. Bu, onu göstərir ki, neft gəlirlərindən asılı olmayan milli iqtisadiyyatın inkişaf üçün güclü zəmin yaradılıb.

Sənaye parklarının yaradılması yeni dövrün tələbləri olaraq meydana çıxmıq iqtisadi zərurətdir. Bu iqtisadi ərazi subyektləri ölkədə sosial-iqtisadi inkişafın sürətləndirilməsi üçün xarici sərmayənin və mütərəqqi texnologiyaların cəlb olunması, qabaqcıl idarəetmə təcrübəsinin tətbiqi və yayılması məqsədilə yaradılır. Sənaye parkları geniş ərazi sərhədlərinə malik olan və sənaye sektoruna aid fəaliyyət sahələrinin bütün növlərinin cəmləşdiyi bir genişmiqyaslı xüsusi hüquqi rejimi olan ərazi sayılır. Sənaye texnoparkları müasir iqtisadiyyatın əsas kapital tutumlu bölməsi sayılır. Ötən əsrin 80-ci illərində formalaşan bu iqtisadi-ərazi subyektləri son 20 ildə sənayeləşmədə əsas rol oynayır, informasiya-kommunikasiya texnologiyalarının tətbiqinin ən geniş zonaları sayılır. Texnoparkların yaradılması ölkədəki mövcud və yeni biliklərin, ixtiraların texnologiyalara və texnologiyaların kommersiya məhsuluna çevrilməsinə səbəb olur, elmtutumlu müəssisələr vasitəsilə texnologiyaların sənaye sferasına ötürülməsinə, biznes sahəsində müəssisələrin dəstəklənməsinə, sənayenin strukturunun yenidən qurulmasına, regional qeyri-bərabər inkişaf səviyyəsinin azalmasına, məşğulluq probleminin həllinə, yüksək texnologiyalar sahəsində elmi-texniki nailiyyətlərin sürətli tətbiqinə gətirib çıxarır. Dünya təcrübəsi göstərir ki, sənaye parkları ayrıca bir ərazidə fəaliyyət göstərməsinə və texnokrat idarəçilik vasitəsilə ixtisaslaşmış güclü sənaye rayonuna çevrilməsinə baxmayaraq, ümumilikdə, ölkənin iqtisadi inkişafının sürətlənməsinə və böyükhəcmli valyuta gətirmək imkanlarına malikdir.

Texnoparkların biznes inkubatorları, texnopolislər, sənaye parkları kimi təşkilati-hüquqi formaları mövcuddur. Eyni zamanda, texnoparklar innovasiya infrastrukturunun elementi kimi dünyanın müxtəlif ölkələrində müxtəlif cür adlandırılır. Funksional, təşkilati və milli xüsusiyyətlərinə görə, fərqlənsə də, mahiyyətinə və ümumi iqtisadi hədəfləri etibarilə texnopark konsepsiyasının əsas elmi-iqtisadi-nəzəri məzmunu texniki-iinovativ nailiyyətlərin sənayeyə ötürülməsi prosesinin səmərəliliyinin yüksəlməsi, elmi tədqiqatların və kapitalın güclü milli sənaye istehsalının artırılması ideyasından ibarətdir.

Bu iqtisadi ərazi subyektlərinin təşkili üçün güzəştli vergi və gömrük güzəştlərinin tətbiq olunması olduqca vacibdir. Beynəlxalq təcrübəyə əsasən, bu ərazilərdə vergi rejiminin müxtəlif aşağı dərəcələri tətbiq olunur. Qeyd edək ki, vergi rejimi yalnız həmin zonada fəaliyyət göstərən fiziki və hüquqi şəxslərə şamil olunur. Azərbaycanda yaradılacaq sənaye parkında da beynəlxalq təcrübəninin tətbiq olunması nəzərdə tutulub. Bu ərazilərdə vergi rejimi ilə bağlı stimullaşdırıcı tədbirlərin tətbiq olunması əsas prioritetlərdəndir. Bir müddət əvvəl Vergi Məcəlləsinə edilmiş son dəyişikliklə, əsasən, sənaye texnoparklarına güzəştli vergi rejimi tətbiq olunub. Sənaye texnoparkları əmlak və torpaq vergisindən azad olunub. Bu addım sənayeləşmənin inkişafı ilə bağlı həyata keçirilən sistemli tədbirlərin tərkib hissəsi hesab olunur.

Sənaye parklarının yaradılmasında da əsas məqsəd bilik və ixtiraların, insan kapitalının milli iqtisadiyyatın inkişafına yönəldilməsindən ibarətdir. Bu gün dünyada keyfiyyətli insan kapitalı uğrunda rəqabət dərin xarakter alıb və insan ən zəngin kapital kimi innovativ inkişafın əsas fundamentini təşkil edir. Elmi bazası, intellektual mülkiyyəti güclü olan dövlətin inkişafı, iqtisadi modernləşmə xətti öz uğurlu nəticələrini verir. Məhz bu baxımdan Azərbaycanda inkişafına böyük diqqət ayrılan sahələrdən biri də elmdir. Azərbaycan dövləti yaxın illər üçün güclü kadr potensialı bazasının formalaşdırılmasını başlıca prioritetlərdən hesab edir. "Azərbaycan Respublikasında 2009-2015-ci illərdə elmin inkişafı üzrə Milli Strategiya və onun həyata keçirilməsi ilə bağlı Dövlət Proqramı"da müəyyən olunmuş hədəflər, eləcə də, Prezident yanında Elmin İnkişafı Fondunun başlıca qayəsi yeni tərəqqi erasının kadr bazasının hazırlanmasına hesablanıb. Bu strategiyanın ali məqsədi ölkəmizdə innovasiya fəaliyyəti infrastrukturunun inkişaf etdirilməsi fonunda texnoparklar, texnoloji mərkəzlər, biznes inkubatorları şəbəkəsinin genişləndirilməsindən ibarətdir.

Azərbaycanın yaxın onillikdə qarşısında duran əsas məsələlərdən biri iqtisadiyyatda karbohidrogen ehtiyatların ixracından movcud asılılığı aradan qaldırmaq və iqtisadi artımım lokomotivi kimi neftdənkənar sahələrin, xüsusilə də,qeyri-neft sektorunun aparıcı bölməsi hesab olunan sənaye sektorunun inkişafını təmin etməkdən ibarətdir. Hökumət qeyri-neft sektorunun inkişaf bazalarından biri kim sənaye sektoruna daha böyük üstünlük verir. Məhz bu məqsədlə sənaye texnoparkları ən uğurlu layihə hesab olunur. Sənayenin innovasiyalar əsasında inkişafının təmin olunması, texnoparkların sənayeləşmədə əsas strateji layihələr kimi alması "Azərbaycan - 2020: Gələcəyə baxiş" Inkişaf Konsepsiyasında da başlıca hədəflər sırasındadır. İnkişaf Konsepsiyasında qeyd olunur ki, sənaye muəssisələrində innovasiya yonumlu texnologiyaların tətbiqi stimullaşdırılacaq, ixtisaslaşmış və umumi təyinatlı sənaye şəhərcikləri yaradılacaqdır. İqtisadi rayonlar uzrə sənaye şəhərciyi infrastrukturunun formalaşdırılması qeyri-neft emal sənayesinin inkişaf etdirilməsi ilə bağlı dovlət investisiya siyasətində əsas istiqamət olacaqdır.

Sənaye texnoparklarının yaradılmasının miqyasının genişlənəcəyini və ölkə sənayesinə çox güclü təkan verəcəyini bildirən Prezident İlham Əliyev qeyd edib ki, ölkəmiz bu müəssisələrin tam rentabelli fəaliyyəti nəticəsində beynəlxalq standartlarına cavab verən rəqabətqabiliyyətli məhsulları dünya bazarına ixrac edəcək. Yaxın illər üçün yeni sənaye müəssisələrinin yaradılması iqtisadi siyasətin başlıca istiqamətlərindən biri olacaq. Hökumət bu sahəyə hər il investisiyaları artıracaq, yeni sənaye mərkəzlərinə investorların cəlb olunması üçün əlverişli biznes imkanları təmin ediləcək.

"Səs" Analitik Qrupu

Digər xəbərlər