PDF Oxu

Siyasət

  • 31

Heydər Əliyev və Azərbaycanda ekoloji şüurun inkişafı-90

Heydər Əliyev və Azərbaycanda ekoloji şüurun inkişafı-90

Məlum olduğu kimi, Ümummilli Lider Heydər Əliyevin 90 illik yubileyinə az vaxt qaldı. Məhz modern Azərbaycanın qurucusu və dahi siyasi şəxsiyyət olan Heydər Əliyevin ekologiyaya dair görüşləri və tövsiyyələri hər zaman aktuallığını qorumağa davam edir. Məhz bu dahi şəxsiyyətin siyasi kursu və əzmi sayəsindədir ki, Azərbaycanda ekologiya və təbiətin mühafizə olunmasına dair silsilə tədbirlər görülmüşdür. Bu, eyni zamanda, mentalitet olaraq Azərbaycan xalqında ekoloji şuurun formalaşmasına da öz təsirini göstərmişdir. Təsadüfi deyil ki, hava, su və torpağın çirklənməsi, qlobal iqlim dəyişmələri, tükənən təbii sərvətlərin azalması, böyük təbii fəlakətlərin çoxalması və atom enerjisindən həm dinc, həm də müharibələr zamanı istifadə olunma riski bəşəriyyət üçün qlobal problemə çevrilmişdir. Yaponiyada baş vermiş son zəlzələ-sunami göstərdi ki, hətta dinc məqsədlə istifadə edilən AES-lər təhlükəsizlik baxımından o qədər də etibarlı deyil və özü-özlüyündə təhlükə mənbəyidir.

Yeri gəlmişkən Ümummilli Lider Heydər Əliyevin "bir ağacı kəsən sanki mənim bir qolumu kəsir" fikri yüksək səviyyədə elmi arqumentlərlə təhlil olunması vacib olan tezislərdəndir. Qeyd etməliyəm ki, bu fikir müasir eko-etikanın inkişafına təsir göstərən Aldo Lipoldun "torpaq etikası"- tezisləri çərçivəsində təhlil oluna bilər. Belə ki, Lipoldun torpaq etikası anlayışı məşhur ingilis filosofu Con Lokun, torpağın bir mülk olduğu yolundakı görüşünə qarşıdır. Ona görə artıq biz torpağa bir obyekt və cansız bir varlıq olaraq baxa bilmərik. Çünki torpaq sırf ərazi deyildir. Bu ərazi, bitki və heyvanların daxil olduğu sahədən axan enerji mənbəyidir. Bu kontekstdə Heydər Əliyevin məşhur fikri Azərbaycanda ekoloji şüurun və mədəniyyətin inkişaf etdirilməsində əvəzsiz funksional rola malikdir.

Uğurlu siyasi kursun tətbiqi

Ümummilli Lider Hyedər Əliyevin müəyyən etdiyi siyasi kursu, hal-hazırda Cənab Prezident İlham Əliyev sayəsində layiqli şəkildə tətbiq olunmaqdadır. Məhz bu siyasi kurs, real sərəncam və işlərlə həyata keçirilir. Belə ki, Azərbaycan Prezidenti İlham Əliyev 2012-2020-ci illər üçün Azərbaycan Respublikasında alternativ və bərpa olunan enerji mənbələrindən istifadəyə dair Dövlət Strategiyasının hazırlanması haqqında Sərəncam imzalayıb. Qeyd olunmalıdır ki, alternativ enerji ənənəvi enerji növlərini əvəz edə bilən enerji mənbələridir. Müəyyən qurğuların yardımı ilə sudan, küləkdən, günəşdən, bioloji tullantılardan, hətta dənizin dalğalarından alınan, heç bir tullantısı olmayan enerjiyə alternativ, yaxud bərpa oluna bilən enerji deyirlər. Hazırlanacaq olan bu strategiya nəticəsində Azərbaycan ekoloji siyasətində yeni istiqamətlər müəyyən edərək, real layihələrin icrasına başlayacaqdır.

Bu kontekstdə cənab Prezident İlham Əliyevin Azərbaycanda ekoloji şüur və mədəniyyətin əsaslı şəkildə inkişaf etdirilməsi baxımından söylədiyi fikirlər iqtisadi-siyasi strategiya aspektindən çox əhəmiyyətlidir: "Biz ciddi ekoloji tədbirlər görürük. İlk növbədə, ona görə ki, ekoloji vəziyyətin yaxşı olmaması insanlara mənfi təsir göstərməsin. Təmiz hava, təmiz su, təmiz ətraf mühit - biz bütün bunları ona görə edirik ki, insanların sağlamlığını qoruyaq. Yəni, bu sahəyə ciddi diqqət göstərilməlidir".

Bütün bunlar, məşhur filosof Noddingsin qeyd etdiyi kimi, həyatda öz əksini tapır və tapacaqdır: "Yaşayan varlıqlar üçün qayğılandığım zaman, onların təbiətlərini, həyat tərzlərini, ehtiyaclarını və tələbatlarını diqqətə almaq məcburiyyətində qalıram. Və hər nə qədər bunu etməsəm də, başqalarının həqiqətini anlamağa cəhd edərəm".

Digər tərəfdən 2011-ci il iyul ayının 11-də, Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyeva tərəfindən İDEA (İnternational Dialogue for Environmental Action) Ətraf Mühitin qorunmasıı naminə Beynəlxalq Dialoq Kampaniyasının başlanması, cəmiyyətimizdə ekoloji şüurunun inkişafında mühüm rol oynamağa davam edir.

Nəticədə, Ümummilli Lider Heydər Əliyevin siyasi irsi və Prezident İlham Əliyev tərəfindən layiqli şəkildə tətbiq olunan ekoloji siyasət, bu sahədə görülmüş və gələcəkdə həyata keçiriləcək tədbirlər kontekstində daha da artacaqdır. Məhz bu, dövlət başçımızın elan etdiyi çox şaxəli iqtisadi siyasət kursu ilə də üst-üstə düşməkdədir.

Rəşad İlyasov,

fəlsəfə doktoru

Digər xəbərlər