Azərbaycan Tələbə Şəbəkəsi (ASN) aprelin 20 – 21-də "Münster Graduate School of Politics" ilə birlikdə Almaniyanın Münster şəhərində postsovet məkanında etnik münaqişələrlə bağlı araşdırmalara həsr edilən birinci seminar keçirmişdir. Münster şəhərinin eyniadlı universitetində baş tutan seminarı həmin təhsil ocağının politologiya ixtisası üzrə doktorantura təhsili alan Elnur İsmayılov açmışdır.
ASN-in icraçı direktoru İbrahim Əhmədov tədbir iştirakçılarını təşkilatın fəaliyyət istiqamətləri barədə məlumatlandırmışdır. Sonra Münster Universitetinin siyasi elmlər üzrə professoru İngo Take etnik münaqişələrin səbəbləri və həlli yolları haqqında ətraflı məruzə etmişdir.
Azərbaycanın Almaniyadakı səfirliyinin siyasi və mətbuat müşaviri Vüqar Qafarov Dağlıq Qarabağ münaqişəsinin yaranma səbəbləri və həlli yolları mövzusunda çıxış etmişdir. Diplomat Azərbaycanın Dağlıq Qarabağ münaqişəsi ilə bağlı rəsmi mövqeyini tədbir iştirakçılarına çatdırmışdır. Bundan əlavə, münaqişə ilə bağlı daha iki maraqlı mühazirə dinlənilmişdir. Bremen Universitetinin magistrantı Tim Schoot Uiterkamp "Etnik parçalanmanın mənəvi aspektləri: Dağlıq Qarabağ problemi" və Avropa Viadrina Universitetinin magistrantı Elçin Rəcəbov "Dağlıq Qarabağ münaqişəsinə humanitar hüquqi baxış" mövzularında çıxış etmişlər. Sonra Dağlıq Qarabağ münaqişəsinə dair müzakirələr aparılmışdır.
Seminar Qafqaz və Mərkəzi Asiyada mövcud etnik münaqişələrə həsr edilən çıxışlarla davam etdirilmişdir. "Cənubi Osetiya və Abxaziya - tanınmanın hüquqi və siyasi nəticələri", "ABŞ-Rusiya əlaqələri: ABŞ-ın Cənubi Qafqazda gələcək rolu" və "Fərqanə vadisində qarşılıqlı anlaşma münaqişəsi və kimlik problemi" və s. Mövzular maraqla qarşılanmışdır. Sonra müzakirələr aparılmışdır.
Seminardakı çıxışlar ASN və "Münster Graduate School of Politics" tərəfindən kitab şəklində çap ediləcəkdir.
AzərTAc