Azərbaycan Respublikasının Təbrizdəki Baş Konsulluğunda, Azərbaycan xalqının Ümummilli lideri Heydər Əliyevin anadan olmasının 90-cı ildönümü ilə əlaqədar "Heydər Əliyev-90" adlı konfrans keçirilib. Konsulluqdan SİA-ya verilən məlumata görə, konfransı Baş Konsulluğun vitse-konsulu N.Orucəliyev açaraq konfransın keçirilməsi, məqsədi və proqramı haqqında iştirakçılara məlumat verib.
Konfransda həmçinin, Baş Konsulluğun üçüncü katibi Şahin Əhmədov "Heydər Əliyevin həyat və fəaliyyəti" barədə məruzə ilə çıxış edib. Təbriz Tibb Universitetinin tələbəsi İlkin Həsənov "Heydər Əliyev və Azərbaycan gəncliyi" mövzusunda çıxış edərək Heydər Əliyevin gənclər siyasətinin əsrlər boyu xalqımızın malik olduğu milli-mənəvi dəyərlər əsasında, müstəqillik, dövlətçilik, azadlıq və onların qorunması uğrunda mübariz ruhlu gənc nəslin yetişdirilməsindən ibarət olduğunu qeyd edib.
Konfransda həmçinin, Azərbaycan Respublikasının Təbrizdəki baş konsulu Əli Əlizadə "Heydər Əliyev-Azərbaycanın xarici siyasəti", "Heydər Əliyev-Azərbaycan-İran əlaqələri" mövzularında məruzə ilə çıxış edib. Məruzədə Heydər Əliyevin hakimiyyətə gəlişindən sonra əsasını qoyduğu və apardığı xarici siyasət kursu nəticəsində Azərbaycanın öz müstəqilliyini və dövlətçiliyini möhkəmləndirdiyini vurğulayıb. Baş konsul Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin həllinin də Heydər Əliyevin siyasətinin mühüm tərkib hissəsi olduğunu bildirərək, onun gərgin diplomatik fəaliyyəti nəticəsində cəbhədə atəşkəsə nail olunduğunu, təcavüzkar Ermənistanın Azərbaycan torpaqlarını işğal etdiyi faktının beynəlxalq səviyyədə təsdiqləndiyini bildirib.
Baş konsul Əli Əlizadə dostluq və əməkdaşlıq prinsiplərinə xidmət edən Azərbaycan-İran əlaqələrinin Heydər Əliyevin xarici siyasət doktrinasında mühüm yer tutduğunu qeyd edib. Hələ 1991-1993-cü illərdə Azərbaycanın Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri işlədiyi dövrdə əsasını qoyduğu Azərbaycan-İran əlaqələrinin onun 1993-cü ildə Azərbaycanda hakimiyyətə gəlişindən sonra daha da inkişaf etməyə başladığını və yeni müstəviyə qovuşduğunu diqqətə çatdırıb.
Çıxışlardan sonra, konfrans iştirakçıları "Heydər Əliyev-Ömürdən səhifələr" adlı filmə baxıb, Heydər Əliyevin həyat və fəaliyyətinə, Azərbaycan həqiqətlərinə dair sərgilənən kitablarla tanış olublar. H.Əliyevin həyat və fəaliyyətinə dair fars dilinə tərcümə edilmiş əyani materiallar, eləcə də bir sıra kitab və jurnallar da konfrans iştirakçılarına paylanıb. Konfransdan sonra həmçinin, Azərbaycan xalq mahnıları səsləndirilib, Ümummilli liderə aid videoroliklər nümayiş edilib, eyni zamanda iştirakçılar zəngin mətbəximizin yeməkləri və şirniyyatlarına qonaq ediliblər.
Qeyd edə ki, konfransda həmçinin Türkiyə Respublikasının Təbrizdəki baş konsulu və Baş Konsulluğunun əməkdaşları, Təbrizdə yaşayan Azərbaycan vətəndaşları və şəhər ictimaiyyətin nümayəndələri iştirak ediblər.
Məlumat üçün bildirək ki, Ümummilli lider Heydər Əliyevin 90 illik yubileyi ilə əlaqədar Baş Konsulluğun əməkdaşları və ailə üzvlərinin iştirakı ilə iməcilik də keçirilib. Yeni ağaclar əkilib, Baş Konsulluğun qarşısındakı ərazi və həyətyanı sahəsi yaşıllaşdırılıb.
sia.az