Bu gün Bakıda İslam Əməkdaşlıq Təşkilatına (İƏT) üzv ölkələrin əmək nazirliklərinin yüksək səviyyəli rəsmilərinin iclası öz işinə başlayıb. SİA- nın xəbərinə görə, beynəlxalq tədbir Quran ayələrinin oxuması ilə başlayıb.
Tədbiri giriş sözü ilə açan Səudiyyə Ərəbistan Krallığının əmək nazirinin müavini Moffarej əl-Hoqubanin bildirib ki, bu görüşün keçirilməsi hələ əmək nazirlərinin ilk görüşündə planlaşdırılıb. O, Bakı şəhərində qonaqlara yaradılan bütün imkanlara görə Azərbaycan xalqına, rəhbərliyinə, həmçinin İƏT-in rəhbərliyinə təşəkkür edib: "Bu görüş fikirlərimizin, ideyalarımızın mübadiləsini aparmaq, səhiyyə, iş yerlərində təhlükəsizlik, işsizliyin aradan qaldırılması üçün yeni iş yerlərinin açılması kimi məsələləri birgə müzakirə etmək üçün böyük fürsətdir: "Əmək nazirlərinin I görüşdən sonra Səudiyyə Ərəbistan Krallığında əmək bazarlarının inkişafı, işsizliyin aradan qaldırılması istiqamətində işlər görülüb, iş təminatı, təlimlə bazar arasında boşluqların aradan götürülməsi, özəl və dövlət sektorları arasında münasibətlərin yaradılmasıı istiqamətində lazımi tədbirlər həyata keçirilib".
Tədbirin davamında Bakıda İslam Əməkdaşlıq Təşkilatına (İƏT) üzv ölkələrin əmək nazirliklərinin yüksək səviyyəli rəsmilərinin iclasına sədrlik edən Azərbaycanın əmək və əhalinin sosial müdafiəsi naziri Fizuli Ələkbərov bu tədbirin mühüm əhəmiyyətindən danışıb. O bildirib ki, dünyanın 50-dən çox islam ölkəsinin əmək nazirlərinin iştirak etdiyi konfrans İƏT ölkələri arasında əmək və sosial müdafiə sahəsində əməkdaşlıq üçün möhkəm zəminin yaradılması və bu sahədə mütərəqqi ideya və innovasiyaların mübadiləsi məqsədinə yönəlib: "Konfransda həmin ölkələrdə əmək bazarının inkişaf etdirilməsi, işçi qüvvəsinin rəqabət qabiliyyətinin yüksəldilməsi və beynəlxalq standartlara çatdırılması, işsizliyin səviyyəsinin azaldılması kimi məsələlərin müzakirə edilməsi mühüm əhəmiyyət kəsb edəcək. Bu tədbirdə qəbul olunacaq sənədlər ilk dəfə olaraq üzv dövlətlər arasında vahid əməkdaşlıq və vahid əlaqələndirmə mexanizminin formalaşdırılmasına imkan yaradacaq. Görüşdə qəbul olunacaq "Çərçivə sənədi", "Qətnamə", "Bakı Bəyannaməsi" belə bir əlaqələndirmə mexanizminin rəsmi şəkildə təsdiqinə imkan verəcək. "Çərçivə sənədi" baş katiblik tərəfindən öncədən üzv ölkələrə göndərilmiş və onlardan alınmış təkliflər sənədə daxil edilib. Bu da onu göstərir ki, sənəd bütün üzv ölkələrin siyasi iradəsivə maraqlarını əks etdirir. Növbəti iki il ərzində isə Azərbaycan qeyd olunan sənədlərlə nəzərdə tutulan əməkdaşlıq sahələri üzrə kordinasiya mexanizmini, ona göstərilən etimada layiq şəkildə icra edəcək. Müasir dünya təcrübəsi sübut edir ki, müasir əmək bazarının inkişafı və səmərəli məşğulluğun təminatı və eyni zamanda passiv xarakterli sosial dəstək və sosial reabilitasiya əhəmiyyətli proqramlara keçid çıxış üçün mütərəqqi üsuldur. Bu mənada islam ölkələrinin əmək nazirlərinin Bakı görüşü üçün gündəlikdə duran prioritetlər olduqca vacib məsələləri ehtiva edir. Ölkələrmizdə əmək şəraitinin inkişafı və təhlükəsiz əmək şəraitinin yaradılması, yoxsullluğun azaldılması ilə bağlı məşğul olduğumuz mühüm fəaliyyət sahəsində mütərəqqi praktikanın əldə edilməsinə yönəldiləcək. Bununla biz İƏT-lə Azərbaycan arasında olduqca səmimi münasibətlərə söykənən əməkdaşlığın yeni sahələr üzrə genişlənməsinə öz töhfəmizi verəcəyik. İslam Əməkdaşlıq təşkilatının ötən müddətdə Azərbaycanla bağlı bütün istiqamətlərdə, xüsusən Ermənistan tərəfindənm işğal olunmuş ərazilərin azad olunması ilə bağlı konstruktiv, ədalətli və qətiyyətlə mövqe nümayiş etdirməsini yüksək qiymətləndiririk. Bu əməkdaşlığa layiqli cavab olaraq Azərbaycanın təşkilatdakı fəaliyyətini ilbəil artırır. Bundan 4 il əvvəl, 2009-cu ildə Bakı islam mədəniyyət mərkəzi elan edilmişdi. 2018-ci ildə isə qədim Azərbaycan torpağı olan Naxçıvan bu şərəfli adı daşıyacaq. Bütün bunlar İƏT -lə Azərbaycan arasında əməkdaşlığın güclənməsi naminə xalqımızın ümummilli lideri Heydər Əliyev tərəfindən əsası qoyulan və ölkəmizin rəhbəri cənab İlham Əliyevin layiqli səviyyədə davam etdirdiyi siyasi kursun uğurlu nəticəsidir. 1994-cü-ilin dekabrda təşkilatın Kasablanka zirvə toplantısında ulu öndər Heydər Əliyev ölkələrimiz arasında həmrəylik, hərtərəfli əməkdaşlıq, sülhü və təhlükəsizliyi qoruyub saxlamaq üçün ədalətə əsaslana zəruri tədbirlərin görülməsi İƏT-in əsas prinsipləridir söyləyərək təşkilatın müasir dünyanın qlobal və regional problemlərinin həllində əhəmiyyətli təsir göstərdiyini qeyd etmişdi. Bu müdrik fikir özünü zaman-zaman doğrultmaqdadır. İƏT çərçivəsində belə mötəbər tədbirin də məhz ulu öndər Heydər Əliyevin 90 ilik yubileyi ərəfəsində keçirilməsi xoş bir təsadüf kimi yaddaşımızda qalacaq.
Qeyd edək ki, iki gün davam edəcək iclasda məqsəd Təşkilata üzv ölkələrin əmək nazirlərinin aprelin 25-26-da keçiriləcək konfransının gündəliyinin hazırlanması, nazirlərin görüşü zamanı müzakirəyə çıxarılacaq əsas sənədlərin yekun razılaşdırılmasıdır. Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin təşkilatçılığı ilə keçirilən tədbirlərin yekunu olaraq, əmək nazirləri tərəfindən Bakı Çərçivə sənədi və Qətnamənin, həmçinin Bakı Bəyannaməsinin qəbul olunması nəzərdə tutulur. Qeyd olunan sənədlər İƏT-ə üzv ölkələrin əmək nazirlikləri arasında əməkdaşlıq prioritetlərini müəyyən etməklə, eyni zamanda bu əməkdaşlıq üzrə vahid əlaqələndirmə şəbəkəsinin yaradılmasını və bu əlaqələndirmə vəzifəsinin yaxın iki ildə Azərbaycan tərəfindən yerinə yetirilməsini nəzərdə tutur.
sia.az