Ümumiyyətlə, hər hansı bir şəhərin və ya ölkənin mədəni imicini formalaşdıran strukturlardan biri də parklardır. Məhz park mədəniyyəti olan ölkə və şəhərlər, hər zaman cəlbedici mövqeyə malik olmuşlar. Təsadüfi deyil ki, dünyanın bir çox şəhərləri öz milli parkları ilə fəxr edirlər. Bu, eyni zamanda, ölkə və şəhərlərə xarici turist axının da artmasına səbəb olur. Digər tərəfdən isə parkların çoxalması nəticəsində insanlarda ekologiyaya və şəhər mədəniyyətinin daha da inkişaf etməsi istiqamətində müsbət fikirlər yaranır.
Bu kontekstdə qeyd etməliyəm ki, Cənab Prezident İlham Əliyevin uğurlu sosial-iqtisadi siyasəti, eyni zamanda, parkların salınması və yenidən qurulması məsələlərini də əhatə edir. Belə ki, aprelin 22-də Binəqədi rayonunun Biləcəri qəsəbəsindəki mədəniyyət-istirahət parkının əsaslı bərpa və yenidənqurmadan sonra istifadəyə verilməsi bir daha bunu təsdiq edir. Cənab Prezident park mədəniyyəti və parkların yenidən qurulması məsələsini analitik şəkildə belə izah edir: " Bundan başqa, əlbəttə ki, biz ilk növbədə şəhərin mərkəzində parkların yenidən qurulmasını həll etdik. İndi isə bütün başqa yerlərdə də belə gözəl parklar salınır. İstər mərkəz olsun, istər qəsəbə olsun, Azərbaycanın hər bir yerində, bax, belə gözəl şərait olmalıdır. Bu, artıq Azərbaycan standartlarıdır. Biz Azərbaycan standartlarını tətbiq edirik. Xüsusilə, ictimai yerlərdə, istirahət zonalarında gözəl şərait olmalıdır".
Cənab Preziden İlham Əliyevin bu və digər çıxışlarında Azərbaycanda aparılan sosial-iqtisadi islahatların və xüsusilə, parklar kimi yeni xidmət mərkəzlərinin salınmasının "Azərbaycan Standartları" aspektindən qiymətləndirməsi, cox ciddi hadisədir. Məhz son illər ərzində Bakıda yeni parkların açılışı da bunun sübutudur.
Digər tərəfdən Cənab Prezidentin bu qiymətləndirməsi Azərbaycanın coğrafi, geosiyasi və mədəni mövqeyi ilə üst-üstə düşür. Belə ki, yeni xidmət mərkəzlərinin salınması və təmir olunaraq yenidən istifadəyə verilməsində şərqlə qərbin sintezindən istifadə edilərək, Azərbaycan standartlarının yaradılmasına səbəb olur. Məhz Cənab Prezident İlham Əliyev Azərbaycan şəhərlərinin yenidən bərpa edilməsi istiqamətində aparılan islahatları da bu istiqamətdə belə qiymətləndirir: "Biz bir çox hallarda Azərbaycanda gedən quruculuq işlərinə Avropa, yaxud da ki, dünya standartları anlayışı ilə yanaşırıq. Amma hazırda Azərbaycanda yaradılan binalar, əsərlər artıq Azərbaycan standartlarını da formalaşdırır".
Azərbaycanda yeni parkların salınması və köhnələrinin bərpa olunaraq yenidən istifadəyə verilməsi, Azərbaycana gələcək inverstorlar üçün də əsaslı iş və xidmət mərkəzlərinin yaradılmasına səbəb olur.
Yeni parkların salınmasında tarixi memarlığın qorunub saxlanılması, mədəniyyətimizin inkişaf etdirilməsində məqsədyönlü iqtisadi siyasətin uğurlu və bariz nümunəsidir. Məhz Cənab Prezident İlham Əliyevin çoxşaxəli iqtisadi siyasət kursunu təhlil etdikdə əldə etdiyimiz əsas nəticələrdən biri də Azərbaycanın coğrafi, geopolitik və mədəni cəhətdən Şərqlə Qərb dəyərlərinin sintezinin bütün sahələrdə tətbiq olunmasını görmək mümkündür. Məhz bu, Cənab Prezidentin də ifadə etdiyi kimi, bütün sahələrdə "Azərbaycan Standartları"nı formalaşdırır. Yeni parkların salınması və bərpası, ümumiyyətlə, Azərbaycanda həyata keçirilən iqtisadi-sosial və mədəni islahatlar qlobal arenada Azərbaycanın daha da güclənməsinə və söz sahibi olması ilə nəticələnməkdədir.
Bütün bu fəaliyyətlər və həyata keçirilən islahatlar, Azərbaycanın real iqtisadi gücünü göstərməkdədir. Məhz məqsədyönlü siyasət nəticəsində yeni salınan parklar və xidmət mərkəzləri sayəsində Azərbaycan gündən günə inkişaf etməkdə və həqiqətən də, bütün sahələrdə Şərqlə Qərbin sintezini reallaşdıraraq "Azərbaycan Standartları"nın formalaşdırlılmasına öz töhfəsini verməkdədir.
Rəşad İlyasov,
fəlsəfə doktoru