AzərTAc-ın baş direktoru Aslan Aslanov: "Heydər Əliyev təkcə Azərbaycan xalqı qarşısında deyil, keçmiş Sovet İttifaqının bütün xalqları qarşısında çox böyük xidmətlər göstərmişdir"
Artıq bildiyimiz kimi aprelin 19-da Rusiya Federasiyasının Soçi şəhərində Qara dəniz Milli İnformasiya Agentlikləri Assosiasiyasının (PANİA) VI Baş Assambleyası keçirilmişdir. Qeyd edək ki, PANİA-ya bir çox ölkələrin milli informasiya agentlikləri üzvlük edir və assosiasiyanın keçirdiyi hər bir Assambleyada informasiya sahəsinə aid olan müxtəlif qlobal məsələlər müzakirəyə çıxarılır. Bu baxımdan, PANİA-nın Baş Assambleyasında Azərbaycanın, Rusiyanın, Ukraynanın, Gürcüstanın, Bolqarıstanın, Xorvatiyanın, Makedoniyanın, eləcə də, digər ölkələrin milli informasiya agentliklərinin rəhbərlərinin iştirak etməsi əhəmiyyətli məqam kimi qiymətləndirilir.
Onu da vurğulayaq ki, PANİA-nın VI Baş Assambleyasına sədrliyi AzərTAc-ın baş direktoru Aslan Aslanov etmişdir. A.Aslanov assambleyadakı çıxışında qeyd etmişdir ki, assosiasiyanın internet resursu sayəsində oxucular PANİA-nın üzvü olan ölkələr barədə ən mühüm yeniliklərdən xəbər tutur, agentliklərimizin jurnalistlərinin fotomaterialları ilə tanış olurlar. AzərTAc-ın baş direktoru onu da vurğulamışdır ki, PANİA-nın yaradılması təşəbbüsçülərindən və onun təsisçilərindən biri də məhz AzərTAc olmuşdur: "Hesab edirəm ki, bizim əməkdaşlığımız təkcə informasiya mübadiləsi ilə məhdudlaşmamalıdır. Assosiasiya çərçivəsində müxtəlif mövzularda, məsələn, regionda təbiətin mühafizəsi, idman və digər məsələlərə dair fotosərgilər və jurnalist yazılarının müsabiqələrini keçirmək məqsədəuyğun olardı".
A.Aslanov çıxışında, həmçinin, bildirmişdir ki, assosiasiyanın hazırkı fəaliyyəti ilə kifayətlənmək lazım deyil. Belə ki, PANİA-nın fəaliyyət sferasını artırmaq üçün onun gücləndirmək yollarını da axtarmaq lazımdır. Bununla əlaqədar PANİA-nın Baş Katibliyinin yaradılmasının mümkünlüyü haqqında da danışan AzərTAc-ın baş direktoru bu vasitə ilə assosiasiyanın fəaliyyətinin artırılacağını da vurğulayıb: "Baş Katiblik zəruri təşkilati və əlaqələndirmə məsələlərini həll edəcəkdir. Baş Katibliyə assosiasiyanın üzvü olan bütün informasiya agentlikləri növbə ilə, rotasiya qaydasında rəhbərlik edə bilər".
Həm təşkilatın üzvü olan ölkələr, həm də xalqların və mədəniyyətlərin tarixində silinməz izlər qoymuş böyük şəxsiyyətlərlə bağlı əlamətdar tarixləri birgə işıqlandırmağı təklif edən A.Aslanov demişdir: "Bildiyiniz kimi, bu il mayın 10-da Azərbaycan xalqının Ümummilli Lideri Heydər Əliyevin 90 illiyi qeyd ediləcəkdir. Heydər Əliyev təkcə Azərbaycan xalqı qarşısında deyil, keçmiş Sovet İttifaqının bütün xalqları qarşısında çox böyük xidmətlər göstərmişdir: "Buna görə mən sizin hamınıza Heydər Əliyevin nurlu xatirəsinin ehtiramla yad edilməsinə qoşulmağı və bununla əlaqədar bayram təntənələrini sizin informasiya agentlikləri vasitəsilə işıqlandırmağı təklif edirəm".
Assosiasiya çərçivəsində A.Aslanov daha bir maraqlı təkliflə çıxış edərək demişdir ki, PANİA-nın və onun saytının fəaliyyətinə maddi dəstək üçün üzvlük haqları məsələsinə də baxılmalıdır. Bu amil isə təşkilatın internet səhifəsinin mobilliyini və effektivliyini artırmağa imkan verər.
Qeyd edək ki, PANİA-da sədrlik AzərTAc-dan İTAR-TASS-a keçmişdir. İTAR-TASS-ın baş direktoru Sergey Mixaylov göstərilən etimada görə təşəkkürünü bildirərək demişdir ki, agentlik təşkilatda sədrlik məsələsinə tam məsuliyyətlə yanaşacaqdır: "İndi AzərTAc sürətlə inkişaf edən informasiya agentliyidir. İTAR-TASS ilə AzərTAc arasında əməkdaşlıq yüksək səviyyədədir". Sonra PANİA-nın büro üzvləri seçkisi olmuşdur. AzərTAc-ın baş direktoru A.Aslanov PANİA-nın büro üzvü seçilmişdir.
Onu da qeyd edək ki, AzərTAc-ın baş direktoru A.Aslanov İTAR-TASS agentliyinə genuş müsahibə vermişdir. A.Aslanov müsahibəsində qeyd etmişdir ki, qloballaşmaqda olan dünyada informasiyaya tələblərin artması ilə əlaqədar xəbər agentliklərini birləşdirən regional təşkilatların fəaliyyəti aktuallaşır. Belə ki, XXI əsrdə informasiya jurnalistikası tamamilə dəyişib, bu gün həmin jurnalistikanın qarşısında tamam yeni məsələlər durur: "Xəbər agentliklərinin auditoriyası daim inkişafdadır. İnsanlar istəyirlər ki, xəbərlər həmişə onların yanında olsun, onları müşayiət etsin. Bundan əlavə, sosial şəbəkələr də ənənəvi jurnalistikanı xeyli sıxışdırmışlar. İnformasiya agentliklərinin buna qarşı təkbaşına müqavimət göstərməsi çətindir".
AzərTAc-ın baş direktoru xüsusilə qeyd edib ki, PANİA-nın saytı sayəsində insanlar region ölkələrində baş verən hadisələr haqqında operativ informasiya alırlar: "Sevindirici haldır ki, son vaxtlar PANİA-nın saytında mətnli və foto-materiallarla yanaşı, video-informasiya da yerləşdirilir. Lakin hələlik bunlar azdır. Güman edirəm ki, üzvlük haqları hesabına müəyyən maliyyə axınları saytın texniki imkanlarını genişləndirməyə, saytda yerləşdirilən video və infoqrafika materiallarının həcmini artırmağa imkan verəcəkdir. PANİA internet resursu assosiasiyanın üzvü olan agentliklərin saytlarında yayılmaq üçün gündəlik həyatımızın reallığına çevrilmiş multimedia məhsulları mübadiləsində körpü rolu oynaya bilər. Bundan əlavə, videoxəbərlərin daha intensiv yayılması bütün dünyada həm bizim regiona, həm də assosiasiyanın fəaliyyətinə marağı artıracaqdır".
Rövşən NURƏDDİNOĞLU