PDF Oxu

Siyasət

  • 28

Sofiyada ümummilli lider Heydər Əliyevin 90 illik yubileyinə həsr olunmuş geniş konfrans keçirilmişdir

Sofiyada ümummilli lider Heydər Əliyevin 90 illik yubileyinə həsr olunmuş geniş konfrans keçirilmişdir

Aprelin 23-də Azərbaycan Respublikasının Bolqarıstandakı səfirliyinin, Bolqarıstan-Azərbaycan dostluq qrupunun və MDB ölkələri ilə Dostluq Federasiyasının təşkilatçılığı ilə Sofiyada ümummilli lider Heydər Əliyevin 90 illiyinə həsr olunmuş geniş konfrans keçirilmişdir.

Səfirlikdən AzərTAc-a bildirmişlər ki, konfransda Bolqarıstanı sabiq prezidentləri Peter Stoyanov və Georgi Pırvanov, 40-cı Xalq Məclisinin sədri Georgi Pirinski, Bolqarıstanın Azərbaycandakı ilk müvəqqəti işlər vəkili Yüksəl Əhməd və keçmiş səfiri İvan Palçev, Bolqarıstan Prezidenti Administrasiyası, Nazirlər Şurası, Xarici İşlər Nazirliyi və digər nazirliklərin yüksək vəzifəli məmurları, ictimai xadimlər, ölkədə akkreditə olunmuş diplomatik korpusun və beynəlxalq təşkilatların, yerli KİV-lərin nümayəndələri, habelə Azərbaycan diasporunun fəalları iştirak etmişlər.

Konfransda giriş sözü ilə çıxış edən MDB ölkələri ilə Dostluq Federasiyasının sədri, professor Zaxari Zaxariev ümummilli lider Heydər Əliyevin müasir müstəqil Azərbaycan dövlətinin yaranmasında, Azərbaycanın beynəlxalq arenada rolunun artmasında, habelə Azərbaycan-Bolqarıstan münasibətlərinin qurulmasında əvəzolunmaz xidmətlərindən danışmışdır. Sonra Z.Zaxariev Bolqarıstanın sabiq Prezidenti Jelyu Jelevin üzrlü səbəblərə görə konfransda iştirak edə bilmədiyini, lakin sabiq Prezidentin adından ümummilli lider Heydər Əliyev haqqında yazılmış xatirə məktubunu iştirakçıların diqqətinə çatdırmışdır. Məktubda 1995-ci ildə J.Jelevin dəvəti ilə ümummilli lider Heydər Əliyevin Bolqarıstana rəsmi səfəri zamanı iki ölkə arasında əməkdaşlıq münasibətlərinin qurulması, bir çox sahələrdə əlaqələrin yaradılmasını nəzərdə tutan çoxsaylı sazişlərin imzalandığı, həmçinin J.Jelevin ölkəmizə bir neçə səfərləri, habelə Azərbaycan ilə Bolqarıstan arasında əməkdaşlığın beynəlxalq təşkilatlar, o cümlədən Qara Dəniz İqtisadi Əməkdaşlıq Təşkilatı çərçivəsində inkişafı qeyd olunmuşdur. Eyni zamanda, J.Jelevin 2006-cı ilin sentyabrında ölkəmizə səfərə gələrək Prezident İlham Əliyevlə görüşdüyü də məktubda bildirilmişdir. Z.Zaxariev, həmçinin Bolqarıstanın baş prokuroru Sotir Tsatsarov və bədən tərbiyəsi və idman naziri Peter Stoyçev tərəfindən də ümummilli liderin xatirəsinə xoş sözlərlə ünvanlanan məktubları səsləndirmişdir.

Sonra konfransda çıxış edən Bolqarıstanın sabiq Prezidenti Peter Stoyanov ulu öndər Heydər Əliyevin müasir Azərbaycan dövlətinin yaradılmasında əvəzolunmaz rolundan, 1990-cı ildə ölkəmizdə baş verən siyasi gərginlikdən sonra Rusiya ilə yaxın münasibətləri davam etdirməyə nail olduğundan bəhs etmişdir. Həmçinin P.Stoyanov bütün dünyada dahi siyasi şəxsiyyət hesab edilən Heydər Əliyevin xidmətləri nəticəsində Azərbaycanda Böyük İpək Yolunun bərpası və inkişaf etdirilməsini, "Əsrin müqaviləsi"nin imzalanmasında Ulu Öndərin misilsiz səylərini, Bakı-Tbilisi-Ceyhan əsas neft ixrac boru kəmərinin layihəsinin uzaqgörənliklə həyata keçirilməsində Ümummilli Liderin böyük və əvəzsiz xidmətlərini konfrans iştirakçılarının diqqətinə çatdırmışdır.

Bolqarıstanın sabiq Prezidenti Georgi Pırvanov da çıxış edərək Heydər Əliyevin ən mühüm uğurlarından birinin atəşkəsin əldə edilməsinin olduğunu və ilk milli Konstitusiyanın Ulu Öndərin dərin zəkası, zəngin təcrübəsi nəticəsində hazırlandığını diqqətə çatdırmışdır. G.Pırvanov iki ölkə arasında bütün sahələr üzrə mövcud münasibətlərin məhz ulu öndərin sayəsində yaradıldığını vurğulamışdır. Sabiq Prezident 2011-ci ildə onun Prezident İlham Əliyev tərəfindən "Heydər Əliyev" ordeni ilə təltif edildiyini və bu ali mükafatdan şərəf duyduğunu xüsusi olaraq qeyd etmişdir.

Bolqarıstanın 40-cı Xalq Məclisinin sədri Georgi Pirinski də konfransda çıxış edərək, ölkəmizin təbii resurslarla zəngin olduğundan və Heydər Əliyevin bu ehtiyatları xalqın rifahının yüksəlməsinə yönəltdiyindən, ümumiyyətlə, bu dahi insanın bütün mənalı ömrünü Azərbaycanın inkişafına həsr etdiyindən danışmışdır.

Daha sonra konfransda Bolqarıstanın ölkəmizdəki ilk müvəqqəti işlər vəkili Yüksəl Əhməd çıxış etmişdir. O, ümummilli liderin 1990-cı illərin əvvəllərində Azərbaycanı siyasi böhrandan məharətlə çıxardığını diqqətə çatdırmış, ulu öndər Heydər Əliyevin dünya siyasətində dəst-xətti ilə seçilən şəxsiyyətlərdən biri olduğunu vurğulamışdır. O bildirmişdir ki, Azərbaycan ulu öndər Heydər Əliyevin rəhbərliyi dövründə Avropa Şurasına tamhüquqlu üzv seçilmişdir. Bu, dahi Heydər Əliyevin həyata keçirdiyi uğurlu xarici siyasətinin məntiqi nəticəsi idi.

Bolqarıstanın Azərbaycanda ilk səfiri İvan Palçev də ulu öndər Heydər Əliyevin müdrik daxili və xarici siyasətindən söhbət açmış, Dağlıq Qarabağ münaqişəsi nəticəsində yaranan qaçqın və məcburi köçkünlərin problemlərinin həllini daim diqqətdə saxladığını xüsusi vurğulamışdır.

Bolqarıstan Dövlət Teleqraf Agentliyinin baş direktoru Maksim Minçev öz çıxışında mütəmadi olaraq ölkəmizə səfərlər etdiyini və hər səfərdə Azərbaycanın daha böyük uğurlara nail olduğunu gördüyünü, bu inkişafın təməlinin ulu öndər Heydər Əliyev tərəfindən qoyulduğunu, ölkəmizdə yüksək səviyyəli beynəlxalq tədbirlərin keçirildiyini və bununla Azərbaycanın beynəlxalq aləmdə tanınmasını, habelə 2012-ci ildə Bakıda keçirilmiş Beynəlxalq Humanitar Forumda iştirakı çərçivəsində Naxçıvan şəhərində də olduğunu və ulu öndər Heydər Əliyevin muzeyini ziyarət etdiyini bildirmişdir.

Sonda səfir Emil Kərimov çıxış edərək konfransa qatıldıqlarına görə sabiq prezidentlərə və digər qonaqlara təşəkkürünü bildirmiş, onlara ulu öndər Heydər Əliyevin həyat və fəaliyyəti haqqında ətraflı məlumat vermişdir. Səfir E.Kərimov Prezident İlham Əliyevin müstəqil Azərbaycanı ulu öndər Heydər Əliyevin müəyyənləşdirdiyi yolla daha böyük nailiyyətlərə doğru apardığını, Avropanın enerji təhlükəsizliyində mühüm rol oynadığını diqqətə çatdırmışdır.

Konfransın sonunda ulu öndər Heydər Əliyevin çoxşaxəli fəaliyyəti haqqında Lider televiziyası tərəfindən hazırlanmış qısametrajlı film nümayiş olunmuşdur.

Konfrans Bolqarıstanın nüfuzlu kütləvi informasiya vasitələrində geniş işıqlandırılmışdır.

Səfir E.Kərimov Bolqarıstanın "BNT" Milli Televiziya kanalına müsahibə verərək ulu öndər Heydər Əliyevin Azərbaycan xalqı qarşısındakı xidmətlərindən, Prezident İlham Əliyevin həyata keçirdiyi islahatlardan danışmışdır.

AzərTac

Digər xəbərlər