Ukraynanın "Ekonomist" elmi və ictimai-siyasi jurnalının yeni, 5-ci nömrəsi (2013-cü ilin may ayı) çapdan çıxmışdır. O, bütünlüklə Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyevin 90 illik yubileyinə həsr olunmuşdur.
Jurnalın bu nömrəsi Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) Elmi İnnovasiyalar Mərkəzinin təşəbbüsü ilə yaradılmışdır. Layihə nəşrin redaksiya heyəti və Azərbaycanın Ukraynadakı səfirliyi tərəfindən dəstəklənmişdir.
Nəşrin üz qabığında ulu öndər Heydər Əliyevin bu sözləri yazılmışdır: "Azərbaycan xalqı güclü və əməksevər xalqdır, buna görə də ölkə mütləq bütöv, azad və çiçəklənən olacaqdır!" Jurnal Azərbaycan xalqının ümummilli liderinin tərcümeyi-halı, tanınmış adamların Heydər Əliyev haqqında söylədikləri və onun oğlu İlham Əliyevlə çəkdirdiyi şəkil ilə açılır. Ulu öndər oğlu barədə uzaqgörənliklə demişdi: "İlham yüksək intellektə, praqmatik təfəkkürə malikdir, müasir dünya siyasətini və iqtisadiyyatı gözəl bilir, enerjili və təşəbbüskar insandır. Sizi əmin edə bilərəm ki, İlham Əliyev gələcəkdə də xalqımızın ən layiqli oğullarını öz ətrafında birləşdirərək Azərbaycan dövlətinin inkişaf etdirilməsi və xalqın rifahının yüksəldilməsi yolunda çox iş görəcəkdir. İnanıram ki, mənim axıra çatdıra bilmədiyim bütün taleyüklü məsələləri, planları sizin köməyiniz və yardımınızla İlham Əliyev həll edə biləcəkdir. Mən ona özüm kimi inanır və onun gələcəyinə böyük ümidlər bəsləyirəm".
Jurnalda AMEA-nın akademiki Akif Əlizadənin "Elmin inkişafında ümummilli lider Heydər Əliyevin rolu", AMEA-nın akademiki, Azərbaycan Respublikası Milli Məclisinin İqtisadi siyasət komitəsinin sədri Ziyad Səmədzadənin "Azərbaycan iqtisadiyyatının inkişaf strategiyası", Azərbaycanın nəqliyyat naziri Ziya Məmmədovun "Azərbaycanda nəqliyyat sisteminin inkişafı", Azərbaycanın Ekologiya və Təbii Sərvətlər Nazirliyinin şöbə rəisi İmran Abdulovun "Ekologiyaya innovasiyalar ətraf mühitin sağlamlaşdırılması yoludur" və s. məqalələri dərc olunmuşdur.
Jurnal rus və ingilis dillərində nəşr edilmiş, poliqrafik baxımından nəfis tərtib olunmuşdur.
AzərTAc