Ağsuda "Azərbaycan" qəzeti redaksiyası və rayon icra hakimiyyətinin birgə təşkilatçılığı ilə "Heydər Əliyev kursu Azərbaycanın dövlətçilik qüdrətinin və davamlı inkişafının əsas təminatçısıdır: regionların sosial-iqtisadi yüksəlişi" mövzusunda "dəyirmi masa" keçirilmişdir.
AzərTAc xəbər verir ki, tədbirin iştirakçıları əvvəlcə şəhərin mərkəzindəki Heydər Əliyev parkında Ümummilli Liderimizin abidəsini ziyarət etmiş, önünə gül-çiçək dəstələri qoymuşlar.
Heydər Əliyev Mərkəzində keçirilən "dəyirmi masa"nı "Azərbaycan" qəzetinin baş redaktoru, Milli Məclisin deputatı Bəxtiyar Sadıqov açaraq Ulu Öndərin Azərbaycan və xalqımız qarşısında misilsiz xidmətlərini bir daha diqqətə çatdırmışdır.
Qeyd etmişdir ki, 1969-cu ildə Azərbaycanda siyasi hakimiyyətə gəldiyi vaxt respublikamız SSRİ məkanında geridə qalan aqrar diyar idi. Onun gəlişi ilə respublikamız intibah dövrünə qədəm qoymuşdur. Güclü mütəxəssis çatışmazlığına olan ehtiyacı nəzərə alaraq hər il yüzlərlə gəncin SSRİ-nin ən nüfuzlu ali məktəblərində təhsil almalarını təşkil etmişdir. Neft istehsalının, pambıqçılığın, üzümçülüyün sürətli inkişafı ölkəyə, insanlara böyük gəlir gətirirdi. Nəinki şəhərlər, kəndlər belə öz simasını dəyişir, sosial infrastruktur yaxşılaşır, insanların həyat səviyyəsi yüksəlirdi. Məişət kondisionerləri kimi nəhəng zavodun və digər zavodların tikilib işə salınması, kimya sənayesinin inkişaf etdirilməsi ölkənin sənaye qüdrətini artırırdı.
Ulu Öndərin böyük bacarıq və yüksək təşkilatçılığı sayəsində Moskvaya mühüm vəzifəyə aparıldığını, Siyasi Büronun üzvü kimi uca pilləyə çıxdığını deyən natiq diqqəti ötən əsrin 80-ci illərinin axırlarında, SSRİ dağılmağa başlayan vaxt erməni separatizminin gücləndiyinə, Azərbaycana qarşı işğalçılıq meyillərinin artdığına cəlb edərək ümummilli lider Heydər Əliyevin bu sahədə böyük maneə olduğunu, məhz buna görə də siyasi hakimiyyətdən uzaqlaşdırıldığını söyləmişdir.
Bildirilmişdir ki, ötən əsrin 90-cı illərinin əvvəllərində, Azərbaycan torpaqlarının 20 faizinin işğal edildiyi, 1 milyonadək qaçqının gəldiyi bir vaxtda ölkə parçalanmaq təhlükəsi ilə üz-üzə qalmışdı. Fabrik və zavodların fəaliyyəti dayanmışdı. Kənd təsərrüfatında ağır vəziyyət hökm sürürdü. İnsanlar demək olar ki, nə edəcəklərini bilmirdilər. Əslində Azərbaycanın mövcudluğu sual altında idi.
Məhz belə bir ağır vaxtda ulu öndər Heydər Əliyev xalqın təkidi ilə hakimiyyətə gəldi. Bu tarixi qayıdış tezliklə öz bəhrəsini verdi. Günün 18 saatını işləyərək ölkəni düşdüyü bəladan qurtarmağın yollarını müəyyənləşdirən bu dahi insan yeni, demokratik dövlət quruculuğunun bütün sahələr üzrə strategiyasını işləyib hazırladı. Tezliklə atəşkəsə nail oldu. Bütün əlaqələrin kəsildiyi o vaxt yeni müqavilələr imzalandı, Azərbaycanın bu günü, gələcəyi üçün mühüm əhəmiyyət kəsb edən neft müqavilələri bağlandı, özəlləşdirmə proqramı, sahibkarlığın inkişafına dəstək nəhayət ki, ölkəni düşdüyü vəziyyətdən xilas etdi, tezliklə inkişaf yoluna çıxardı.
Qeyd edilmişdir ki, Ulu Öndərin siyasi kursunun layiqli davamçısı olan Prezident İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan regionun ən qüdrətli, dünyanın iqtisadi cəhətdən ən sürətlə inkişaf edən ölkəsinə çevrilmişdir.
"Dəyirmi masa"da rayon icra hakimiyyətinin başçısı Ənvər Seyidəliyev "Heydər Əliyevin müəllifi olduğu milli inkişaf prosesində Ağsu rayonu mühüm yer tutur", fermer Alxas Məmmədov "İqtisadi sahədə keçmiş ənənələr bərpa olunur və yeni tipli iqtisadiyyat Ağsunun yüksəlişində əsas amilə çevrilir", rayon ağsaqqallar şurasının sədri Seyfəddin Abdullayev "Sosial sahəyə diqqət, qaçqın və məcburi köçkünlərə sosial dəstək uğurlu bəhrələrini verir", şəhər 4 nömrəli tam orta məktəbin direktoru Şəfəq Balıyeva "Abadlıq, quruculuq Ağsuda əsas fəaliyyət istiqamətidir və kəndlər şəhər görkəmi alır", Çiyni kənd tam orta məktəbinin direktoru Vahid Fərzəliyev "Heydər Əliyev Fondu Ağsuda xeyirxahlığın, mərhəmətin və quruculuğun əsas ünvanına çevrilmişdir" mövzularında çıxışlar etmişlər.
Natiqlər bu gün ümummilli liderimiz Heydər Əliyev siyasi kursunun davamçısı Prezident İlham Əliyevin rəhbərliyi ilə həyata keçirilən regionların sosial-iqtisadi inkişafına dair dövlət proqramlarının bütün regionlara, o cümlədən Ağsuya verdiyi töhfələrdən, sosial-iqtisadi sahələrdə dinamik inkişafın rayon mərkəzində və kəndlərdə sosial infrastrukturun yeniləşməsinə, insanların yaşam tərzinin yaxşılaşmasına səbəb olmasından ətraflı, konkret faktlarla bəhs etmişlər.
Bütün bu nailiyyətlərin, sürətli inkişafın məhz dahi şəxsiyyət Heydər Əliyev tərəfindən işlənib hazırlanmış strategiyanın uğurlu nəticəsi olduğu vurğulanmışdır.
AzərTAc