Bu gün YAP Sədrinin müavini-İcra katibi Əli Əhmədov partiyanın Səbail rayon təşkilatının ərazi ilk təşkilatlarının sədrləri ilə görüş keçirmişdir.
Artıq bir sıra rayon təşkilatlarında belə görüşlərin keçirildiyini deyən Əli Əhmədov bildirmişdir ki, bu görüşlərin məqsədi ölkəmizdə keçiriləcək prezident seçkilərinə hazırlıqla əlaqədardır. Yeni Azərbaycan Partiyasının ölkəmizin ictimai-siyasi həyatında xüsusi rol oynadığını qeyd edən Əli Əhmədovun sözlərinə görə, partiyamız yarandığı dövrdən indiyədək iştirak etdiyi bütün seçkilərdə möhtəşəm qələbələr qazanmışdır. "Partiyamız fəaliyyət göstərdiyi 20 ildən artıq bir müddət ərzində böyük seçki təcrübəsi də qazanıb. Bu təcrübə 2013-cü ilin prezident seçkilərində də uğur qazanmağımıza ciddi əsaslar yaradır. Eyni zamanda, son 10 il ərzində Prezident İlham Əliyevin rəhbərliyi ilə həyata keçirilən inkişaf siyasəti və bu siyasətin uğurları seçkilərin nəticələrini şərtləndirən əsas amillərdən biridir. Təbii ki, bu inkişaf siyasətinin əsasında Heydər Əliyev ideyaları dayanır və xalqımız Heydər Əliyev ideyalarına əsaslanan inkişaf siyasətinin bundan sonra da ölkəmizə uğurlar gətirəcəyinə inanır. Bu mənada növbəti seçkilərdə cənab İlham Əliyevin namizədliyinin irəli sürülməsi və qələbəsi xalqımızın arzu və istəklərinin ifadəsidir"- deyə, YAP Sədrinin müavini vurğulamışdır.
Oktyabr ayında keçiriləcək prezident seçkiləri kampaniyasının yüksək səviyyədə təşkil olunması üçün Yeni Azərbaycan Partiyasının üzərinə ciddi vəzifələr düşdüyünü deyən Əli Əhmədov ilk partiya təşkilatları sədrlərinə seçkilərə hazırlıqla əlaqədar öz tövsiyələrini vermişdir.
Görüşdə YAP İcra katibinin müavini Siyavuş Novruzov iştirak etmişdir.
yap.org.az