PDF Oxu

Siyasət

  • 26

İslam Əməkdaşlıq Təşkilatının təməlində islam aləminin birliyi dayanır

İslam Əməkdaşlıq Təşkilatının təməlində islam aləminin birliyi dayanır

Prezidenti İlham Əliyev İslam Əməkdaşlıq Təşkilatı əmək nazirlərinin Bakıda keçirilən konfransının iştirakçılarını qəbul edib

Dünən Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev İslam Əməkdaşlıq Təşkilatı əmək nazirlərinin Bakıda keçirilən konfransının iştirakçılarını qəbul edib. Dövlətimizin başçısı son illərdə İslam Əməkdaşlıq Təşkilatının Azərbaycanda nazirlər səviyyəsində beş konfransının keçirildiyini, bu tədbirin də nəticələrinin uğurlu olacağına əminliyini bildirdi.

"Bu, onu göstərir ki, Azərbaycan nəinki İslam Əməkdaşlıq Təşkilatının fəal üzvüdür, eyni zamanda, ölkəmizdə təşkilatın xətti ilə mötəbər tədbirlər keçirilir", - deyən Prezident İlham Əliyev bu konfransda müzakirə olunan məsələlərin bütün ölkələr, eyni zamanda, Azərbaycan üçün böyük əhəmiyyət daşıdığını qeyd etdi. Dövlətimizin başçısı son illərdə ölkəmizdə işsizliyin və yoxsulluğun aradan qaldırılması istiqamətində böyük işlərin görüldüyünü bildirdi. Azərbaycan Prezidenti Bakıda İslam Əməkdaşlıq Təşkilatının Əmək Mərkəzinin yaradılmasının məqsədəuyğun olduğunu deyərək bunun aradakı birliyi daha da möhkəmləndirəcəyini diqqətə çatdırdı. Dövlətimizin başçısı Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi barədə ətraflı məlumat verdi.

Səudiyyə Ərəbistanının əmək nazirinin müavini Mofarrej əl-Hoqubani konfransın yüksək səviyyədə təşkilinə və qonaqpərvərliyə görə nazirlər adından Prezident İlham Əliyevə təşəkkür etdi.

Türkiyənin əmək və sosial müdafiə naziri Faruk Çelik Prezident Abdullah Gülün və Baş nazir Rəcəb Tayyib Ərdoğanın salamlarını Prezident İlham Əliyevə çatdırdı.

Küveyt dövlətinin əmək və sosial məsələlər naziri Zikra əl-Rəşidi ölkəmizin beynəlxalq aləmdə əldə etdiyi uğurlara görə Prezident İlham Əliyevi təbrik etdi.

Fələstinin əmək naziri Əhməd Məcdalani Prezident Mahmud Abbasın salamlarını Azərbaycan dövlətinin başçısına çatdırdı, ölkəmizin hər zaman Fələstin xalqının yanında olduğunu dedi.

Prezident İlham Əliyev yekun çıxışında bildirdi ki, İslam Əməkdaşlıq Təşkilatının təməlində islam aləminin birliyi dayanır və Azərbaycan islam ölkələri arasında əməkdaşlığın möhkəmlənməsi üçün əlindən gələni edir.

Ölkələrimiz arasında iqtisadi əlaqələrin daha da inkişafının zəruri olduğunu deyən dövlətimizin başçısı beynəlxalq təşkilatlar çərçivəsində əməkdaşlığın genişləndirilməsinin əhəmiyyətinə toxundu, islamofobiya meyillərinin aradan qaldırılmasının vacibliyini bildirdi.

Prezident İlham Əliyev sonda bir daha konfransın işinə uğurlar arzuladı.

Digər xəbərlər