Qaçqın və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsinin təşkilatçılığı ilə "Azərbaycan xalqının Ümummilli lideri Heydər Əliyevin Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi ilə bağlı siyasəti: qaçqınlara və məcburi köçkünlərə qayğısı, onların sosial problemlərinin həllində Azərbaycan hökumətinin, beynəlxalq humanitar təşkilatların iştirakı" mövzusunda konfrans keçirilir. SİA-nın xəbərinə görə, konfrans iştirakçıları əvvəlcə Fəxri Xiyabanda Ulu öndər Heydər Əliyev və Akademik Zərifə Əliyevanın məzarlarını ziyarət ediblər.
Daha sonra "Gülüstan" sarayının foyesində dahi şəxsiyyət Heydər Əliyevin qaçqın və məcburi köçkünlərə diqqət və qayğısına, Akademik Zərifə Əliyevanın həyat və fəaliyyətinə həsr edilən xüsusi stendlərdən ibarət sərgi və komitə tərəfindən hazırlanan informasiya-təbliğat materialları ilə tanışlıq olub.
Tədbirdə çıxış edən baş nazirin müavini, Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsinin sədri Əli Həsənov Ümummilli lider Heydər Əliyevin münaqişənin həlli, qaçqın və məcburi köçkünlərin yaşayış şəraitinin yaxşılaşdırılması istiqamətində gördüyü işlərdən danışaraq, son illər bu sahədə atılan addımlara toxunub.
Konfransda həmçinin Yeni Azərbaycan Partiyası (YAP) sədrinin müavini-İcra katibi Əli Əhmədovun, Şuşa rayon İcra Hakimiyyətinin başçısı, "Dağlıq Qarabağın Azərbaycanlı İcması" İctimai Birliyinin sədri Bayram Səfərovun, BMT-nin Qaçqınlar üzrə Ali Komissarlığının Azərbaycandakı nümayəndəliyinin rəhbəri Daq Siqurdsonun çıxışı nəzərdə tutulub.
Qeyd edək ki, konfransda Heydər Əliyevin qaçqın və məcburi köçkünlərə diqqət və qayğısına həsr edilən film də nümayiş etdirilib.
sia.az