PDF Oxu

Siyasət

  • 14

"Azərbaycan xalqının Ümummilli Lideri Heydər Əliyevin Ermənistan-Azərbaycan, DQ münaqişəsi ilə bağlı siyasəti: qaçqınlara qayğısı, onların sosial problemlərinin həllində Azərbaycan hökumətinin, beynəlxalq humanitar təşkilatların iştirakı"

"Azərbaycan xalqının Ümummilli Lideri Heydər Əliyevin Ermənistan-Azərbaycan, DQ münaqişəsi ilə bağlı siyasəti: qaçqınlara qayğısı, onların sosial problemlərinin həllində Azərbaycan hökumətinin, beynəlxalq humanitar təşkilatların iştirakı"

Ulu Öndər Heydər Əliyevin 90 illik yubileyi münasibətilə Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsi bu mövzuda konfrans keçirib

Dünən "Gülüstan" sarayında Ulu Öndər Heydər Əliyevin 90 illik yubileyi münasibətilə Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsi (QMKİDK) tərəfindən keçirilən "Azərbaycan xalqının Ümummilli Lideri Heydər Əliyevin Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi ilə bağlı siyasəti: qaçqınlara və məcburi köçkünlərə qayğısı, onların sosial problemlərinin həllində Azərbaycan hökumətinin, beynəlxalq humanitar təşkilatların iştirakı" mövzusunda konfrans keçirildi. Tədbirdə dövlət və hökumət rəsmiləri, Milli Məclisin deputatları, xarici ölkələrin Azərbaycanda akkreditə olunmuş səfirləri, beynəlxalq təşkilatların və ictimaiyyətin nümayəndələri iştirak etdilər.

Tədbir iştirakçıları əvvəlcə Fəxri Xiyabanda Ulu Öndər Heydər Əliyevin və akademik Zərifə xanım Əliyevanın məzarlarını ziyarət etdilər. Sonra Ümummilli Lider Heydər Əliyevin qaçqın və məcburi köçkünlərə diqqət, qayğısına və akademik Zərifə xanım Əliyevanın həyat və fəaliyyətinə həsr edilən xüsusi stendlərdən ibarət sərgi və komitə tərəfindən hazırlanan informasiya-təbliğat materialları ilə tanış oldular.

Konfransda Ulu Öndər Heydər Əliyevin qaçqın və məcburi köçkünlərə diqqət və qayğısına həsr edilən film də nümayiş etdirildi. Filmdə qaçqınların və məcburi köçkünlərin yaşayış şəraitinin yaxşılaşdırılması və məşğulluğunun artırılması, onların sosial müdafiəsinin gücləndirilməsi sahəsində görülən işlər, həm Ümummilli Lider Heydər Əliyevin, həm də Prezident İlham Əliyevin bu qəbildən olan insanlara diqqət və qayğısı sayəsində onlar üçün yeni qəsəbələr salınması məsələlərindən bəhs edilmişdi.

Əli Həsənov: "2003-cü ildən, Prezident İlham Əliyev ölkəmizə rəhbərlik etməyə başladığı dövrdən etibarən Azərbaycanın inkişafında yeni dövrünün başlanğıcı qoyuldu"

Filmin nümayişindən sonra konfransda Baş nazirinin müavini, Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsinin sədri Əli Həsənov Ulu Öndər Heydər Əliyevin dövlətçiliyin möhkəmləndirilməsi, ölkənin iqtisadi inkişafı, qaçqın və məcburi köçkünlərin yaşayış şəraitinin yaxşılaşdırılması istiqamətində gördüyü işlərdən danışdı. Bildirdi ki, Azərbaycan xalqının böyük oğlu Heydər Əliyev qaçqın və məcburi köçkünlərin problemlərinin həllini daim diqqətdə saxlamışdır. Əli Həsənov qaçqınların və məcburi köçkünlərin sosial, mənzil-məişət şəraitinin yaxşılaşdırılması istiqamətində Ümummilli Lider Heydər Əliyevin və Onun layiqli davamçısı Prezident İlham Əliyevin gördüyü işlərdən danışaraq bildirdi ki, bu sahəyə diqqət və qayğı nəticəsində qaçqınlar və məcburi köçkünlər üçün 78 müasir qəsəbə salınmışdır.

Məhz Ulu Öndər Heydər Əliyevin uzaqgörən siyasəti nəticəsində ermənilərin Dağlıq Qarabağ məsələsini qabarda bilmədiyini vurğulayan Ə.Həsənov Azərbaycanın işğal olunmuş ərazilərindəki separatçı hərəkatın zəifləməsinin də Ümummilli Liderin məqsədyönlü fəaliyyətinin nəticəsi olduğunu qeyd etdi. Ulu Öndər 2003-cü ilədək Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin tənzimlənməsi üçün beynəlxalq və milli hüquqi bazanı yaratmış oldu. Hazırda Prezident İlham Əliyev əsası Ümummilli Lider tərəfindən qoyulan bu strategiyanı uğurla davam etdirir. 2003-cü ildən, Prezident İlham Əliyevin ölkəmizə rəhbərlik etməyə başladığı dövrdən etibarən Azərbaycanın inkişafının yeni dövrünün başladığını qeyd edən Ə.Həsənov dövlətimizin başçısının ölkəmizi sürətlə inkişaf edən dövlətə çevirdiyini, təhsil, mədəniyyət, səhiyyə və digər sahələrin inkişafına nail olunduğunu diqqətə çatdırmışdır. Azərbaycan artıq beynəlxalq tədbirlərin keçirildiyi mərkəzə çevrilmişdir.

Ə. Həsənov onu da qeyd etdi ki, Ümummilli Liderin ikinci dəfə hakimiyyətə qayıdışından sonra münaqişədə Azərbaycanın ədalətli tərəf olmasını göstərən beynəlxalq qərarların qəbuluna nail olunub, ölkənin inkişafına təkan verən ciddi addımlar atılıb: "Lakin dünyadakı ədalətsizliklər, münaqişəyə çoxşaxəli yanaşmalar problemin həllinə imkan vermədi".

Əli Əhmədov: "Ümummilli Liderimizin fəaliyyəti Azərbaycanın dünəni, bu, günü və gələcəyinə hesablanmış fəaliyyətdir"

Konfransda YAP Sədrinin müavini-İcra katibi, Milli Məclisin deputatı Əli Əhmədov bildirdi ki, Ulu Öndər Heydər Əliyevin Azərbaycan tarixində yeri və rolu uzun müddət müzakirə ediləcək: "Çünki Heydər Əliyevin xalqımız qarşısında xidmətləri o qədər böyük və zəngindir ki, bu, zaman-zaman tədqiqatlar mövzusu olacaq. Ümummilli Liderimizin fəaliyyəti Azərbaycanın dünəni, bugünü və gələcəyinə hesablanmış fəaliyyətdir. Ulu Öndərimiz keçmişə istinad edərək bugünümüzü necə qurmağı və gələcəyimiz üçün hansı işlər görülməsinin nümunəsini bizə göstərdi. Azərbaycanın son onilliklər ərzində qazandığı uğurlar Ulu Öndər Heydər Əliyevin həyat və fəaliyyəti ilə birbaşa bağlıdır. Azərbaycanın Heydər Əliyevin adı ilə bağlı olan sürətli inkişafının bu gün də yüksək dinamika ilə davam etməsi, o dövrdən başlayan yüksəliş strategiyasının böyük zaman kəsiyini əhatə edən dövlətçilik konsepsiyasını yerinə yetirdiyini qətiyyətlə sübut edir. Heydər Əliyev olmasaydı, yəqin ki, Azərbaycanın bugünkü tarixi tamamilə başqa cür olardı. Azərbaycan xalqının Heydər Əliyevə bugünkü məhəbbətinin kökündə məhz bu amillər dayanır. Ulu Öndər Azərbaycan vətəndaşlarında özünəinam hissi yaratdı, dövlət quruculuğuna stimul verdi".

Əli Əhmədov Ümummilli Liderin ölkənin inkişafı, münaqişənin həllindəki rolu, qaçqın və məcburi köçkünlərin yaşayış şəraitinin yaxşılaşdırılmasında fəaliyyəti haqda danışdı.

YAP Sədrinin müavini çıxışında münaqişənin həlli ilə bağlı strategiyanın düzgün olaraq davam etdirildiyini, lakin hələ də dünyanın ədalətin bərpasına dəstək olmadığını söylədi.

Konfransda Şuşa rayon icra hakimiyyətinin başçısı, "Dağlıq Qarabağın Azərbaycanlı İcması" İctimai Birliyinin sədri Bayram Səfərov Ulu Öndər Heydər Əliyevin Qarabağa səfərləri, bölgənin inkişafına göstərdiyi diqqət və qayğıdan bəhs etdi.

BMT-nin Qaçqınlar üzrə Ali Komissarlığının Azərbaycandakı nümayəndəliyinin rəhbəri Daq Siqurdson Heydər Əliyevi bir siyasətçi, vətəndaş və dünyada sülhün carçısı kimi xarakterizə etdi. O, təmsil olunduğu qurumla Azərbaycan dövləti arasındakı əməkdaşlıqdan məmnun olduğunu bildirdi.

Konfrans əraziləri işğal olunmuş rayonların mədəniyyət kollektivlərinin ifasında konsert proqramı ilə davam etdi.

RƏFİQƏ KAMALQIZI

Digər xəbərlər