Yasamal Rayon Heydər Əliyev Mərkəzinin əməkdaşları Ümummilli Liderin 90 illik yubileyi ilə əlaqədar aprelin 29-da Heydər Əliyev Fondunda olmuşlar.
AzərTAc xəbər verir ki, qonaqlara Fondun fəaliyyəti haqqında ətraflı məlumat verilmiş, qurumun Ümummilli Liderin zəngin irsini öyrənərək təbliğ etdiyi bildirilmişdir. Qeyd olunmuşdur ki, Heydər Əliyevin xalqımız qarısındakı xidmətləri hər bir azərbaycanlı üçün örnəkdir. Ümumiyyətlə, Fond müxtəlif sosial-iqtisadi, mədəni layihələr həyata keçirməklə Azərbaycanın tərəqqisinə, mədəniyyətinin və tarixinin təbliğinə kömək göstərir.
Heydər Əliyevin şəxsi arxivindən götürülmüş və onun fəaliyyətinin ayrı-ayrı dövrlərini əhatə edən, Ulu Öndərin həyatının ən müxtəlif məqamlarını əks etdirən, tariximizin bütöv bir dövrü barədə geniş təsəvvür yaradan şəkillərə və eksponatlara baxan Yasamal Rayon Heydər Əliyev Mərkəzinin əməkdaşları görkəmli siyasi xadimin uşaqlıq və gənclik illərinə, Moskvada keçmiş SSRİ-nin rəhbərlərindən biri kimi genişmiqyaslı fəaliyyətinə aid materiallara, Bakı-Tbilisi-Ceyhan əsas neft ixrac boru kəmərinin keçdiyi ərazilərin maketinə də maraqla tamaşa etmişlər.
Sonda Heydər Əliyevin ömür yolundan bəhs edən "Böyük ömrün anları" sənədli filminə baxan qonaqlar Fonddan zəngin təəssüratla ayrılmışlar.
AzərTAc