Azərbaycanın görkəmli oftalmoloq-alimi, akademik Zərifə Əliyevanın 90 illik yubileyi münasibətilə Ukraynanın İrpen şəhərində təntənəli mərasim keçirilmişdir.
AzərTAc xəbər verir ki, Azərbaycanın Ukraynadakı səfirliyinin və Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin Ukrayna nümayəndəliyinin əməkdaşları, Ukrayna Azərbaycanlıları Konqresinin nümayəndələri, Ukrayna ali məktəblərinin tələbələri, ziyalılar və ictimaiyyətin təmsilçiləri İrpen şəhərinin mərkəzində Zərifə Əliyeva adına "Dostluq parkı"na gələrək görkəmli alimin burada ucaldılmış abidəsi önünə çiçək dəstələri qoymuş, onun xatirəsini böyük ehtiramla yad etmişlər.
Mərasimdə qeyd olunmuşdur ki, Zərifə Əliyeva SSRİ Tibb Elmləri Akademiyasının M.İ.Averbax adına mükafatına layiq görülmüş ilk alim qadındır. Onun müasir tibb elminə əvəzsiz töhfə olan tədqiqatları dünyanın məşhur oftalmoloq-alimləri tərəfindən yüksək qiymətləndirilir. Böyük elmi irsi gələcək nəsillərə miras qoymuş görkəmli alimin elmi əsərləri bu gün oftalmologiyanın inkişafına xidmət edir.
AzərTAc