AŞPA-nın yaz sessiyası çərçivəsində 5 nümayəndə heyətini təmsil edən 25 deputatın imzası ilə 18 fevral 2013-cü il tarixdə Ermənistanda keçirilmiş prezident seçkilərində AŞPA seçki müşahidə missiyasına etirazı özündə ehtiva edən qətnamə təklifi irəli sürülüb. Amma AŞPA rəhbərliyi birmənalı şəkildə bu qətnamə təklifinin müzakirəyə çıxarılmasının qarşısını alıb. Bu barədə AŞPA-da Azərbaycan nümayəndə heyətinin üzvü Elxan Süleymanov məlumat verib.
E. Süleymanov bildirib ki, Assambleyada Prosedur Qaydalarına uyğun təqdim olunmasına baxmayaraq, müxtəlif bəhanələrlə qətnamə təklifinin müzakirəyə çıxarılmasının və məsələ ilə bağlı şəffaf şəkildə müzakirələrin keçirilməsinin qarşısının alınması bizi çox narahat edir. Onun sözlərinə görə, ümumiyyətlə, qətnamə təklifinin müzakirəyə çıxarılmamasının səbəbi AŞPA-da Dağlıq Qarabağ münaqişəsi ilə bağlı hər hansı bir müzakirənin aparılmasının qarşısının alınması cəhdləri ilə bağlıdır.
"Zənnimcə, insan hüquqlarına, demokratiya və hüququn aliliyinə hörməti özünün əsas məqsədi hesab edən AŞPA üçün bu utancverici və narahatedici hal sayılmalıdır. Belə hallardan biri də ondan ibarətdir ki, işğalçı Ermənistan bu ilin iyul ayından Avropa Şurasının əsas qurumlarından biri olan Nazirlər Komitəsinə sədrlik edəcək. Hesab edirəm ki, Avropa Şurasına üzv olan bir dövlətin – Azərbaycanın – ərazilərini 20 ildən artıq bir müddət ərzində hərbi işğal altında saxlayan digər üzv dövlətin – Ermənistanın – Avropa Şurasında Avropa dəyərləri, demokratiya, insan hüquqları və hüququn aliliyinə nəzarət edən bir quruma sədrlik etməsi qeyd edilən dəyərlərə hörmətsizliyin nümayişindən başqa bir şey deyil"- deyə, nümayəndə heyətinin üzvü qeyd edib.
yap.org.az