Azərbaycanın birinci xanımı, Heydər Əliyev Fondunun prezidenti, Milli Məclisin deputatı Mehriban Əliyeva yeni amnistiya aktının qabul olunması ilə bağlı Milli Məclisə müraciət edib. SİA-nın məlumatına görə, bu barədə parlamentin hüquq siyasəti və dövlət quruculuğu komitəsinin bugünkü iclasında bildirilib.
Ə. Hüseynli deyib ki, Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyevin 90 illik yubileyi münasibəti ilə hazırlanan amnistiya aktı ulu öndərin humanist siyasətinə sədaqətin nümayişidir.
Heydər Əliyev Fondunun prezidenti Mehriban xanım Əliyevanın Milli Məclisə göndərdiyi müraciətdə deyilir ki, dahi lider Heydər Əliyevin misilsiz xidmətləri nəticəsində tarixin ən çətin taleyüklü sınaqlarından çıxaraq dünyanın ən dinamik inkişaf edən ölkələrindən birinə çevrilmiş Azərbaycan Respublikasında qanunçuluğa və hüququn aliliyinə əsaslana cinayət hüquq siyasəti həyata keçirilir.
Xalqımızın ümummilii lideri Heydər Əliyevin əsasını qoyduğu dövlətçilik strategiyası hələ uzun illər müstəqil Azərbaycan dövlətinin daha da güclənməsinə, iqtisadi qüdrətinin və xalqımızın rifahını artırılmasına xidmət edəcək.
Ulu öndərimizin siyasətinin insanpərvərlik ənənələrinin daim təşviq edən Heydər Əliyev Fondu ardıcıl amnistiya aktlarının təşəbbüskarı olmuş, Fondun təşəbbüsü ilə Azərbaycan Respublikasının Milli Məclisi tərəfindən 2007-ci il mayın 8-də qəbul olunmuş qərarla 9877 məhkum barəsində, 2009-cu il 17 mart tarixli qərarla 9564 məhkum barəsində amnistiya tətbiq edilmişdir. Qeyd olunan amnistiya aktları cinayət törətmiş şəxslərin cəmiyyətə yenidən inteqrasiya olunaraq islah olunmasını stimullaşdırmış, əhali arasında böyük minnətdarlıq hissi ilə qarşılanmışdır.
Yeni amnistiya aktının layihəsinə əsasən böyük ictimai təhlükə törətməyən və az ağır cinayətlərə görə məhkum edilmiş qadınlar, cinayət törədərkən 18 yaşına çatmayanlar, birinci və ya ikinci qrup əlillər, 60 yaşına çatmış kişilər, öhdəsində yetkinlik yaşına çatmayan, yaxud 1-ci və 2-ci qrup əlil övladı olanlar, Azərbaycan Respublikasının suverenliyinin və ərazi bütövlüyünün qorunmasında iştirak etmiş, Azərbaycan ərazisinin bir hissəsinin işğalı nəticəsində öz doğma torpaqlarından məcburi köçürülmüş və bəzi digər kateqoriyalardan olan şəxslər azadlıqdan məhrumetmə cəzasından azad ediləcəklər. Həmçinin, məhrumetmə cəzasının çəkilməmiş hissəsinin bir ildən artıq olmayan, məntəqə tipli cəzaçəkmə məntəqələrində cəza çəkən, islah işləri, ictimai işlər cəzalarına məhkum edilmiş bütün şəxslərə, habelə cərimə cəzasına məhkum edilmiş, cəzasının çəkilməsi təxirə salınmış, şərti məhkum edilmiş və digər qruplara daxil olan bir sıra məhkumlara amnistiya tətbiq edilməklə onların cəzadan azad olunmaları təklif edilir.
Aparılan təhlillərə əsasən təqribən 9000 (doqquz min) şəxsin amnistiya aktının təsiri altına düşməsi ehtimal edilir. Onlardan 2 mindən artıq məhkumun azad edilməsi gözlənilir.
Amnistiya aktı haqqında müraciətə Milli Məclisin mayın 7-də keçiriləcək iclasında baxılacaq.
sia.az