Ucar rayon mədəniyyət evində ümummilli liderimiz Heydər Əliyevin anadan olmasının 90 illiyinə həsr edilmiş elmi-praktik konfrans keçirilmişdir.
AzərTAc xəbər verir ki, ziyalıların, ağsaqqalların, gənclərin iştirak etdikləri elmi-praktik konfransda Ulu Öndərin zəngin və mənalı ömür yolu, dövlətçilik fəaliyyəti, Azərbaycan xalqı, dövləti qarşısında əvəzolunmaz xidmətləri barədə ətraflı danışılmışdır.
"Heydər Əliyev müstəqil Azərbaycan dövlətinin memarıdır" , "Heydər Əliyev və Azərbaycan mədəniyyəti", "Heydər Əliyev siyasi kursu Azərbaycanın xoşbəxt gələcəyinə təminatdır" mövzularındakı məruzələrdə, eləcə də ayrı-ayrı çıxışlarda ömrünü xalqına həsr edən, millətini, dövlətini canından artıq sevən bu dahi şəxsiyyətin fəaliyyətinin müxtəlif istiqamətləri geniş şərh olunmuşdur.
Bildirilmişdir ki, Heydər Əliyev istər 1969-1982-ci illərdə, istərsə də 1993-cü ildən ömrünün sonunadək Azərbaycana rəhbərlik edərkən bütün istiqamətlərdə inkişafa nail olmuşdur. Xüsusilə ötən əsrin 90-cı illərinin əvvəllərində təcavüzə məruz qalan, parçalanma təhlükəsi ilə üzləşən, xaos yaşanan bir vaxtda xalqın təkidli tələbi ilə hakimiyyətə gələrək ölkəni xilas edən, inkişaf yoluna çıxaran bu böyük insan hər kəsin qəlbində özünə əbədi abidə ucaltmışdır.
Vurğulanmışdır ki, müstəqil Azərbaycanda bütün çətinliklərə sinə gərərək hüquqi, demokratik dövlət quruculuğunu müvəffəqiyyətlə həyata keçirən Ulu Öndər elmi, sosial-iqtisadi, mədəni sahələrin bir-biri ilə əlaqəli inkişafın konsepsiyasını hazırlamışdır. Bu gün kosmosa öz süni peykini çıxaran, milli-mənəvi dəyərləri ilə dünyanı heyran qoyan Azərbaycan bütün uğurlarına görə məhz bu konsepsiyanı hazırlayan Ulu Öndərə minnətdardır. Təsadüfi deyildir ki, Ümummilli Liderin adı milyonların dilində şirin kəlmə kimi səslənir.
Elmi-praktik konfransda ulu öndərimiz Heydər Əliyev ideyalarının bu gün də müasir və aktual olduğu, bu ideyaların Prezident İlham Əliyev tərəfindən uğurla həyata keçirildiyi vurğulanmışdır.
AzərTAc