Ulu öndər Heydər Əliyevin anadan olmasının 90 illiyi münasibətilə 132-134 nömrəli təhsil kompleksinin müəllim və şagirdləri aprelin 30-da Heydər Əliyev Fondunda olmuşlar.AzərTAc xəbər verir ki, ziyarətçilərə Fondun fəaliyyəti haqqında ətraflı məlumat verilmişdir.
Qeyd olunmuşdur ki, Ümummilli Liderin zəngin irsini öyrənən və təbliğ edən Fond müxtəlif sosial–iqtisadi, mədəni layihələr həyata keçirməklə Azərbaycanın tərəqqisinə, mədəniyyətinin və tarixinin tanıdılmasına kömək edir.
Bildirilmişdir ki, ikinci dəfə Azərbaycanda rəhbərliyə gələn Heydər Əliyevin yorulmaz fəaliyyəti nəticəsində təhsil sistemində bir sıra önəmli islahatlar aparılmışdır. Məhz Ulu Öndərin diqqət və qayğı sayəsində müasir müstəqil Azərbaycanda təhsil dövlət siyasətinin prioritet istiqamətinə çevrilmişdir. Aparılan əsaslı islahatlar nəticəsində tarixi təcrübə və nailiyyətlər zəminində ölkə təhsilində bir çox diqqətəlayiq uğurlar qazanılmışdır. Ölkəmizin təhsil sisteminin əsaslı şəkildə təkmilləşdirilməsi, idarəetmənin müasir prinsiplər üzrə təşkili, təhsilin beynəlxalq standartlara uyğunlaşdırılması və dünya təhsil sisteminə inteqrasiyası məhz ulu öndər Heydər Əliyevin adı ilə bağlıdır.
Heydər Əliyevin şəxsi arxivindən götürülmüş və onun fəaliyyətinin ayrı-ayrı dövrlərini əhatə edən, Ulu Öndərin həyatının ən müxtəlif məqamlarını əks etdirən, tariximizin bütöv bir dövrü barədə geniş təsəvvür yaradan eksponatlara diqqətlə nəzər yetirən ziyarətçilər görkəmli siyasi xadimin uşaqlıq və gənclik illərinə, Moskvada keçmiş SSRİ-nin rəhbərlərindən biri kimi genişmiqyaslı fəaliyyətinə aid materiallara, Bakı-Tbilisi-Ceyhan əsas neft ixrac boru kəmərinin keçdiyi ərazilərin maketinə də maraqla tamaşa etmişlər.
Sonda Heydər Əliyevin ömür yolundan bəhs edən "Böyük ömrün anları" sənədli filminə baxan təhsil kompleksinin müəllim və şagirdləri Fonddan zəngin təəssüratla ayrılmışlar.
AzərTAc