PDF Oxu

Siyasət

  • 14

Ümummilli lider Heydər Əliyevin 90 illik yubileyi münasibətilə “Zaman Türkmənistan” qəzetində “Xalqının vəfalı oğlu” sərlövhəli məqalə dərc edilmişdir

Ümummilli lider Heydər Əliyevin 90 illik yubileyi münasibətilə “Zaman Türkmənistan” qəzetində “Xalqının vəfalı oğlu” sərlövhəli məqalə dərc edilmişdir

Aşqabadda türkmən dilində nəşr olunan "Zaman Türkmənistan" qəzetində ümummilli lider Heydər Əliyevin 90 illik yubileyi münasibətilə Azərbaycan Respublikasının Türkmənistandakı səfiri Vəhdət Sultanzadənin "Xalqının vəfalı oğlu" sərlövhəli məqaləsi dərc edilmişdir."Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyevin anadan olmasının 90 illiyinə" ümumi başlığı altında nəşr olunmuş məqalədə ulu öndər Heydər Əliyevin Azərbaycan tarixində mühüm yer tutduğu və müstəqil dövlətimizin siyasi-iqtisadi, mədəni həyatının inkişafının əsasını qoyduğu qeyd edilmişdir.

Məqalədə bildirilir ki, Azərbaycanın müasir tarixinin 1960-cı illərin axırlarından XXI əsrin əvvəlinədək olan dövrü Ümummilli Liderin adı ilə bağlıdır. Bu illər ərzində dahi şəxsiyyət Azərbaycanla bağlı məsuliyyəti öz çiyinlərində daşımış, Azərbaycan xalqı ilə birgə tarixin ağır sınaqlarını dəf etmiş, müstəqil dövlətimizi yaradaraq onun parlaq gələcəyinin əsasını qoymuşdur.

Məqalədə Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyevin həmvətənləri birləşdirən, hər bir azərbaycanlının fəxrlə dilə gətirdiyi "Mən həmişə fəxr etmişəm və bu gün də fəxr edirəm ki, mən azərbaycanlıyam" müdrik kəlamı əksini tapmışdır.

Məqalədə dünyanın hər tərəfində yaşayan azərbaycanlıların Azərbaycan Respublikasını doğma vətənləri saymalarının və onu milli ruhun, milli mənəvi dəyərlərin, milli mədəniyyətin məbədi kimi qəbul etmələrinin məhz ulu öndər Heydər Əliyevin fəaliyyətinin nəticəsi olduğu vurğulanmışdır. Ömrünü millətinə və Vətəninə həsr etmiş ümummilli lider Heydər Əliyevin bütün işlərində millətinə arxalandığı və Azərbaycan xalqının hər zaman ona dayaq olduğu, Heydər Əliyev şəxsiyyətinin Azərbaycan dövlətçiliyi tarixində daimi yer aldığı və silinməz iz buraxdığı qeyd edilmişdir.

Yazıda Ümummilli Liderin siyasətinin gücünün fitri istedadında, müdrikliyində, qətiyyətliliyində, siyasi iradəsində, dərin zəkasında, dözüm və səbirliliyində, bir sözlə, fenomenal şəxsi keyfiyyətlərində olduğu bildirilmişdir. Məqalənin sonunda müdrik rəhbər və dahi öndər Heydər Əlirza oğlu Əliyevin Azərbaycan xalqının qəlbində və yaddaşında daimi yaşayacağı diqqətə çatdırılmışdır.

AzərTAc

Digər xəbərlər