Nəqliyyat Nazirliyində Ümummilli Lider Heydər Əliyevin 90 illik yubileyinə həsr "Tarixi İpək Yolu gələcəyə doğru gedən yoldur" adlı konfrans keçirilib. SİA-nın verdiyi xəbərə görə, Tarixi İpək Yolu gələcəyə doğru gedən yoldur" devizi ilə keçirilən elmi-praktik konfransda Nəqliyyat Nazirliyinin, "Azərbaycan Dəmir Yolları" QSC-nin, "Azəryolservis" ASC-nin, Dövlət Avtomobil Nəqliyyatı Xidmətinin rəhbərləri, millət vəkilləri, elm xadimləri, ziyalılar iştirak ediblər.
Konfrans iştirakçıları ilk olaraq Ümummilli Lider Heydər Əliyevin büstü önünə gül dəstələri qoyublar, xatirəsini yad ediblər. Daha sonra konfrans iştirakçıları Ümummilli Liderin Azərbaycana rəhbərlik etdiyi 1969-1982-ci, SSRİ Nazirlər Soveti sədrinin birinci müavini vəzifəsində işlədiyi 1982-1987-ci illəri və Azərbaycanı vətəndaş müharibəsinin cəngindən xilas edən möhtəşəm qayıdışdan sonrakı-1993-2003-cü illəri əhatə edən film nümayiş ediblər.
Konfransı giriş sözü ilə açan nəqliyyat naziri Ziya Məmmədov müstəqil Azərbaycan dövlətinin memarı olan ulu öndər Heydər Əliyevin dövlət quruculuğu, Azərbaycan iqtisadiyyatının dirçəldilməsi, vətənimizin beynəlxalq arenada tanınması, respublika vətəndaşlarının sosial həyat səviyyəsinin yüksəldilməsi istiqamətində gördüyü işlərdən, onun bir dövlət xadimi olaraq dünyadakı nüfuzundan danışıb
Nazir bildirib ki, bu konfrans Heydər Əliyev irsinin öyrənilməsi, onun müdrik siyasətinin və bu siyasətin uğurlu nəticələrinin təbliği, Ulu Öndərin Azərbaycana rəhbərlik etdiyi illərdə gördüyü böyük işlərin və xalqımız qarşısındakı böyük xidmətlərinin bir daha xatırlanması, bu sırada Böyük İpək Yolu Strategiyasının reallaşmasının ölkə iqtisadiyyatı və nəqliyyat sektoru üçün mühümlüyünü təhlil etmək baxımından olduqca əhəmiyyətlidir: "Heydər Əliyev şəxsiyyətinin Azərbaycanın dövlətçilik tarixində müstəsna yeri var. Ulu Öndər öz müdrik siyasəti, dönməz əqidəsi və tarixi uzaqgörənliyi sayəsində milli dövlətçilik ideyasının gerçəkləşdirilməsinə, müasir Azərbaycan dövlətinin qurulmasına və xalqımızın müstəqillik arzusuna çatmasına nail olub. "İqtisadi tərəqqisinə görə bu gün nəinki MDB-də, hətta dünyada lider dövlətlərdən olan Azərbaycan bu nəticəni Heydər Əliyev müdrikliyi və bu mükəmməl siyasətin layiqli davamçısı Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin həyata keçirdiyi uğurlu siyasət, aparılan hərtərəfli və köklü islahatlar sayəsində qazanıb".
Daha sonra çıxış edənlər Demokratik Azərbaycanın qurucusu olan Ulu öndər Heydər Əliyev haqqında xatirələrini bölüşüblər.
sia.az