Azərbaycanın Qırğızıstandakı səfiri Hidayət Orucov bu ölkə parlamentinin sədri Asılbek Jeenbekovla görüşmüşdür.
Parlamentin sədri bu vəzifəyə təyin olunması münasibəti ilə səfiri təbrik etmiş, ölkələrimiz arasında əlaqələrin möhkəmləndirilməsi istiqamətində ona uğurlar arzulamışdır.
A.Jeenbekov Qırğızıstan ilə Azərbaycan arasında ticarət-iqtisadi, mədəni-humanitar və digər sahələrdə əlaqələrin genişləndirilməsi vacibliyini vurğulamışdır. Onun sözlərinə görə Qırğızıstan-Azərbaycan Hökumətlərarası Əməkdaşlıq Komissiyasının 2013-cü ildə Bakıda keçiriləcək iclasında müqavilə-hüquq bazasının genişləndirilməsi, bir sıra layihələrin həyata keçirilməsi mexanizminin fəallaşdırılması və bir sıra digər məsələlər müzakirə olunacaqdır.
Hidayət Orucov bildirmişdir ki, Azərbaycan ilə Qırğızıstan, həmçinin parlamentlər arasında əməkdaşlığın fəallaşması üçün əlindən gələni edəcəkdir. Səfir birgə tədbirlər və planlar haqqında danışaraq bildirmişdir ki, Qırğızıstan-Azərbaycan biznes forumunun keçirilməsi əlaqələrimizin inkişafına təkan verəcək.
Xalqlarımız arasında dostluq əlaqələrindən danışan diplomat bildirmişdir ki, Qırğızıstanda yaşayan azsaylı xalqların, o cümlədən azərbaycanlıların adət-ənənələrinin qorunub saxlanması üçün çox iş görülmüşdür. Deyilmişdir ki, hazırda hər iki ölkədə mədəniyyət günlərinin keçirilməsi istiqamətində iş aparılır.
AzərTAc