Aprelin 30-da Lənkəran şəhərindəki Heydər Əliyev Mərkəzində Ümummilli Liderin 90 illik yubileyinə həsr olunmuş "Heydər Əliyev və Azərbaycan regionlarının inkişafı" mövzusunda konfrans keçirilmişdir.
AzərTAc xəbər verir ki, İqtisadi İnkişaf Nazirliyinin təşkilatçılığı ilə keçirilən tədbirin iştirakçıları əvvəlcə Ulu Öndərin abidəsi önünə gül dəstələri düzərək xatirəsini ehtiramla yad etmiş, müasir Azərbaycan dövlətçiliyinin memarı Heydər Əliyevin həyat və fəaliyyətinə həsr olunmuş filmə tamaşa etmişlər.
Konfransda qeyd olunmuşdur ki, bu gün ölkəmizin qazandığı hər bir uğurun təməlində ulu öndər Heydər Əliyevin müəllifi olduğu, Azərbaycanın hərtərəfli inkişafına və tərəqqisinə hesablanmış inkişaf strategiyasının dayanır. Ulu Öndərin siyasi təcrübəsi, biliyi, cəsarəti və xalqımızın müdrikliyi nəticəsində qısa müddətdə ölkəmiz çətin sınaqlardan keçərək dinamik inkişaf yoluna qədəm qoymuşdur.
Bildirilmişdir ki, 1969-1982-ci illər Lənkəranın qızıl dövrü adlandırılır. Həmin dövrdə Lənkərandan keçmiş İttifaqın mindən çox şəhərinə sənaye və kənd təsərrüfatı məhsulları göndərilirdi. Lənkəran "Ümumittifaq bostanı" adlanırdı.
Ulu Öndər Lənkərana 6 dəfə səfər etmişdir. Bu səfərlərin hər biri rayonun həyatında çox böyük iz qoymuş, yeni-yeni obyektlərin açılışları ilə yadda qalmışdır.
Həmin dövrdə Lənkəranda sənaye, mədəniyyət, məişət müəssisələri, mikrorayon, hava limanı, Xanbulançay dəryaçası tikilib istifadəyə verilmişdir.
Diqqətə çatdırılmışdır ki, Ümummilli Liderin ideyaları, siyasi kursu bu gün də uğurla davam etdirilir. Prezident İlham Əliyevin rəhbərliyi altında Azərbaycan günbəgün inkişaf edir, regionlar sosial-iqtisadi cəhətdən çiçəklənir, böyüyür, yenilənir.
Dövlətimizin başçısı ötən il Lənkəran rayonunun sosial-iqtisadi inkişafının daha da sürətləndirilməsi ilə əlaqədar 4 Sərəncam imzalamışdır.
Toplantıda iqtisadi inkişaf nazirinin müavini Niyazi Səfərov çıxış edərək ümummilli lider Heydər Əliyevin dövlətçiliyimizin möhkəmləndirilməsi, iqtisadiyyatımızın inkişafı istiqamətində gördüyü işlər barədə geniş məlumat vermişdir.
Qeyd olunmuşdur ki, Ümummilli Liderin xalqın təkidli tələbi ilə yenidən hakimiyyətə qayıdışından sonra ölkədə siyasi sabitlik bərqərar olmuş, iqtisadi tənəzzülün qarşısı alınmış, irimiqyaslı iqtisadi islahatlara başlanılmışdır.
1994-cü ildə dünyanın aparıcı transmilli neft şirkətləri ilə "Əsrin müqaviləsi" imzalanmış və bununla da ölkənin enerji təhlükəsizliyinin möhkəm təməli qoyulmuşdur. Ulu Öndərin rəhbərliyi ilə planlı iqtisadi sistemdən liberal bazar iqtisadiyyatına keçid üçün digər sahələrdə də genişmiqyaslı islahatlar həyata keçirilmişdir.
Görülən genişmiqyaslı işlərin nəticəsində 1995-2003-cü illər ərzində ümumi daxili məhsul 90,1 faiz, dövlət büdcəsinin gəlirləri 3 dəfə, kənd təsərrüfatı istehsalının həcmi 53,9 faiz, xarici ticarət dövriyyəsi 4 dəfə artmış, inflyasiyanın səviyyəsi 2-3 faizə qədər endirilmişdir.
Qazanılmış nailiyyətlər sonrakı illərdə də ölkə iqtisadiyyatının davamlı və dayanıqlı inkişafı üçün möhkəm zəmin yaratmışdır.
Bu gün Heydər Əliyev siyasi xəttinin Prezident İlham Əliyev tərəfindən qətiyyətlə davam etdirilməsi nəticəsində ölkəmizin iqtisadi inkişafı davamlı xarakter almış, Azərbaycan siyasi və makroiqtisadi baxımdan sabit, davamlı və dayanıqlı iqtisadi inkişafa malik ölkəyə, Avropanın enerji təhlükəsizliyinin təmin olunmasında etibarlı tərəfdaşa, qlobal enerji və nəqliyyat layihələrinin iştirakçısına, beynəlxalq tədbirlər məkanına çevrilmişdir.
Tədbirdə İqtisadi İnkişaf Nazirliyinin regionların inkişafı və dövlət proqramları şöbəsinin müdir müavini Fərrux Dadaşov "Heydər Əliyev və Azərbaycan regionlarının inkişafı", nazirliyin sahibkarlığın inkişafı siyasəti şöbəsinin müdiri Zaur Qasımov "Heydər Əliyev və Azərbaycanda sahibkarlığın inkişafı", Bakı Biznes Tədris Mərkəzinin direktoru Akif Fərruxov "Heydər Əliyev və Azərbaycanda insan kapitalının inkişafı", İqtisadi İslahatlar Elmi-Tədqiqat İnstitutunun direktor müavini Rofət Hüseynəliyev "Heydər Əliyevin iqtisadi inkişaf strategiyası" mövzularında çıxışlar etmişlər.
Çıxış edənlər Ulu Öndərin yorulmaz fəaliyyəti nəticəsində Azərbaycanın tərəqqisi, beynəlxalq aləmdə nüfuzunun artması, milli iqtisadiyyatın və sahibkarlığın inkişafı istiqamətində qazanılmış tarixi nailiyyətlər barədə geniş məlumat vermişlər.
Sonda sahibkarları maraqlandıran suallar cavablandırılmışdır.
AzərTAc