Avropa Azərbaycan Cəmiyyəti (AAC) Avropa Parlamentinin (AP) deputatları Eleni Teokarus, Frank Engel, Evald Stadler və Kriakos Triandafilidesin daxil olduğu nümayəndə heyətinin aprelin 26-da Azərbaycanın işğal altında olan Dağlıq Qarabağ regionuna səfərini qəti şəkildə pisləyən bəyanat yaymışdır.
AAC-dan AzərTAc-a bildirmişlər ki, Cəmiyyət bu səfərin münaqişənin həlli istiqamətindəki sülh prosesinə, o cümlədən Ermənistanı öz hərbi qüvvələrini işğal etdiyi Dağlıq Qarabağ və ona bitişik yeddi rayondan çıxarmağa çağıran ATƏT-in Minsk qrupunun fəaliyyətinə ciddi zərbə vurduğunu diqqətə çatdırmışdır.
AAC-ın Belçika nümayəndəliyinin rəhbəri Roman Huna son beş il ərzində Avropa İttifaqı və Azərbaycan arasında konstruktiv tərəfdaşlığın mövcud olduğunu vurğulamışdır. O, Aİ-nin Azərbaycan ilə əməkdaşlığının enerji təhlükəsizliyi, mədəni mübadilə və siyasi tərəfdaşlığa əsaslandığını bildirmişdir.
R.Huna demişdir: "Biz hesab edirik ki, Avropa Parlamentinin nümayəndə heyətinin Dağlıq Qarabağa səfəri beynəlxalq hüquqa ziddir. Bu addım Aİ-nin strateji tərəfdaşı və BMT Təhlükəsizlik Şurasının üzvü olan Azərbaycan Respublikasının ərazi bütövlüyünə və suverenliyinə qarşı hörmətsizlikdir".
AAC-nin Dağlıq Qarabağ münaqişəsinin sülh yolu ilə həllinə tərəfdar olduğunu söyləyən R.Huna bildirmişdir ki, təmsil etdiyi qurum Azərbaycanda və Avropada olan nümayəndəlikləri arasında informasiya mübadiləsinə öz töhfəsini verməyə çalışacaqdır.
AzərTAc