Mayın 1-də Azərbaycan Respublikasının Prezidenti yanında Dövlət İdarəçilik Akademiyasının (DİA) və Bakı Şəhər Gənclər və İdman Baş İdarəsinin (BŞGİBİ) birgə təşkilatçılığı ilə "Heydər Əliyev və Azərbaycanda gənclər siyasəti" mövzusunda konfrans keçirilmişdir.
AzərTAc xəbər verir ki, ümummilli lider Heydər Əliyevin 90 illik yubileyinə həsr olunmuş konfransı açan akademiyanın prorektoru Əlikram Abdullayev Ulu Öndərin milli ideologiyanın formalaşmasında rolundan, Azərbaycan xalqı qarşısında əvəzsiz xidmətlərindən, elm və təhsilə göstərdiyi diqqət və qayğıdan danışmışdır. Bildirilmişdir ki, ulu öndər Heydər Əliyev ölkəmizə rəhbərlik etdiyi bütün dövrlərdə Azərbaycan xalqının ictimai-sosial fikrinin öyrənilməsinə, insan problemlərinə xüsusi diqqət və qayğı göstərmişdir. Ümummilli Lider Azərbaycan xalqına, bugünkü və gələcək nəsillərə zəngin ideya-nəzəri irs qoyub getmişdir.
Azərbaycanda gənclər siyasətinin formalaşdırılmasının ulu öndər Heydər Əliyevin adı ilə sıx bağlı olduğunu diqqətə çatdıran BŞGİBİ-nin rəisi Raqif Abbasov vurğulamışdır ki, bu siyasət sahəsində normativ hüquqi aktlar, habelə gənclərin forumlarının keçirilməsi, fevralın 2-nin Azərbaycan Gəncləri Günü elan edilməsi bu istiqamətdə atılmış mühüm addımlardır.
R.Abbasov bildirmişdir ki, ümummilli lider Heydər Əliyev gənclərin problemləri ilə daim maraqlanmış, onların sağlam və hərtərəfli inkişafı üçün dövlət səviyyəsində tədbirlərin görülməsi ilə bağlı bir çox fərman və sərəncamlar imzalamışdır. Hazırda ölkəmizdə dövlət gənclər siyasəti Prezident İlham Əliyev tərəfindən uğurla davam etdirilir. Dövlət müstəqilliyimizin layiqincə qorunub saxlanılmasında mühüm xidmətləri olan gənclərin sosial problemləri həll olunur.
Azərbaycan Ağsaqqallar Şurasının sədri, Milli Məclisin deputatı Fəttah Heydərov və onun müavini Sudeyif İmamverdiyev, DİA-nın dosenti, "Azərbaycan Respublikası Dağlıq Qarabağ Bölgəsinin Azərbaycanlı İcması" İctimai Birliyinin analitik-informasiya mərkəzinin müdiri Elçin Əhmədov, DİA Tələbə Gənclər Təşkilatının sədri Toğrul Niyazlı əsası ulu öndər Heydər Əliyev tərəfindən qoyulmuş və Prezident İlham Əliyev tərəfindən uğurla davam etdirilən dövlət gənclər siyasətindən, gənclərin Azərbaycan cəmiyyətindəki rolundan, ölkənin ictimai-siyasi, iqtisadi və mədəni həyatında fəal iştirakından, idmanda, təhsildə və digər sahələrdə qazandıqları uğurlardan danışmışlar.
Sonda təhsildə və ictimai işlərdə fərqlənmiş bir qrup müəllim və tələbəyə fəxri fərman və hədiyyələr təqdim edilmişdir.
AzərTAc