PDF Oxu

Siyasət

  • 17

Azərbaycan neft və qazın Mərkəzi Asiyadan Avropaya nəql edilməsində geniş infrastruktur şəbəkəsinə malik tranzit dövlətə çevriləcəkdir

Azərbaycan neft və qazın Mərkəzi Asiyadan Avropaya nəql edilməsində geniş infrastruktur şəbəkəsinə malik tranzit dövlətə çevriləcəkdir

Azərbaycan Respublikasının Prezidenti yanında Strateji Araşdırmalar Mərkəzi (SAM) aprelin 30-da ABŞ-ın Vudro Vilson Beynəlxalq Mərkəzində "Nabukko sonrası: Cənub qaz dəhlizi və Avropanın enerji təhlükəsizliyində yeniliklər" mövzusunda konfrans keçirmişdir.

Konfransda "Regiona və Cənub dəhlizinə strateji baxış" mövzusunda məruzə ilə çıxış edən SAM-ın direktoru Fərhad Məmmədov demişdir ki, enerji məsələsi bütün dünyada olduğu kimi, Azərbaycanda da aktuallığını saxlayır. Enerji, xüsusilə də neft amili son 160 ildə Azərbaycan dövlətinin və xalqının taleyində həlledici rol oynayır. Bununla belə, ölkəmizin zəngin təbii ehtiyatları yalnız 22 il əvvəl, Azərbaycan öz müstəqilliyini bərpa etdikdən sonra dövlətimizin sərvətinə çevrilmiş və onun inkişafına yönəldilmişdir.

F.Məmmədov bildirmişdir ki, 1993-cü ildə ümummilli lider Heydər Əliyev yenidən hakimiyyətə gəldikdən sonra Azərbaycanın neft strategiyasının əsas konturları və mərhələləri müəyyən edilmişdir. İlk dövrdə qarşıda duran əsas vəzifələr ölkədə ictimai-siyasi sabitliyin bərpası, Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin sülh yolu ilə nizamlanması üçün atəşkəs rejiminin əldə edilməsi və xarici ölkələrdən dəstək alan yerli silahlı qüvvələrin neytrallaşdırılması olmuşdur. Strategiyanın ikinci mərhələsi Xəzər dənizinin dərin qatlarındakı neft yataqlarında kəşfiyyat işlərinin aparılması və neftin nəql olunması ilə əlaqədar idi. Bu vəzifələrin icrası üçün Azərbaycan o dövrdə kifayət qədər istehsal gücünə və mükəmməl texnologiyalara malik deyildi. Məhz "Əsrin müqaviləsi"nin imzalanması nəticəsində bu məsələ öz həllini tapmış, Azərbaycana həcmi milyard dollarlarla ölçülən sərmayələr qoyulmuş, müasir istehsal texnologiyalarının tətbiqinə başlanılmışdır.

SAM-ın direktoru demişdir: "1994-cü ildən sonra neft strategiyasının üçüncü mərhələsinin həyata keçirilməsinə – neftin dünya bazarına çıxarılması üçün şaxələndirmə marşrutlarının formalaşdırılmasına başlanmışdır. Bu zaman əsas vəzifə başqalarının irəli sürə biləcəyi ağır şərtlərdən asılılığı aradan qaldırmaq məqsədi ilə bir marşrutla kifayətlənməmək və boru kəmərinin tam hüquqlu sahibi olmaq idi. Azərbaycan buna 2005-ci ilin may ayında – Bakı-Tbilisi-Ceyhan boru kəməri istismara buraxılandan sonra nail oldu. 2006-cı il iyunun 1-dən cari il aprelin 1-dək ölkədən 212 milyon 795,576 ton neft ixrac edilmişdir.

Fərhad Məmmədov qeyd etmişdir ki, ixrac marşrutlarının müəyyən edilməsindən sonra Azərbaycan dövlətinin qarşısında duran əsas məsələ neftin ən yüksək qiymətlə satışa çıxarılması və əldə edilən maliyyə vəsaitinin toplanması üçün şəffaf strukturun yaradılması idi. Bu məqsədlə 2001-ci ildə Dövlət Neft Fondu təsis edilmişdir. İlk dövrlərdə Fondun aktivləri 270 milyon ABŞ dolları olduğu halda, hazırda 34,325 milyard dollara çatdırılmışdır. Direktor demişdir: "Cənub enerji dəhlizinin formalaşmasında əhəmiyyətli mövqeyə sahib olan Azərbaycan öhdəsinə düşən vəzifələri məsuliyyətlə yerinə yetirir. Azərbaycan Prezidenti İlham Əliyev bildirmişdir ki, ölkəmiz etibarlı tərəfdaş olduğunu öz işi ilə sübuta yetirmişdir. Rəsmi Bakı 1994-cü ildə imzalanmış müqavilənin bütün şərtlərinə əməl etməklə yanaşı, özünün milli maraqlarını təmin edir və tərəfdaşları ilə əlaqələri genişləndirir".

Azərbaycan dövlətinin enerji siyasətində siyasi amillərin minimuma endirilməsinin vacibliyinə həmişə xüsusi önəm verdiyini söyləyən F.Məmmədov bildirmişdir ki, Trans-Anadolu təbii qaz boru kəmərinin (TANAP) çəkilişinə dair Azərbaycanın və Türkiyənin birgə təşəbbüsü bu mövqenin bariz nümunəsidir. Bildirilmişdir ki, həmin təşəbbüs "Nabukko" layihəsinin reallaşdırılması ətrafında uzun illər davam edən və nəticəsiz qalan müzakirələrdən sonra irəli sürülmüşdür. "Nabukko" layihəsində maraqlı olan tərəflərin heç biri onun həyata keçirilməsi istiqamətində əməli fəaliyyət göstərməmiş, məsuliyyəti öz üzərinə götürməkdən çəkinmişdir. Azərbaycanın bu addımı isə ölkəmizin neft strategiyasından irəli gələn mərhələli vəzifələrin – neft və qazın dünya bazarına çıxarılması və konkret ünvana, istehlakçıya çatdırılmasının məntiqi davamıdır. SAM-ın direktoru diqqətə çatdırmışdır ki, ənənəvi olaraq "neft ölkəsi"adlandırılan Azərbaycan yaxın perspektivdə qaz ixracatçısına, neft və qazın Mərkəzi Asiyadan Avropaya nəql edilməsində geniş infrastruktur şəbəkəsinə malik tranzit dövlətə çevriləcəkdir.

Sonra konfrans iştirakçılarının sualları cavablandırılmışdır.

yap.org.az

Digər xəbərlər