Məlum olduğu kimi, Ümummilli Lider Heydər Əliyevin 90 illik yubileyi ölkəmizdə geniş şəkildə qeyd edilməkdədir. Məhz müasir Azərbaycanın qurucusu və dahi siyasi şəxsiyyət olan Heydər Əliyevin fəaliyyətinin bir parçası da Azərbaycanda neft sənayesinin, xüsusilə, kimya və maşınqayırma sahələrinin inkişaf etdirilməsilə bağlıdır. Bu kontekstdə qeyd edilməlidir ki, Ümummilli Lider Heydər Əliyev, həm keçmiş Sovet İttifaqı dövründə, həm də müstəqillik illərində bu sahəyə xüsusi diqqət yetirmişdir. Təsadüfi deyil ki, 1969-cu ildən başlayaraq Azərbaycanın xalq təsərrüfatının bütün sahələri kimi neft və qaz sənayesinin də yüksək dinamik inkişaf mərhələsinə qədəm qoyması ilə səciyyələnir və bu da Ümummilli Liderimiz Heydər Əliyevin Azərbaycana rəhbərliyinin birinci dövrünə təsadüf edir.
Ümumiyyətlə, Azərbaycanın neft-qaz və maşınqayırma sənayesinin tarixi 1935-ci ildən başlayır. Azərbaycanın erkən neftçıxarma mərkəzi kimi inkişafı nəticəsində, respublikanın neft-maşınqayırma sənayesi keçmiş Sovet İttifaqının neft maşınqayırma sənayesinin özəyi hesab olunurdu. Keçmiş Sovetlər İttifaqı bütün neftçıxarma ərazilərində neft və qazın çıxarılması və quyuların cari və əsaslı təmiri xidməti üçün avadanlığın 70%-ə qədəri Azərbaycanda istehsal olunurdu.
Məhz Ümummilli Lider Heydər Əliyevin bu sahədəki ən əsaslı faəliyyətlərindən biri də, Bakı şəhəri, 22 mart 2001-ci il tarixli Sərəncamı ilə "Azneftkimyamaş" açıq səhmdar cəmiyyətinin yaradılması olmuşdur. Bu Sərəncam iqtisadiyyatın liberallaşdırılması, sahibkarlığın genişləndirilməsi və investisiyaların cəlb olunması yolu ilə iqtisadiyyatın daha sürətlə inkişafını və onun səmərəliliyinin artırılmasını təmin etmək məqsədini daşımaqda davam etməkdədir.
Ümummilli Lider Heydər Əliyevin "Azərbaycanın böyük neft və qaz sərvətlərinə malik olması bizim xalqımızın xoşbəxtliyidir və bu gün üçün, gələcək üçün, xalqımızın yaxşıyaşaması üçün ölkəmizin inkişaf etməsi üçün ən əsas amildir" fikirlər hər zaman neft sənayesinin inkişafına təkan verməkdədir.
Azərbaycan neft sənayesi özünün 150 illik tarixi ərzində böyük inkişaf yolu keçmişdir. Lakin Azərbaycan xalqı yalnız XX əsrin sonralarında müstəqillik qazandıqdan sonra bu sərvətlərdən tam bəhrələnmək imkanı qazanmışdır. Bu imkanı reallığa çevirən isə Heydər Əliyev dühasıdır.
70-ci illərin əvvəllərindən etibarən Xəzərdə planlı surətdə geoloji-kəşfiyyat işlərinin təşkili və həyata keçirilməsi də Heydər Əliyevin misilsiz tarixi xidmətlərindəndir. Bu gün qətiyyətlə demək olar ki, Heydər Əliyevin bu illərdə, respublikanın həyatının bütün sahələrində olduğu kimi, neft sənayesində də gördüyü işlər onun uzaqgörən planlarının - Azərbaycanı "Əsrin müqaviləsi"nə, xalqımızın müstəqilliyinə və rifahına doğru aparmaq niyyətlərinin əsasını təşkil edirdi.
1994-cü il sentyabrın 20-də Bakıda "Gülüstan" sarayında Qərbin neft şirkətləri ilə bağlanmış neft sazişi müstəqil Azərbaycan Respublikasının yeni tarixinin şanlı səhifəsini açdı. Sonradan haqlı olaraq "Əsrin müqaviləsi" adlandırılan bu saziş həqiqətən müstəqil Azərbaycanın neft sənayesinin inkişafında xüsusi rolu oldu.
Yeri gəlmişkən qeyd etməliyik ki, Ümummilli Lider Heydər Əliyevin müəyyən etdiyi neft sənayesinin inkişafına dair iqtisadi-siyasi kurs, hal-hazırda Cənab Prezident İlham Əliyev sayəsində layiqli şəkildə tətbiq olunur. Məhz Azərbaycan üçün şaxələndirilmiş iqtisadi gücə istinad edilərək uğurların qazanılması, eyni zamanda, neft sənayesi sahəsini də əhatə edir. Nəticədə, Ümummilli Lider Heydər Əliyevin siyasi irsi və iqtisdadi dühası, hər zaman Azərbaycanın neft-qaz sənayesinin inkişafına səbəb olmuş və hal-hazırda da səbəb olmaqdadır.
Rəşad İlyasov,fəlsəfə doktoru