PDF Oxu

Siyasət

  • 19

Sosial müdafiə və sosial təminatın gücləndirilməsi Ulu Öndər Heydər Əliyev ideyalarının gerçəkliyidir

Sosial müdafiə və sosial təminatın gücləndirilməsi Ulu Öndər Heydər Əliyev ideyalarının gerçəkliyidir

Dahi şəxsiyyət, təkrarolunmaz idarəçiliyi ilə seçilən müasir Azərbaycanın qurucusu Ümummilli Lider Heydər Əliyev xalqımızın sosial müdafiəsi və sosial təminatının təməlini XX əsrin 90-cı illərin əvvəllərindən başlayaraq qoyubdur. Ölkəmizdə düzgün qurulan, möhkəm təmələ əsaslanan daxili və xarici siyasətin nəticəsidir ki, Azərbaycan qısa zaman kəsiyində sabitlik diyarı, sosial-iqtisadi cəhətdən dinamik inkişaf edən, beynəlxalq münasibətlərdə fəal iştirak edən ölkə kimi tanındı və nüfuz sahibi oldu. Sentyabr ayının 20-də 1994-cü il tarixində "Əsrin müqaviləsi"nin imzalanması bir daha Azərbaycanın nüfuzunun beynəlxalq aləmdə yeri və rolunun yüksəkliyini təsdiqlədi.Müasir Azərbaycan dövlətinin memarı və qurucusu, xalqının və dövlətinin müstəqilliyi, inkişafı naminə böyük və əvəzedilməz işlər görmüş, bununla da tarixi proseslərə təsir göstərmiş, hər zaman qürur hissi ilə xatırlayacağımız dahi şəxsiyyət Heydər Əliyev xalqının və dövlətinin milli mənafeyini hər şeydən uca tutan bir rəhbər idi. Bu gün Ulu Öndərimizin ideyalarını uğurla həyata keçirən Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev xalqımızı inamla gələcəyə doğru aparır.

Hər bir cəmiyyətdə mütləq çoxluğun mənafeyini ifadə edən, real təminatlara söykənən iqtisadi siyasətin həyata keçirilməsi davamlı tərəqqinin vacib şərtlərindən biridir. İqtisadi inkişaf prioritetlərinin düzgün müəyyənləşdirilməsi ümumi məqsəd və strategiyanın reallaşdırılmasına imkan yaradır, habelə, modernləşmənin vacib amilinə çevrilir. Bu baxımdan əminliklə qeyd etmək olar ki, müstəqil Azərbaycanın son illərdə əldə etdiyi böyük makroiqtisadi uğurlar, ilk növbədə, sistemli və ardıcıl şəkildə gerçəkləşdirilən uğurlu islahatların nəticəsidir.

Bazar münasibətlərinə söykənən liberal iqtisadi sistemin qurulmasına, vətəndaşların iqtisadi azadlığına, təşəbbüskarlığına geniş meydan verilməsinin, Azərbaycanın zəngin təbii sərvətlərindən səmərəli istifadə edilməsinin, respublikanın investisiya cəlbediciliyinin yüksəldilməsinin və digər konseptual əhəmiyyətli tədbirlərin nəticəsi olaraq son on ildə Azərbaycan iqtisadiyyatı yeni keyfiyyət parametrləri ilə sürətlə inkişaf edir.

Belə ki, son illərdə qəbul olunmuş və ölkə başçısı cənab İlham Əliyev tərəfindən təsdiq edilmiş regionların sosial-iqtisadi inkişafı Dövlət Proqramları (2004-2008-ci illər və 2009-2013-cü illər) ölkəmizin uğurlu inkişafı üçün ən vacib iqtisadi alətə çevrilib.

Prezident İlham Əliyev vurğulayıb ki, regionların sosial-iqtisadi inkişafı Dövlət Proqramı, əslində, ölkəmizin uğurlu, dayanaqlı inkişafı, iqtisadiyyatımızın şaxələndirilməsi üçün ən vacib və ən əsas iqtisadi alətə çevrilib. Bu baxımdan qeyd etmək lazımdır ki, ölkəmizin iqtisadi inkişafının əsas baza sütunlarından birinə çevrilən regionların sosial-iqtisadi inkişafı Dövlət Proqramı respublikamızın sıçrayışlı inkişafını təmin etməklə yanaşı, insanların sosial həyatının daha da yaxşılaşmasında, regionlarda quruculuq işlərinin sürətləndirilməsində, infrastrukturunun yaxşılaşmasında çox mühüm rol oynayıb.

Yoxsulluğun azaldılması, sahibkarlıq fəaliyyətinin genişləndirilməsi istiqamətində son illərdə aparılan mühüm tədbirlərin nəticəsi olaraq ölkədə yoxsulluq dərəcəsi 10 faizə enmiş, özəl sektorun xüsusi çəkisi artmışdır ki, bu da əhalinin sosial müdafiəsi və sosial təminatının gücləndirilməsinin təzahürü kimi qiymətləndirilir.

Bu gün Azərbaycanın sosial-iqtisadi inkişaf sahəsindəki uğurları beynəlxalq aləm tərəfindən təqdir olunduqca ölkəmizin siyasi arenadakı nüfuzu daha sürətlə artır. Artıq dünyanın elə bir mötəbər tribunası yoxdur ki, oradan rəsmi Bakının bəyanatları səslənməsin. Dünyanın aparıcı beynəlxalq təşkilatları və tanınmış siyasətçilər Azərbaycanın reallaşdırdığı hərtərəfli islahatları inkişaf etməkdə olan ölkələr üçün nümunə kimi göstərirlər. Beynəlxalq reytinq mərkəzləri və nüfuzlu kütləvi informasiya vasitələri ölkəmizin müxtəlif sahələrdəki uğurlarını yüksək qiymətləndirirlər. Azərbaycanda həyata keçirilən düşünülmüş çevik makroiqtisadi siyasət nəticəsində son illərdə qiymətlərin sabitliyi qorunmuş, inflyasiya birrəqəmli səviyyədə olmuş, bank sektorunda maliyyə sabitliyi və dayanaqlıq təmin edilmişdir. Qeyri-neft sektorunun iqtisadi artımının, məşğulluğun, büdcə və valyuta gəlirlərinin əsas mənbəyinə çevrilməsi iqtisadi strategiyanın başlıca prioriteti hesab edilir.

Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin rəhbərliyi altında son onillikdə əldə olunmuş nailiyyətlər təsdiq edir ki, Azərbaycan yeni çağırışları qarşılamağa hazırdır və bunun üçün adekvat inkişaf strategiyasına malikdir. Qeyd etmək lazımdır ki, "Elm və texnologiyalar əsri" adlandırılan XXI əsrdə hər bir dövlət yüksək texnologiyaların qlobal iqtisadiyyatda tutduğu mövqenin əhəmiyyətini də çox gözəl anlayır.

Bu gün qlobal iqtisadi inkişafın gələcəyini müəyyənləşdirən texnologiyalar dünyanın ən aparıcı dövlətlərinin həyata keçirdikləri siyasətdə əsas xətti təşkil edir. Surətlə yayılmaqda olan informasiya-kommunikasiya texnologiyaları və onların fonunda formalaşaraq yeni inkişaf vüsəti qazanan qloballaşma prosesləri ölkənin sosial-iqtisadi həyatına birbaşa təsir göstərməkdədir. Heç də təsadüfi deyil ki, artıq dünya dövlətlərinin iqtisadi üstünlüyü də məhz texnologiyalara yiyələnməyə, onların mənimsəmə gücünə əsaslanır. Bu baxımdan makro və mikroiqtisadi göstəricilərin önündə bu gün məhz həmin ölkələrdə informasiya-texnologiyalarının tutduğu yer və onun inkişafı durur. Bu reallıqları əsas tutaraq respublika Prezidenti cənab İlham Əliyev 2013-cü ili Azərbaycan Respublikasında "İnformasiya-Kommunikasiya Texnologiyaları ili" elan edib.

Azərbaycan Respublikasının sosial-iqtisadi inkişafını təzahür etdirən makroiqtisadi göstəricilər hər il artımla müşahidə olunur. Belə ki, ölkənin inkişafını xarakterizə edən əsas makroiqtisadi göstərici-ümumdaxili məhsul istehsalı - 2010-cu ildə 52,9 milyard ABŞ dolları, 2011-ci ildə 64,8 milyard ABŞ dolları və 2012-ci ildə 69,0 milyard ABŞ dollarına çatmışdır. Ümumdaxili məhsulun 50,0 faizdən artıq sənaye sahələrində, 5,2 faizi kənd təsərrüfatı, 9,2 faizi tikinti kompleksində, 8,4 faizi ticarət və pullu xidmət sahələrində, 5,5 faizi nəqliyyatda, 1,7 faizi rabitədə, 13,8 faizi digər xidmətlər və sosial sahələrdə yaradılmışdır. 2010-cu ildə əhalinin sayına görə hər nəfərə 5900 ABŞ dolları, 2011-ci ildə 7112,2 ABŞ dolları, 2012-ci ildə 7490,5 ABŞ dolları əlavə dəyər (ÜDM) istehsal olunmuşdur. Son 3 ildə əhalinin orta aylıq əmək haqqı artaraq 2010-cu ildə 422 ABŞ dolları, 2011-ci ildə 465 ABŞ dolları olmaqla, 2012-ci ildə iqtisadiyyatın ayrı-ayrı sahələrində işləyənlərin orta aylıq əmək haqqı daha yüksək olmuş və sənayedə 760 ABŞ dolları, informasiya və rabitə sahəsində 790 ABŞ dolları təşkil etmişdir.

Statistik göstəricilərə diqqət yetirməklə, belə bir qənaətə gəlmək olar ki, əhalinin sosial müdafiəsi və sosial təminatı istiqamətində aparılan məqsədyönlü tədbirlərin nəticəsi olaraq milli iqtisadiyyatın müxtəlif sferalarında çalışan işçilərin orta aylıq əmək haqqı ilbəil artımla müşahidə olunur. 2000-ci il ilə müqayisə etsək, görərik ki, bu dövrdə orta aylıq nominal əmək haqqı 49,5 ABŞ dolları məbləğində olmuşdur. Əhalinin gəlirləri 2011-ci il ilə müqayisədə 2012-ci ildə 13,8 faiz artaraq, 44,2 milyard dollara, adambaşına düşən məbləği isə 12,2 faiz artaraq, 4820,8 ABŞ dollarına çatmışdır.

Ümumdaxili məhsulun istehsalında özəl sektorun payı 85 faizi ötmüşdür. Bununla yanaşı, ümümdaxili məhsulun tərkibində büdcədaxilolmaları və xərcləri beynəlxalq normaya uyğunlaşaraq 30 faizi ötüb keçmişdir.

Belə ki, əgər 2010-cu ildə dövlətin büdcə gəlirləri 11,4 milyard manat təşkil edirdisə, bu göstərici 2011-ci ildə 15,7 milyard manat, 2012-ci ildə 17,2 milyard manat məbləğində faktiki icra olunmuşdur. 2013-cü il üçün "Dövlət büdcəsi haqqında" Azərbaycan Respublikasının qanununa uyğun olaraq 19,16 milyard manat məbləğində büdcədaxilolmaları proqnozlaşdırılmışdır. Büdcə xərclərinin 50,0 faizə yaxını milli iqtisadiyyatın inkişafına, 1,1 faizi təhsilə, 11,5 faizi isə əhalinin sosial müdafiəsi və sosial təminatına yönəlmişdir.

Azərbaycanın bugünkü dinamik sosial-iqtisadi inkişafı əminliklə deməyə əsas verir ki, ölkəmiz yaxın gələcəkdə bütün sahələrdə dünyanın qabaqcıl ölkələrindən birinə çevriləcəkdir. Son 10 ilin uğurlu, dinamik inkişaf göstəriciləri cəmiyyətdə qəti olaraq belə bir rəy formalaşdırmışdır ki, Ulu Öndər Heydər Əliyevin ideyalarını müvəffəqiyyətlə həyata keçirən Prezident İlham Əliyev alternativsiz liderimizdir.

Arzu İsgəndərov,

Azərbaycan Respublikası

Milli Məclisin Sosial Siyasət

Komitəsinin eksperti

Digər xəbərlər