Ümummilli lider Heydər Əliyevin anadan olmasının 90 illiyi ilə əlaqədar mayın 1-də Naxçıvan Muxtar Respublikasının Bakı şəhərindəki daimi nümayəndəliyinin əməkdaşları Heydər Əliyev Fondunu ziyarət etmişlər.
AzərTAc xəbər verir ki, ziyarətçilərə Fondun fəaliyyəti haqqında məlumat verilmişdir. Bildirilmişdir ki, Fond Ümummilli Liderin zəngin irsini öyrənir və təbliğ edir, müxtəlif sosial-iqtisadi, mədəni layihələr həyata keçirməklə Azərbaycanın tərəqqisinə, mədəniyyətinin və tarixinin tanıdılmasına kömək göstərir.
Qeyd olunmuşdur ki, uzun müddətdir blokada şəraitinin ağırlığına mətanətlə sinə gərən Naxçıvan Muxtar Respublikası bu gün Ulu Öndərin işləyib hazırladığı strategiya nəticəsində dinamik inkişafı, tərəqqisi ilə seçilir. Təsadüfi deyil ki, bütün ölkəmizdə olduğu kimi, Naxçıvanda da uğurlu sosial-iqtisadi inkişaf müşahidə edilir. Məhz ümummilli lider Heydər Əliyevin Azərbaycanın iqtisadi nailiyyətlərinin təmin olunmasında özünəməxsus yeri olan Naxçıvana göstərdiyi diqqət və qayğısı sayəsində Muxtar Respublikada sistemli şəkildə reallaşdırılan islahatlar ümumi iqtisadi fəallığı daha da gücləndirmiş, investisiya cəlbediciliyi əhəmiyyətli dərəcədə yüksəlmişdir.
Heydər Əliyevin şəxsi arxivindən götürülmüş və onun fəaliyyətinin ayrı-ayrı dövrlərini əhatə edən, Ulu Öndərin həyatının ən müxtəlif məqamlarını əks etdirən, tariximizin bütöv bir dövrü barədə geniş təsəvvür yaradan şəkillərə və eksponatlara baxan qonaqlar görkəmli siyasi xadimin uşaqlıq və gənclik illərinə, Moskvada keçmiş SSRİ-nin rəhbərlərindən biri kimi genişmiqyaslı fəaliyyətinə aid materiallara, Bakı-Tbilisi-Ceyhan əsas neft ixrac boru kəmərinin keçdiyi ərazilərin maketinə də maraqla tamaşa etmişlər.
Sonda qonaqlar Heydər Əliyevin ömür yolundan bəhs edən "Böyük ömrün anları" sənədli filminə baxmışlar.
AzərTAc