PDF Oxu

Siyasət

  • 37

Veteran futbolçular arasında keçiriləcək beynəlxalq yoldaşlıq oyununun iştirakçıları Heydər Əliyev Fondunu ziyarət etmişlər

Veteran futbolçular arasında keçiriləcək beynəlxalq yoldaşlıq oyununun iştirakçıları Heydər Əliyev Fondunu ziyarət etmişlər

Ulu öndər Heydər Əliyevin 90 illik yubileyi ilə əlaqədar Bakıda veteran futbolçular arasında keçiriləcək beynəlxalq yoldaşlıq oyununun iştirakçıları mayın 1-də Heydər Əliyev Fondunu ziyarət etmişlər.

AzərTAc xəbər verir ki, ziyarətçilərə Fondun fəaliyyəti haqqında məlumat verilmişdir. Bildirilmişdir ki, Ümummilli Liderin zəngin irsini öyrənərək təbliğ edən Fond müxtəlif sosial-iqtisadi, mədəni layihələr həyata keçirməklə Azərbaycanın tərəqqisinə, mədəniyyətinin və tarixinin tanıdılmasına kömək göstərir.

Qeyd olunmuşdur ki, Azərbaycanda idmanın inkişafına daim diqqət və qayğı göstərən Ulu Öndər ölkəmizdə Olimpiya və idman hərəkatının genişlənməsinin təşəbbüskarı və ilhamçısı idi. Ümummilli Liderin bu sahədə həyata keçirdiyi siyasət nəticəsində Azərbaycanda idmanın kütləviliyinə nail olunmuş, yüksək nailiyyətlər qazanılmışdır. Son bir neçə ildə respublikamız dünyanın idman mərkəzlərindən birinə çevrilmiş və ölkəmiz bir sıra mötəbər idman yarışlarına uğurla ev sahibliyi etmişdir.

Heydər Əliyevin şəxsi arxivindən götürülmüş və onun fəaliyyətinin ayrı-ayrı dövrlərini əhatə edən, Ulu Öndərin həyatının ən müxtəlif məqamlarını əks etdirən, tariximizin bütöv bir dövrü barədə geniş təsəvvür yaradan şəkillərə və eksponatlara baxan qonaqlar görkəmli siyasi xadimin uşaqlıq və gənclik illərinə, Moskvada keçmiş SSRİ-nin rəhbərlərindən biri kimi genişmiqyaslı fəaliyyətinə aid materiallara, Bakı-Tbilisi-Ceyhan əsas neft ixrac boru kəmərinin keçdiyi ərazilərin maketinə də maraqla tamaşa etmişlər. Veteran futbolçular Heydər Əliyev Fondundan zəngin təəssüratla ayrılmışlar.

AzərTAc

Digər xəbərlər