PDF Oxu

Siyasət

  • 24

Ulu öndər Heydər Əliyev veteranların hüquqlarının bərpa olunmasına, onların problemlərinin həllinə daim həssaslıqla yanaşmışdır

Ulu öndər Heydər Əliyev veteranların hüquqlarının bərpa olunmasına, onların problemlərinin həllinə daim həssaslıqla yanaşmışdır

Ulu öndər Heydər Əliyevin anadan olmasının 90 illiyi münasibətilə Respublika Veteranlar Şurası aparatının kollektivi mayın 1-də Heydər Əliyev Fondunda olmuşlar.

AzərTAc xəbər verir ki, veteranlara Fondun fəaliyyəti barədə ətraflı məlumat verilmişdir. Bildirilmişdir ki, Ümummilli Liderin zəngin irsini öyrənən və təbliğ edən Fond müxtəlif sosial–iqtisadi, mədəni layihələr həyata keçirməklə Azərbaycanın tərəqqisinə, mədəniyyətinin və tarixinin tanıdılmasına kömək edir.

Qeyd olunmuşdur ki, Böyük Vətən müharibəsində yüz minlərlə azərbaycanlı bir əqidə, bir fikir - Vətəni müdafiə etmək əzmi ilə cəbhəyə getmiş, bu yolda canlarından keçmişlər. Müstəqilliyimizin ilk illərində isə müharibə veteranları diqqətdən kənarda qalmış, hətta 9 May - Qələbə gününün qeyd olunması unudulmuşdu. Yalnız ümummilli lider Heydər Əliyevin 1993-cü ildə Azərbaycanda yenidən rəhbərliyə qayıdışından sonra veteranların bir çox problemləri həll edilmiş, onlar daim diqqət və qayğı ilə əhatə olunmuşlar. Böyük Liderin səyi nəticəsində 9 May - Qələbə günü dövlət bayramları sırasına daxil edilmiş, Böyük Vətən müharibəsi əlilləri və iştirakçılarının sosial müdafiəsinin gücləndirilməsi işlərinə başlanılmışdır. Veteranların hüquqlarının bərpa olunmasına, onların problemlərinin həllinə daim həssaslıqla yanaşan Ulu Öndərin rəhbərliyi ilə bu sahədə reallaşdırılan tədbirlər veteranların daha da fəallaşmasına, gənclərin hərbi vətənpərvərlik ruhunda tərbiyə edilməsində onların üzərinə düşən vəzifələrin ardıcıl yerinə yetirilməsinə müsbət təsir göstərmişdir.

Heydər Əliyevin şəxsi arxivindən götürülmüş və onun fəaliyyətinin ayrı-ayrı dövrlərini əhatə edən, Ulu Öndərin həyatının ən müxtəlif məqamlarını əks etdirən, tariximizin bütöv bir dövrü barədə geniş təsəvvür yaradan eksponatlara diqqətlə baxan veteranlar görkəmli siyasi xadimin uşaqlıq və gənclik illərinə, Moskvada keçmiş SSRİ-nin rəhbərlərindən biri kimi genişmiqyaslı fəaliyyətinə aid materiallara, Bakı-Tbilisi-Ceyhan əsas neft ixrac boru kəmərinin keçdiyi ərazilərin maketinə də maraqla tamaşa etmişlər.

Sonda Heydər Əliyevin ömür yolundan bəhs edən "Böyük ömrün anları" sənədli filminə baxan qonaqlar Fonddan zəngin təəssüratla ayrılmışlar.

AzərTAc

Digər xəbərlər